Azərbaycan–Almaniya əməkdaşlığında yeni inkişaf mərhələsi Gündəm

Azərbaycan–Almaniya əməkdaşlığında yeni inkişaf mərhələsi

2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadi və enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", eləcə də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması haqqında sənəd münasibətlərin gələcək inkişafı üçün möhkəm institusional baza formalaşdırdı.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O, qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əməkdaşlıq dövlətlər arasında siyasi münasibətlərin ən mühüm dayaqlarından biridir. Azərbaycan ilə Almaniya arasındakı tərəfdaşlığın son illərdə əldə etdiyi inkişaf da məhz qarşılıqlı iqtisadi maraqlar, etibarlı tərəfdaşlıq və uzunmüddətli strateji baxış üzərində qurulub. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlar göstərdi ki, tərəflər mövcud əməkdaşlığı daha da genişləndirmək, yeni investisiya imkanları yaratmaq və enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığı möhkəmləndirmək niyyətindədirlər:

"Almaniya dünyanın ən güclü sənaye və texnologiya ölkələrindən biri olmaqla yanaşı, Avropa İttifaqının ən böyük iqtisadiyyatıdır. Bu ölkənin sənaye, mühəndislik, yüksək texnologiyalar, maşınqayırma, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahəsində qazandığı təcrübə bütün dünyada nümunə kimi qəbul edilir. Azərbaycan isə son iyirmi il ərzində həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində regionun ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, müasir nəqliyyat infrastrukturu, siyasi sabitlik və enerji resursları xarici investorlar üçün geniş imkanlar açır. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, hazırda 200-dən artıq Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, səhiyyə, informasiya texnologiyaları və xidmət sektorunda müxtəlif layihələr həyata keçirirlər. Bu göstərici Azərbaycan iqtisadiyyatına olan inamın və ölkəmizdə yaradılmış sağlam biznes mühitinin ən mühüm göstəricilərindən biridir.

Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş şəkildə müzakirə olunub və Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsi üçün konkret təkliflər irəli sürülüb. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sənaye parkları, azad iqtisadi zonalar, aqroparklar və innovasiya mərkəzləri yaradılıb. Məhz bu imkanlar Almaniya investorları üçün yeni əməkdaşlıq platformaları formalaşdırır. Alman şirkətlərinin qabaqcıl texnologiyalarının Azərbaycan iqtisadiyyatına gətirilməsi istehsalın modernləşdirilməsinə, məhsuldarlığın artmasına və ixrac potensialının genişlənməsinə mühüm töhfə verə bilər:

"Enerji diplomatiyası uzun illərdir Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının dünya bazarına çıxarılması məqsədilə həyata keçirilən layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirib. Prezident İlham Əliyev bəyanatında mühüm bir məqama diqqət çəkdi: 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bu hadisə yalnız iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi deyil, həm də Avropanın enerji xəritəsində Azərbaycanın rolunun daha da güclənməsi deməkdir. Hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji təchizatçısına çevrilib. Enerji təhlükəsizliyinin qlobal gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi beynəlxalq nüfuzumuzu daha da artırır.
Azərbaycan uzun illərdir Almaniyaya neft ixrac edir. İndi isə bu əməkdaşlıq təbii qaz sahəsində də genişlənir. Bu əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda yaradır. Almaniya enerji mənbələrinin şaxələndirilməsinə nail olur, Azərbaycan isə ixrac bazarını genişləndirərək yeni iqtisadi imkanlar əldə edir. Enerji əməkdaşlığının genişlənməsi həm də yeni infrastruktur layihələrinin həyata keçirilməsini stimullaşdıracaq. Boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması, enerji saxlama sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi gələcək əməkdaşlığın əsas istiqamətlərindən olacaq".

Cavid