İrəvan qalasının işğalından 190 il ötdü Hadisə

İrəvan qalasının işğalından 190 il ötdü

İrəvan Azərbaycanın ən qədim, tarixi şəhərlərindən biridir. Ağrı vadisinin şimal kənarında, Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olub. Müxtəlif dövrlərdə Çuxur-Sakat//Çuxur Səd bəylərbəyliyinin, İrəvan xanlığının, İrəvan quberniyasının, nəhayət, "Ermənistan SSR"in mərkəzi olub. 1936-cı ilə qədər "Erivan" (müxtəlif mənbələrdə İrəvan, Erevan, Ervan, Rəvan və s.), həmin tarixdən isə "Yerevan" adlandırılıb.
İrəvan şəhərini XVI yüzildə Rəvan xanın tikdirdiyi Rəvan qalası ilə eyniləşdirənlər əslində böyük tarixi səhvə yol verir. Belə ki, burada ilk qala Urartu çarı Arquztu (Asur mənbələrində - Argişti) tərəfindən miladdan əvvəl 782-ci ildə tikilmiş və İrpuni//Erbuni//Erbiuni (Erebuni) qalası adlanıb ki, bu da qədim türk-qarqar dilində "Ərlər boyunun ölkəsi" anlamını verir. Doğrudur, 1504-cü ildə Səfəvi hökmdarı Şah İsmayıl sərkərdəsi Rəvanqulu xanı Çuxur Səd torpaqlarına hakim təyin edərkən ona Zəngi çayı sahilində, indiki İrəvan şəhərinin yerində qüdrətli bir qalatikmək göstərişi vermiş və Rəvanqulu xan da 7 ilin tamamında burada alınmaz bir qala ucaltmışdı. Ancaq bu, o demək deyil ki, Rəvanqulu xan bu qalanı boş bir sahədə, təsadüfi seçilmiş bir ərazidə tikmişdi. Əvvəla, hələ 1407-1408-ci ildə Əmir Teymurun sevimli adamlarından olan Xoca xan Lahicani də bu yerdə böyük bir yaşayış məntəqəsi saldırmışdı. İkincisi, unutmaq lazım deyil ki, Çuxur Sakat vilayətinin Saatlı (Sakatlı) boyundan olan qaraqoyunlu Əmir Sədin oğlu Pir Hüseynin əmri ilə bu gün Cəfərabad türbəsi kimi tanıdığımız Pir Hüseyn türbəsi də 1413-cü ildə məhz bu yerin yaxınlığında ucaldılmışdı. Əmir Sədin məzarı üstündə tikilən bu türbədə sonra Pir Hüseynin özünün də dəfn olunması sübut edir ki, bu yer elə o vaxt da vilayətin mərkəzi olmuşdu. Beləliklə, Erbuni//Erebuni//Ereban şəhər adı ilə Rəvan//İrəvan qala adlarındakı oxşarlıq böyük bir tarixi yanlışlığa səbəb olmamalıdır.
İrəvan qalası onu görən xarici səyyahların hamısını heyrətə gətirmişdi. Eni 790 m, uzunluğu 850 m olan qalanın divarları daşdan və çiy kərpicdən hörülmüşdü. Onlar elə qalın idilər ki, hətta top mərmisinə belə davam gətirirdilər. Qalanın bayır divarının hündürlüyü 10 m-dən çox idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar birincidən də hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. İçqaladan təxminən 1 km məsafədə Keçiqala adlı ikinci — köməkçi qala yerləşirdi. Ümumiyyətlə, İrəvan qalasının üst-üstə 50-60 bürcü, 3 möhkəm qapısı olub: cənubda Təbriz qapısı, şimalda Meydan qapısı və Körpü qapısı.
İrəvan qalasının möhtəşəm tikililəri sırasında 1510-cu ildə Şah İsmayılın əmri ilə tikilmiş Qala məscidi, elə həmin vaxt inşa edilmiş, sonralar dönə-dönə təkmilləşdirilmiş Sərdar sarayı mühüm yertuturdu. Təəssüf ki, İrəvan qalası 1864-cü ildə, Qala məscidi və Sərdar sarayı isə 1918-ci ildə ermənilər tərəfindən tamamilə məhv edilmişdi. İrəvan xanlığı mövcud olduğu tarixi zaman kəsimində həmişə Osmanlı, İran və Kartli-Kaxetiyanın müharibə meydanı olduğundan İrəvan şəhəri də tez-tez hücumlara sinə gərməli olmuşdu. XVIII yüzilin sonu — XIX yüzilin əvvəllərindən etibarən isə İrəvan şəhəri xüsusilə rus qoşunlarının hücum hədəfinə çevrilmişdi.
