Turistlərin sayı 24 faiz artıb Hadisə

Turistlərin sayı 24 faiz artıb

Cari ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 74 min 491 nəfərlə ilk yerdə qərarlaşır. Rusiyadan Azərbaycana qrup halında gələn turistlərin sayında artım müşahidə edilir. Rus turistləri isti, dəniz kənarında olan ölkələrə daha çox üz tuturlar ki, Azərbaycan da məhz belə diyardır. Sonrakı yerlərdə Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və İraq vətəndaşlarının sayı çoxluq təşkil edib. Qazaxıstandan isə müalicə turizmi üçün gələnlərin sayı çoxalıb.
Qeyd edək ki, bu il Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin birinci yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Regionlar üzrə isə MDB, Avropa İttifaqı, Fars Körfəzi və Yaxın Şərq, Asiya, Afrika ölkələri, Amerika və Avstraliyadan Azərbaycana səfər edən xarici vətəndaşların sayında da artım müşahidə edilir.
Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur – rahat yollar, brend otellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri Azərbaycana turist axınına şərait yaradır. Azərbaycanın füsunkar təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
Respublikamızda daxili turizm də inkişaf edir, ölkə vətəndaşları yerli turizm məkanlarına üstünlük verirlər. Təsadüfi deyil ki, nüfuzlu xarici mətbu orqanlarında Azərbaycanın turizm potensialı haqqında məqalələr dərc edilir. Yazılarda zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.