Alimlərimiz beynəlxalq konqresdə iştirak ediblər Hadisə

Alimlərimiz beynəlxalq konqresdə iştirak ediblər

Qarabağ folklor mühitinin itkilərindən də danışan alimlərimizin çıxışları maraqla qarşılanıb
AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy fevralın 3-dən 8-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən folklorçuların III Beynəlxalq konqresində iştirak ediblər. Konqres Rusiya Federasiyasının Mədəniyyət Hazirliyi tərəfindən təşkil edilib. Rusiya Federasiyası Mədəniyyət Hazirliyi "Respublika dövlət rus folkloru mərkəzi"nin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə dünyanın qabaqcıl ölkələrinin elm adamları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Hazirliyinin Dövlət rus folkloru mərkəzinə toplaşıb, oradan Moskva şəhərindəki Mərkəzi Alimlər Evinə gəliblər. Bu haqda iştirakçılar bildiriblər. Konqresin açılış mərasimində Rusiya Federasiyası mədəniyyət nazirinin müavini, nazirin köməkçisi, dövlət rus folkloru mərkəzinin direktoru və digər rəsmi şəxslər, Rusiya Elmlər Akademiyasının müvafiq qurumlarının rəhbərləri iştirak və çıxış ediblər. Konqresi Rusiya Federasiyası Mədəniyyət nazirinin birinci müavini V.Aristarxov açıb, iştirakçıları salamladıqdan sonra mədəniyyət naziri Vladimir Rostislavoviç Medinskinin Konqres iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. O, ənənəvi mədəniyyətin, o cümlədən folklorun öyrənilməsi, qorunması və populyarlaşdırılmasının vacibliyindən, bu istiqamətdə Rusiya hökumətinin gördüyü işlərdən və perspektiv fəaliyyət proqramlarından danışıb, konqresin işinə uğurlar arzulayıb. RF Mədəniyyət Hazirliyi "Respublika dövlət rus folkloru mərkəzi"nin baş direktoru A.Karqin çıxışında mərkəzin fəaliyyəti haqqında məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Konqresin açılış iclasında çıxış edən Ağaverdi Xəlil müasir dövrdə humanitar sahədə elmi əlaqələrin aktual problemlərindən və əlaqələrin inkişaf yollarından, perspektiv istiqamətlərindən, ənənəvi mədəniyyətin, o cümlədən folklorun öyrənilməsinin, qorunmasının və təbliğinin təşkilində elmi metodoloji yanaşmalar və prinsiplərin təkmilləşdirilməsinin zəruriliyindən bəhs edib, elmi əlaqələrin genişləndirilməsinin, folklorun daha mütəşəkkil şəkildə öyrənilməsi ilə bağlı əməkdaşlığın intensivləşdirilməsinin, müvafiq layihələrin hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Eləcə də o, gələcəkdə ortaq şəkildə işlənməsi hər iki tərəf üçün faydalı olan layihə mövzuları təklif edib. Rusiyanın mədəniyyət nazirinin birinci müavini V.Aristarxov A.Xəlilin təkliflərinə münasibət bildirib, bu təkliflərin ciddi şəkildə dəyərləndiriləcəyini deyib. Dövlət rus folkloru mərkəzinin elmi katibi V.Dobrovolskaya öncə keçirilmiş iki konqresdən, konqresin hazırlıq prosesindən danışıb.
Sonra konqres bölmələr üzrə iclaslarla davam edib. Konqresdə iştirak üçün dünyanın hər yerindən elm adamları gəlib və aralarında dünyanın məşhur folklorşünaslarının olduğu 450 məruzə dinlənilib. Fevralın 5-də konqresin "Elmin tarixi" bölməsində Ağaverdi Xəlilin "Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı", "Epos" bölməsində isə Seyfəddin Rzasoyun "Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri" mövzusundakı məruzələri böyük maraqla dinlənilib. Hər iki məruzədə Azərbaycanın Qarabağ bölgəsinin humanitar fəlakətindən, Qarabağ folklor mühitinin itki və zədələrindən də danışılıb.
