Azərbaycanın Gender siyasəti Hadisə

Azərbaycanın Gender siyasəti

Gənc bir qadın Mark Tvendən soruşur:
- Sizə elə gəlmirmi ki, ən yaxşı hakim qadınlar ola bilər?
- Təkcə hakim yox,- deyə Mark Tven etiraz edir, - həm də ən yaxşı cəllad!
Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.
1995-ci ildən Azərbaycan Respublikası qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul edib və onlara qoşulub. Mərhum prezident Heydər Əliyev tərəfindən 2000-ci ilin mart ayında "Azərbaycan Respublikasında dövlət qadınlar siyasətinin həyata keçirilməsi haqda" Fərman imzalanıb. Gender bərabərliyinin təmin edilməsi istiqamətində nəzərdə tutulan məqsəd və vəzifələr "Azərbaycan 2020: Gələcəyə baxış" Konsepsiyasında öz geniş əksini tapıbr. Bu sahə ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başçılığı ilə Azərbaycanda beynəlxalq tədbirlər keçirilib, qadının cəmiyyətdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb. Artıq ölkəmizdə gender siyasəti üçün münbit şərait yaradılıb.
"Azərbaycan-2020: Gələcəyə baxış" Konsepsiyasının "Gender bərabərliyinin təmin olunması və ailənin inkişafı" bölməsində qeyd edilib: "Ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər gerçəkləşdiriləcəkdir. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcəkdir."
İnsanların cinsinə görə fərqləndirilməsi uzun illər cəmiyyətlərin əsas nöqsanlarından olub. Eynilə Azərbaycanda da gender bərabərsizliyi tarixən müşahidə edilən fakt idi. Amma müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulan ölkəmizdə gender bərabərliyi prinsipinə də həssaslıqla yanaşılır.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan BMT-nin "Qadınların siyasi hüquqları" üzrə konvensiyasına, 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub.
Gender bərabərliyin birinci şərti "Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu"nda tam ödənilir. Qanun bu bərabərliyə təminat verir. Belə qanunlar dünyanın bütün ölkələrində qəbul olunsa da, hər zaman qadınlar kişilərə, kişilər də, təbii ki, qadınlara münasibətdə "müdafiə edilən" və "müdafiə olunmaq istəyən" mövqedən yanaşırlar. Bunun səbəbi isə gender bərabərliyinin ikinci şərtinin, yəni bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların pozulmasıdır. Buradan başlayaraq, qadın-kişi münasibətləri cəmiyyət müstəvisinə keçir. Bu zaman isə qadın müttəhim kürsüsünə əyləşir. Hakim və cəllad da elə qadındır.
Gender bərabərliyi cəmiyyətdə daha çox qadınların hüquqlarının müdafiəsi və qorunması kimi başa düşülür. Marşurutlarda qadınlara yol verilməsi, qadına xüsusi hörmətin tələb edilməsi, "o qadındır" ifadəsi qadın hüququ kimi dərk edilir. Əslində isə bu deyilənlər hüquq anlayışına deyil, normal davranış qaydalarına aiddir. Burada ümumi keyfiyyətlərdən daha çox, fərdi və şəxsi keyfiyyətlər üstün tutulur. Etika, mədəniyyət, tərbiyə və s. kimi istənilən qədər anlayışları bura aid etmək olar.
Ailədə isə bu bərabərlik həm qadınlar, həm də kişilər tərəfindən pozulur. Qadın və kişi vəzifə bölgüsü aparır: Qadın ev işləri ilə məşğul olmalı, uşaqları tərbiyə etməli, kişi isə evə pul gətirməlidir. Matriarxal və patriarxal dövrün qalıqları bu gün də əksər ailələrdə hökm sürür. Bu zaman isə kişi bu bərabərliyi pozur, daha doğrusu, qadın tərəfindən pozulmasına şərait yaradır.Kişilər hər nə qədər "evin ağası mənəm" iddia etsələr də, qadın ailədə hakimliyini edir və öz siyasətini gələcəyin kişi və qadınına ötürür. Güclü siyasətçi isə yenə qadın olur. O həm də "cəllad" ola bilər. Kişi isə ailədə övladı üzərində hakimlik hüququnu yarıbayarı itirir. Xüsusən də boşanma halları baş verərsə.
Bəzən qadınların ailə qurduqdan sonra təhsilini yarımçıq qoyması və yaxud karyerasını dağıtması qadın hüquqlarının pozulması kimi qiymətləndirilir və yenə də günahkar kişilər olur. Əslində isə qanunla hər bir qadın və kişi ailə qurmazdan əvvəl nigah müqaviləsi bağlamalıdır. Bu müqavilədə tərəflərin irəli sürdüyü şərtlər normal hüquqi dövlətlərdə ailə həyatı boyu qorunur və bu şərtlərə əməl olunur. Təbii ki, qadın və kişi hüquqlarını bilirsə.
Qadın və kişilərin cəmiyyətdə bərabər sosial vəziyyəti dedikdə ailə büdcəsinə hər iki tərəfin köməyi və bu büdcədən hər iki tərəfin eyni hüquqla istifadəsi nəzərdə tutulur. Bura, həmçinin, müəyyən sosial işlərdə, qərarların qəbulunda imkanların bölgüsündə və s. lazım olan şərtlər və onların yerinə yetirilməsi nəzərdə tutulur.
