DİN döyülən şagirdlə bağlı araşdırma aparır Hadisə

DİN döyülən şagirdlə bağlı araşdırma aparır

Orxan Mansurzadə: "Yekun məlumat araşdırmalar başa çatandan sonra açıqlanacaq"

Daxili İşlər Nazirliyi (DİN) döyüldüyü iddia edilən 7 saylı internat məktəbinin şagirdi ilə bağlı araşdırmaları davam etdirir.
Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı DİN və Təhsil Nazirliyi ilkin məlumat açıqlayıb: "Yekun məlumat isə araşdırmalar başa çatandan sonra açıqlanacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.
Təhsil Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.
Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.
Sonradan isə "youtube"də Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.