“Azərbaycan-Almaniya münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyur” Siyasət

“Azərbaycan-Almaniya münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyur”

“Azərbaycan-Almaniya münasibətləri xüsusilə son 2 ildə inkişaf istiqamətində mühüm nəticələr əldə etməkdədir. Ötən il Almaniya Prezidenti Ştaynmayerin ölkəmizə səfərini xatırlamaq olar. İndi isə cənab Prezident İlham Əliyev Almaniyaya səfər edib və səfər çərçivəsində ikitərəfli tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün strateji gündəlik qəbul olunub”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ş.Cəlilzadə qeyd edib ki, münasibətlərin inkişafında bir neçə faktoru xüsusilə qeyd etmək lazımdır: “Birincisi, Avropanın Rusiyanın işğal siyasətinə cavab olaraq Rusiyadan enerji idxalını 2027-ci ilin sonunadək sıfırlamaq hədəfini reallaşdırmaq istəməsi və bu fonda enerji təhlükəsizliyi qayğılarının gedərək artmasıdır. Bu, Almaniyanı, o cümlədən Avropanın digər dövlətlərini Azərbaycanla daha sıx əməkdaşlığa sövq edən ən vacib faktordur. 2022-ci ildə Aİ ilə Azərbaycan arasında enerji strateji tərəfdaşlığına dair sazişin imzalanmasını, 10 Aİ ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığını bəyan etməsini, Aİ rəsmilərinin ölkəmizə ardıcıl səfərlərini, həmçinin bu ildən etibarən Almaniya və Avstriya kimi ölkələrin də Azərbaycan qazının alıcısına çevrildiyini qeyd etmək olar. Münasibətlərin inkişafında əsas faktor budur. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsində milli prioritetlərini bəyan etməsi, Yaşıl Enerji Dəhlizi kimi yeni qlobal inisiativə start verməsi, bu çərçivədə Avropa ilə artan əməkdaşlıq Almaniya ilə münasibətlərimizə yeni çalar qatan amil olaraq vurğulana bilər”.

Onun sözlərinə görə, həmçinin Hörmüz boğazı ətrafında, o cümlədən digər qlobal marşrutlar üzərində yaşanan müharibələr, münaqişələr və təhlükəsizlik təhdidləri fonunda Azərbaycanın regional sülhü təsis etməsi, həm enerji tədarükü, həm də qlobal nəqliyyat-logistika məqsədlərilə təhlükəsiz marşrutlar təklif etməsi Azərbaycan-Almaniya münasibətlərini yeni inkişaf mərhələsinə daşıyan əsas faktorlar arasındadır: “Bu, Azərbaycanın qlobal əməkdaşlığa, sülhə, enerji təhlükəsizliyinə qlobal miqyasda verdiyi töhfənin nəticəsidir. Azərbaycan-Almaniya arasında əməkdaşlığın inkişafında regional sülh faktoru da mühüm rol oynayır. Bu məsələ ilə bağlı qeyd edim ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsi dövründə əsasən balanslı mövqe sərgiləyib. Almaniya rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistana ciddi şəkildə dəstək verdiyi də danılmaz bir faktdır. Təsadüfi deyil ki, 2023-cü ildə, hələ qondarma rejim mövcud ikən, Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Avropa Şurasının Qarabağda faktaraşdırıcı missiyasının təsis olunmasına və EUMA-nın Azərbaycanda fəaliyyətə başlamasına çağırış edirdi. Başqa sözlə, bu, əslində keçmiş qondarma rejimin qorunmasına çağırış idi. Həmçinin xatırlatmaq olar ki, Ermənistana 10 milyon avro hərbi yardım ayıran Avropa Sülh Fondu (EPF) məhz Almaniyanın Aİ Şurasına sədrliyi dövründə (2020-ci ilin martında) təsis olunmuşdu və onun ilk yardımı məhz Ermənistana olub. Avropa çərçivəsində Ermənistana dəstəyin təşkil edilməsində Almaniyanın “gözəgörünməz əl” kimi çıxış edib”.

Siyasi şərhçi əlavə edib ki, 2016-cı ildə AŞPA-da Ermənistanın eko-terror cinayətləri törətdiyini və buna görə məsuliyyətə cəlb edilməli olduğunu nəzərdə tutan qətnamə qəbul edilmişdi: “Lakin AŞPA təbii ki, Ermənistanı buna görə heç bir məsuliyyətə cəlb etmədi, əksinə qətnaməni təşviq edən alman deputatları (Eduard Lintner, Axel Fisher, Karin Strenz) Almaniyada təqibə məruz qaldı və siyasətdən uzaqlaşdırıldı, hətta onlardan ikisi bu ilin əvvəli şərti azadlıqdan məhrum olundular. 2023-cü ildə yaşananlardan sonra Azərbaycana qarşı təzyiq kampaniyasında iştirak edən, ölkəmizdən qaz idxalına qadağa çağırışı edən 49 avroparlamentarinin 8-i Almaniyadan idi. Beləliklə, Almaniyada Azərbaycanla münasibətləri məhdudlaşdırmağı və Ermənistanla münasibətlərin inkişafını hədəfləyən ciddi siyasətçilər ordusunun varlığı danılmazdır. Düzdür ki, onların fəaliyyəti Almaniya siyasətində istədikləri nəticəni vermədi, lakin bunu həm də "Almansayağı balanslaşdırma" adlandırmaq olar. Bu cür siyasət Almaniyanı Cənubi Qafqaz regionunda uduzan tərəfə çevirə biləcəyinə görə, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlardan faydalanmaqdan məhrum buraxa biləcəyinə görə, xüsusilə son iki ildə alman diplomatiyası Azərbaycanla münasibətlərin inkişafı istiqamətində fəaliyyətini aktivləşdirib. Azərbaycan-Ermənistan sülh gündəliyinin reallaşmağa başlaması Almaniya-Azərbaycan əməkdaşlığına yeni perspektivlər qazandırır. Artıq iqtisadi əməkdaşlığın, ticarət və yatırım sahələrində əlaqələrinin dərinləşdirilməsi, enerji əməkdaşlığına yeni sahələrin, o cümlədən yaşıl enerji sahəsində, yüksək texnologiyalar sahəsində əməkdaşlığın əlavə olunması, hətta Qarabağın bərpasında Almaniya şirkətlərinin iştirakının müzakirə olunması Azərbaycan-Almaniya münasibətlərinin yeni çərçivələrini yaradır. Beləliklə, ikitərəfli münasibətlərin tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu demək olar”.

Röya İsrafilova