1804-cü ildə general Sisianovun, 1808-ci ildə general Qudoviçin İrəvan qalasının divarları önündə burunları ovularaq geri oturduldular. Xüsusilə İrəvanı "Gəncənin halına salacağını" vəd edən Sisianov İrəvan məğlubiyyətini ölüncə unuda bilmədi. Əksinə, İrəvan Sisianovdan Gəncənin qisasını artıqlaması ilə aldı.
Nəhayət, 1813-cü il "Gülüstan" müqaviləsi ilə Rusiya, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, bütün Cənubi Qafqazı işğal etdi. Qafqazın işğalını başa çatdırmaq üçün isə ona mütləq İrəvan qalasını tutmaq lazım idi. Buna isə yalnız 14 ildən sonra nail ola bildi. 1826-cı ildə general Yermolovun uğursuzluqlarını görən çar onu general Paskeviçlə əvəz etmək qərarına gəldi və bütün hərbi gücünüİrəvan üzərinə yönəltdi. İrəvan sərdarı Hüseyn xan Qacarın qardaşı, "Sarı Aslan" ləqəbi ilə tanınan Həsən xanın komandanlığı ilə İrəvan oğulları yadellilərə qarşı layiqli müqavimət göstərdilər. Nəhayət, 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus artilleriyası və erməni xəyanəti qarşısında duruş gətirməyərək süqut etdi. Qafqaz xalqlarının sonrakı bütün tarixi faciələrinin bünövrəsi də elə o vaxtdan başladı.
1828-ci ildə İranla Rusiya arasında bağlanmış "Türkmənçay" müqaviləsi nəinki İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirdi, həm də İrandan minlər və on minlərlə erməni əhalinin gətirilib Azərbaycan torpaqlarında məskunlaşdırılmasını təmin etdi. Erevan//İrəvan qala-şəhərinin əhalisini həmişə əsasən Azrbaycan türkləri təşkil ediblər. Hələ XVIII yüzil Avropa səyyahlarının şahidliyinə görə, bu qalada yaşayanlar ancaq müsəlmanlar (türklər-red.) olublar. Statistik məlumatlara görə, 1827-ci ildə İrəvanda 2400 ailədə 12 min nəfər əhali yaşayıb. Ancaq qalanın ruslar tərəfindən işğalından sonra yerli bəy-xan ailələrinin, ruslara qarşı döyüşən dinc əhalinin böyük bir hissəsi İrana və Türkiyəyə köçməyə məcbur olmuş, onların evləri, mülkləri isə həmin ölkələrdən gələn ermənilər tərəfindən zəbt edilmişdi. Nəticədə 1828-ci ildə artıq İrəvanda azərbaycanlıların (türklərin) sayı 1807 ailədə 7331 nəfərə qədər azalmış, ermənilərin sayı isə 567 ailədə 2379 nəfərə qədər çoxalmışdı. Bununla belə, burada hələ də 4 xan, 41 bəy və sultan ailəsinə qarşı cəmi 8 erməni məlik və ağa ailəsi yaşayırdı. 50 nəfər axund və mollaya qarşı cəmi 19 nəfər keşiş vardı. İrəvan şəhərinin tarix boyu Azərbaycan türk şəhəri olduğunu onun kimlər tərəfindən idarə edildiyini göstərən aşağıdakı siyahı da təsdiq edir:
1. Əmir Səd — XIV yüzilin axırı — 1410-cu ilə qədər
2. Pir Hüseyn (Əmir Sədin oğlu) — 1410-cu ildən
3. Pir Yaqub (Pir Hüseynin oğlu) — 1420-ci il
4. Əbdül (Pir Hüseynin oğlu) — 1430-cu illərdə
5. Yaqub bəy — Cahan şahın əmri ilə 1440-cı ildən
6. Həsən Əli Qaraqoyunlu — 1460-cı illərdən
7. Həsən bəy Bayandurun nəvəsi — 1475-ci ildən
8. Rəvanqulu xan — 1501-ci ildən
9. Div Sultan Rumlu — 1515-ci ildən
10. Bədir xan Ustaclı — 1538-ci ildən
11. Hüseyn xan Sultan — 1550-ci ilədək
12. Şahqulu Sultan Ustaclı — 1550-1575
