Qarabağla bağlı rus və ingilis dillərində iki kitab Hadisə

Qarabağla bağlı rus və ingilis dillərində iki kitab

Tale Heydərov: "Bu kitablar gələcəkdə Avroranın digər dillərinə də tərcümə ediləcək"

Bakıda Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən nəşr olunmuş "Karabax. İstoriə v kontekste konflikta" (Qarabağ. Münaqişə kontekstində tarix) və "Khojaly Witness of a war crime - Armenia in the Dock" (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində tarixçilər, araşdırmaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
TEAS-ın sədri Tale Heydərov çıxışında bildirib ki, son illər Azərbaycan sürətli inkişaf yaşamasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin inkişafına mənfi təsir göstərir: "Yeni formalaşan Azərbaycan lobbisi, Azərbaycan diasporu və hökumətin dəstəyi ilə Azərbaycanın obyektiv mövqeyini əks etdirən kitabların nəşrinə nail olmuşuq. Londonun "Garnet" nəşriyyatında (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) çap edilmiş "Khojaly Witness of a war crime - Armenia in the Dock" kitabı 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Digər kitab isə Qarabağ tarixinin öyrənilməsi və tanıdılmasında mühüm mənbə olacaq. Bu kitablar gələcəkdə Avropanın digər dillərinə də tərcümə ediləcək".
"Khojaly Witness of a war crime - Armenia in the Dock" kitabının tərtibçisi İen Pört qeyd edib ki, kitabda Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki ) hesabatları tam şəkildə çap olunub: "Biz kitabı hazırlayarkən Xocalıda yaşamış insanlardan məlumat topladıq. Həmçinin xarici jurnalistlərin materiallarından istifadə etdik. Bizi narahat edən məsələ odur ki, BMT-nin 4 qətnaməsinə Ermənistan göz yumur".
Tədbirdə qeyd olunub ki, kitabda xarici foto müxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotoşəkillər də xüsusi yer tutur. Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Trud, Komsomolğskaə pravda və s.) daxil edilmiş materiallar və foto şəkillər TEAS tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilib və ilk dəfədir ki, işıq üzü görür. Bu fotolar artıq Azərbaycan Respublikasının mülkiyyətidir.
Xocalı hadisələrini lentə almış fotoqraf Frederique Lengaigne isə çıxışında 1992-ci ilin fevral ayında Xocalı faciəsini lentə aldığı günlərdə gördüklərini anladıb.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, TEAS-ın təqdim etdiyi kitablar cəmiyyətin fəaliyyətinin yalnız bir hissəsidir: "Cəmiyyətinin qarşısına qoyduğu məqsəd 22 ildə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri Avropaya və dünyaya yaymaqdır və bu işin öhdəsindən uğurla gəlirlər". N.Məmmədovun fikrincə, bu gün dünyada ən çox ehtiyac duyulan şey ədalətdir: "Çox təəssüf ki, tarix geosiyasi varlığa çevrilərək öz rolunu - ədalətli tarixdirsə müsbət, ədalətsiz tarixdirsə mənfi rolunu oynayır. Bu gün bəzi dövlətlər Azərbaycanın ərazilərinin işğalını yalançı, özlərinin qondardıqları tarixlə əsaslandırmağa çalışırlar. Bu gün Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünyanın bütün ölkələrinin mövqeyi olsa da, ərazilərimiz işğal altında qalır. Bu iki kitab Azərbaycan tarixini, Xocalıda baş verənləri necə var elə də göstərir. Bu, onu göstərir ki, Azərbaycan xalqı, rəhbərliyi ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Hər nə yolla olur olsun əraziləri işğaldan azad edəcək. Bunu Ermənistan rəhbərliyi də bilməlidir".
Qeyd edək ki, Sankt-Peterburqda, "Vestnik" nəşriyyatında çar olunmuş "Karabax. İstoriya v kontekste konflikta" adlı məqalələr toplusu ön söz, on səkkiz məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir. TEAS sədri və layihənin rəhbəri Tale Heydərovun yazdığı ön sözdə məqalələr toplusunun nəşrini zəruri edən səbəblər hərtərəfli təhlil olunub. Ön sözdə qeyd edilir ki, qloballaşan dünyanın müasir siyasi leksikonunda Azərbaycan Respublikasının Qarabağ bölgəsi, xüsusilə onun bir hissəsini əhatə edən Dağlıq Qarabağ adı tez-tez çəkilən coğrafi ərazilərdəndir: "Ermənistanın Azərbaycanın bu tarixi-coğrafi ərazisinə iddialarının 1980-ci illərin sonlarından başlanan yeni mərhələsi ilə hazırda dünyada mövcud olan münaqişələrdən birinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin əsası qoyuldu. Bu konfliktin genişlənməsi ilə Ermənistanın Azərbaycana qarşı iri miqyaslı müharibəyə başlaması nəticəsində, həmin konflikt beynəlxalq xarakter aldı".
Toplu professor Süleyman Əliyarlının Azərbaycan Respublikasının ərazi və sərhəd tarixinə dair məqaləsi ilə başlayır. Müəllif Qarabağın siyasi-coğrafi mənsubiyyəti üzərində də dayanır və faktlarla Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu sübut edir. Akademik İqrar Əliyevin "Qarabağ qədim dövrdə" məqaləsində Qarabağın tarixi ilk insanlardan, xüsusilə ilkin etno-siyasi mənzərənin təşəkkül tapdığı dövrdən başlayaraq araşdırılır. Qarabağ tarixinin bir sıra fundamental problemləri Qafqaz Albaniyasının tarixi ilə bağlı olduğuna görə bu məsələ görkəmli albanşünas alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın "Qarabağ probleminin alban kökləri" məqaləsində nəzərdən keçirilir. Akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" adlı monoqrafiyasından təqdim olunan parça Qarabağ tarixinin ən fundamental məsələlərindən biri, bölgənin dağlıq hissəsində məskunlaşan və etnik cəhətdən alban əhalinin erməni-qriqorian kilsəsinin fəaliyyəti nəticəsində qriqorianlaşdırılması haqqındadır. Z. Bünyadovun konsepsiyası Qarabağ tarixinin obyektiv dərk edilməsi üçün mühüm zəmin təşkil edir. Azərbaycan tarixçilərinin (AMEA-nın müxbir üzvləri Mahmud İsmayıl, Oqtay Əfəndiyev, Məşədixanım Nemət, professorlar Fuad Əliyev, Eldar İsmayılov, Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru Gövhər Məmmədova) topluda verilmiş digər məqalələrində Qarabağ tarixinin müasir dövrədək olan mərhələləri ardıcıl şəkildə şərh edilir. Xarici müəlliflərin - Odri Alştadt, Tomas Qolts (ABŞ), Blanka Xançilova, Rik Foun (Böyük Britaniya) və Tim Potyenin (Yunanıstan) məqalələrində daha çox Qarabağ tarixinin və konfliktin müasir mərhələsinə dair problemlər nəzərdən keçirilib.