Folklorçuların, etnoloqların, filoloqların, antropoloqların, sənətşünasların, etnomusiqişünasların və başqa ənənəvi mədəniyyət tədqiqatçılarının elmi həyatında mühüm nəticələrinə görə yadda qalan forumlardan olan konqresin birincisi 2006-cı ildə, ikincisi isə 2010-cu ildə keçirilib. Konqres aşağıdakı mövzular üzrə keçirilib: folklor müasir informativ və mədəni məkanda; akademik xalq sənəti və folklor; folklorun səhnə təcəssümü; müasir şəhər folkloru; internetdə folklor; verilənlər bazası və folklor materialları arxivi; folklorşünaslıqda informasiya texnologiyaları; müasir polimədəni məkanda etnomədəniyyət; müəllif yaradıcılığında folklor; folklorizm; mətbuatda və KİV-də folklor.
Folklorun tarixi və nəzəriyyəsi problemləri üzrə: folklorun poetikası və mətnşünaslıq; folklorun dili; etnomusiqişünaslıq; etnoxorelogiya; etnoorqanologiya; dekorativ-tətbiqi sənət və xalq sənətkarlığı; ənənəvi oyun mədəniyyətinin problemləri; sahə tədqiqatlarının strategiya və taktikası; folklorşünaslığın regional və milli problemləri; folklor elminin tarixi; folklorşünaslıq digər elmlər kontekstində.
Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri üzrə: məktəbəqədərki müəssisələrdə uşaqlara folklor dəyərlərinin öyrədilməsi; folklor praktikasının təşkili üzrə mədəni istirahət və konsert təşkilatlarının fəaliyyəti;
müasir festivallar və folklor müsabiqələri; xalq yaradıcılığı sahəsində menecment.
Bu mövzuda məruzlər bölmə iclaslarında dinlənilib və müzakirə edilib. Məruzlər müvafiq olaraq "Mərasim folklorunda söz və musiqi", "Folklorun dili", "Lokal ənənə və mədəniyyət: müasir tədqiqatlar", "Dəyirmi stol: "Dəyirmi yazı folklor janrı kimi: transmissiya, mətnlər və təcrübələr", "Folklor və sənətin marginal formaları qarşılıqlı mədəni əlaqə məkanında", "Xalq xoreoqrafiya mədəniyyətinin öyrənilməsi və mənimsənilməsi problemləri", "Nağıl ənənəsinin öyrənilməsi problemləri və perspektivləri", "Dekorativ-tətbiqi sənət və müasir dünyada ənənəvi sənətlər", "Musiqi folkloru və etnomusiqişünaslıq: problemləri və perspektivləri", "Etnobiologiya: ənənə və müasirlik", "Xalq inamları: rəsmi doktrina və xalq izahı", "Qeyri-nağıl nəsrinin öyrənilmsi problemləri", "Mahnı elmlərarası tədqiqat obyekti kimi", "Davranış normativləri və xalq etikası", "Folklor və müəllif yaradıcılığı", "Elmin tarixi", "Müasir folklor", "Folklor ənənəsinin aktuallaşdırılması problemləri", "Müasir dünyada etnomədəni məkanın yaradılması", "Rusiyanın epik irsi", "Dəyirmi masa: "XXI əsrdə lokal ənənə və mədəniyyətin formalaşması mexanizmlərinin öyrənilməsi", "Folklor və etnik tarix", "XXI əsrdə ənənəvi mədəniyyət", "Folklor arxivləri", "Magik praktikalar", "Folklor: ümumi bilik, ümumi hiss, ümumi yer", "Etnik əlaqələr şəraitində ənənəvi mədəniyyət", "Folklor və epik tarix", "Etnomədəni təhsil: uşaq bağçasından institutadək", "Müasir kontekstdə formalar, obrazlar, ənənəvi motivlər. Folklor sözünün ikinci həyatı", "Muzey ənənəvi mədəniyyətin populyarlaşdırılması vasitəsi kimi", "Balalayka: keçmiş və müasirlik" və s. olmaqla 31 bölmədə müzakirə edilib.
Bölmələrlə yanaşı folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinin dəyirmi masalarda, diskussiya klublarında müzakirəsi keçirilib, seminarlar təşkil edilib və məşhur xalq sənətkarlarının çıxışları dinlənilib. Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçirilib, folklor kollektivlərinin çıxışları olub, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil edilib.

Uğur