13. Lələ paşa (Sultan Murad dövrü) — 1577
14. Məhəmməd xan Toxmaq Ustaclı (Xudavənd şah dövrü) — 1576-1583
15. Fərhad paşa (Sultan Murad dövrü) — 1583
16. Məhəmməd Şərif paşa — 1604-cü ilədək
17. Əmirquna xan qacar (Şah Abbas dövrü) — 1605-1625
18. Təhməzqulu (Əmirqunanın oğlu) — 1635
19. Murtuza paşa — 1635
20. Kəlbəli xan — 1636-1639
21. Məhəmməd xan "Çağata Götük" — 1639-1648
22. Xosrov xan — 1648-1652
23. Məhəmmədqulu xan (Lələ bəyin oğlu) — 1652-1656
24. Nəcəfqulu xan — 1656-1663
25. Abbasqulu xan (Əmirqunanın oğlu) — 1663-1666
26. Səfiqulu xan — 1666-1674
27. Sarıxan bəy (2 il əvəz edir) — 1674-1675
28. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) — 1675-1679
29. Zal xan — 1679-1688
30. Murtuzaqulu (Naxçıvanlı Məmmədrza xanın oğlu) — 1688-1691
31. Məmmədqulu xan — 1691-1694
32. Zöhrab xan — 1691
33. Fərzəli xan (Əmirquna xanın nəvəsi, Sultan Əhməd dövrü) — 1694-1700
34. Zöhrab xan — 1700-1705
35. Əbdül Məhəmməd xan — 1705-1709
36. Mehrəli xan — 1709-1719
37. Allahqulu xan — 1719-1725
38. Rəcəb paşa — 1725-1728
39. İbrahim və Mustafa paşalar — 1728-1734
40. Əli paşa — 1734
41. Hacı Hüseyn paşa (Əli paşanın müavini) -1734
42. Məmmədqulu xan — 1735-1736
43. Pirməhəmməd xan — 1736-cı ildən
44. Xəlil xan — 1752-1755
45. Həsənəli xan Qacar — 1755-1762
46. Hüseynəli xan (Həsən xanın qardaşı) — 1762-1783
47. Qulaməli xan (Hüseynəli xanın oğlu) — 1783-1784
48. Məhəmməd xan (Qulaməli xanın qardaşı) — 1784-1805
49. Mehdiqulu xan — 1805-1806
50. Məhəmməd xan Marağalı — 1806-1807
51. Hüseyn xan Qacar qardaşı Həsən xanla — 1807-1827
İrəvan qala-şəhərinin Azərbaycan türk-müsəlman şəhəri olduğunu sübut etmək üçün təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1832-ci ildə İ.Şopen burada 12 məscid qeydə alıb: 1) Qala məscidi, 2) Şah Abbas məscidi 3) Zal xan məscidi 4) Novruzəli bəy məscidi 5) Sərtib xan məscidi 6) Hüseynəli xan məscidi 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi və… şəhər ruslar tərəfindən top atəşinətutularkən darmadağın olmuş daha 4 məscidin xarabalıqları.
İrəvan şəhərinin zaman-zaman erməniləşdirilməsi çox keçmədən öz acı nəticələrini verdi. İrəvan azərbaycanlılarının ermənilər tərəfindən ilk soyqırımı 1905-ci ildə baş verdi. 1918-ci ildə bu soyqırımı dəhşətli şəkildə təkrar olundu. Daha sonra 1948-1953-cü illər deportasiyası və 1988-ci il soyqırımı… İndi İrəvanda bir nəfər də Azərbaycan türkü yaşamır. Bununla ürəyi soyumayan ermənilər İrəvanazərbaycanlılarına (türklərinə) məxsus Toxmaq şəhər qəbiristanlığını da yerlə-yeksan etdilər.

Əziz Ələkbərli
--------------


"Təbrizin sehrli nağılları"
Mədəniyyət və Turizm Nazirliyi, "PAŞA Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və rus dillərində nəşr edilən "Təbrizin sehrli nağılları" kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunub. MEK-dən bildiriblər ki, "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan Azərbaycan miniatür sənətinə həsr edilib.
Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.