Qadınların cəmiyyətdə özlərinə görə haqlı narazılıqları, kişilərin isə böyük iddiaları əslində gender bərabərliyinin qeyd olunan şərtlərinə əməl olunmaması və qadın və kişilərin hüquqlarını bilməmələri nəticəsində yaranır. Qadına və kişiyə cinsinə və fərdiliyinə görə fərq qoyulması isə bu məsələlərdən sonra alt qatlarda yerləşir.
Onu da qeyd edək ki, Azərbaycan torpaqlarının 20%-nın işğalı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçid dövrünün çətinlikləri, iqtisadi və siyasi vəziyyətə zərər gətirən əsas səbəblərdir. Bu münaqişə 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Onlardan 54%-i qadınlardır.
BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 1995-ci ildə keçirilən 39-cu sessiyasında, Azərbaycan "Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi" üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Bu qətnamə sonrakı illərdə də bir neçə dəfə qəbul olunub.
Münaqişə ilə yanaşı, qadınların ölkənin sosial, siyasi və ictimai həyatında zəif iştirakının digər səbəbi isə cəmiyyətdə qadının rolunu daha çox ailə ilə əlaqələndirən ənənəvi stereotiplərdir. Bu cür vəziyyət milli gender strategiyasında yeni yanaşmanın yaranmasını tələb edir. Hazırda ölkədə gender strategiyasını inkişaf etdirmək üçün milli mexanizm yaradılır və hökumətin fəaliyyətinə gender aspektinin daxil edilir. Bununla əlaqədar olaraq, dövlət qurumlarında gender məsələləri üzrə məsul olan şəxslər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən və hər bir nazirlik çərçivəsində gender siyasətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlərin müzakirə edilməsi üçün işçi qrupuna daxil edilib.
Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ilin dekabrında Milli Məclis tərəfindən Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Qanununun qəbul edilməsi olub. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.
Ekspert Rafiq Təhməzov Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımların atıldığını bildirib. Onun sözlərinə görə, son 10 ildə ölkədə qadın və kişilər arasında böbərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Ekspertin fikrincə, hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq və azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub.
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, müsbət işlər də az deyil. Belə ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib və qadınların idarəçilikdə rolunun artırılması istiqamətində digər addımlar atılıb: "Ancaq nəzərə almaq lazımdır ki, gender bərabərliyi təkcə kadr siyasəti ilə ölçülmür. Qanunvericilikdə də bir sıra yeniliklərin edilməsi gender bərabərliyi ilə bağlı aparılan siyasətin tərkib hissəsidir. Bələdiyyə orqanlarında qadınlarla kişilər arasında balans yaradılıb. Ötən bələdiyyə seçkilərində bu yöndə bir sıra işlər görülüb. Ancaq bundan fərqli olaraq dövlət qurumlarında bununla bağlı tarazlıq varmı? Bunu birmənalı söyləmək çətindir. Bir sıra sahələrdə bu tarazlıq pozulub. Məsələn, qadın müəllimlərin, həkimlərin sayı daha çoxdur. Yəni, bu sahədə hələ ki, kifayət qədər işlərin görülməsinə ehtiyac var".
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hesab edir ki, gender bərabərliyi bir çox sahələrdə təmin edilmir:
"Azərbaycanda gender bərabərliyi qanunvericilik cəhətdən təxminən 80 faiz yaxşı vəziyyətdədir.
Qanunlarda bəzi çatışmazlıqlar olmasına baxmayaraq ümumilikdə gender bərabərliyinin təminatına şərait yaradır.
Təəssüf ki, bu məsələnin icrası ilə bağlı ciddi problemlər var. Buna görə də gender bərabərliyi bir çox sahələrdə təmin edilmir".
Ailədaxili gender bərabərliyinə də toxunan Şəhla İsmayıl bildirir ki, düzgün yanaşma sayəsndə həll edilməyəcək problem yoxdur: "Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər.
Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Ailə qurduqdan sonra iqtisadi azadlıq, xüsusilə də qadının iqtisadi azadlığı çox mühümdür. Hətta ailə qurmazdan əvvəl bu məsələ müzakirə olunmalıdır. Tədqiqatlar göstərir ki, işləyən qadın ailədə evdar qadından daha rahat mühit yaradır, burada anlaşma şəraiti daha əlverişli olur".

Habil Hüseynov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.