Bakının yağış gölməçələri... Hadisə

Bakının yağış gölməçələri...

Bakının hər gün inkişaf etdiyi və müasirləşdiyi deyilsə də bir yağışlı hava ən mühüm problemin ortaya çıxmasına bəs edir. Yağışın aramsız bir saat yağması bəs edir ki, paytaxt küçələri aşıb daşaraq axmağa kanalizasiya tapmasın. Problem illər boyu mətbuat tərəfindən işıqlandırılsa da, həllini tapmır. Ekspertlər bildirir ki, kanalizasiya xətlərinin əksəriyyəti əsrin 60-cı illərində istimara verildiyindən tam yararsız hala düşüb. Kanalizasiya borularının diametrinin də az olmasın içinin zibillə dolmasına səbəb olur. Məsələn, bir neçə il əvvəl Keşlə kollektorunun partlamasına səbəb kimi məhz kollektorun dolub daşması göstərilmişdi. Xatırladaq ki, həmin vaxt yayın istisində kollektorun yaxınlığında məskunlaşan yüzlərlə sakin üfunət və xəstəliklə üz-üzə qalmışdı. Hadisə nəticəsində bir nəfər həyatını itirmişdi. Mütəxəssislərin sözlərinə görə, paytaxtın kanalizasiya xətlərinin sugötürmə qabiliyyəti 1960-70-ci illərin yaşayış evlərinin sayına uyğun hesablandığından, sonradan tikilən evlər kanalizasiya sistemi üçün problemə səbəb olub. Belə ki, şəhərin kanalizasiya sistemi qurularkən 2 milyonluq əhalinin yaşadığı evləri əhatə edib. Sonrakı illərdə isə on minlərlə ev tikilərək mərkəzi kanalizasiya şəbəkəsinə qoşulub. Yeni tikilən göydələnlərdə istifadə edilən sular da kanalizasiyaya axıdılır. Nəticədə sugötürmə qabiliyyəti saniyədə 1 ton olan kəmərlərə saniyədə 3 ton su axıdılır.
Xatırladaq ki, 2005-2010-cu illərdə təkcə Bakıda yağış kollektoru və kanalizasiya xətlərinin bərpasına və yeni xətlərin tikintisinə 95 milyon manat vəsait yönəldilib. Mütəxəssislərin fikrincə, paytaxtın vahid kanalizasiya sisteminin qurulması yeni baş plan hazırlandığı halda mümkündür. Həmçinin kanalizasiya sisteminin yükgötürmə qabiliyyəti azı 20 dəfə artırılmalıdır.
Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev kanalizasiya sisteminin işini iflic vəziyyətə düşməsinin səbəbini Bakı şəhərində yeni binaların tikilməsi və əhalinin sayının artmasında görür. Ötən 50 il ərzində Bakıda 10 minlərlə qanunsuz evlər tikilib və onların heç birinin mühəndis-kommunikasiya vasitəsi plana uyğun deyil. O cümlədən həmin evlərin kanalizasiya xətlərinin mərkəzi şəbəkəyə, yəni Baş Plandakı sxemə aidiyyəti yoxdur. Amma onlar qanunsuz da olsa mərkəzi şəbəkəyə qoşulub. Cahangir Qocayev deyir ki, hazırda Bakı şəhəri əhalisinin 70-80 faizinin kanalizasiyaya çıxışı var.
"Azərsu" SC bildirir ki, təxmini hesablamalar respublikada bütün kanalizasiya xətlərinin tam müasir tələblərə uyğun yeniləşməsinə 2 milyard manatdan çox vəsaitin tələb olunur. Bu vəsaiti isə birdəfəlik ayırmaq dövlət büdcəsinin imkanlarına uyğun deyil. Buna görə də hökumət ölkənin su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün xarici maliyyə institutlarına üz tutub. Tikinti arxitektura üzrə mütəxəssis Emil Axundovun sözlərinə görə, son illərdə salınmış qəsəbələrin kanalizasiya xəttləri düzgün hesablanmayıb: "Bəzi ərazilərdə tamamilə kanalizasiya sistemi yoxdur. Şəhərdə məişət tullantıları ilə bərabər yağış sularını aparan xüsusi xətlərin qurulması vacibdir ki, bu kimi problemlər olmasın. Bu normativ aktlar Bakı şəhərinin Baş Planı hazırlanarkən nəzərdə tutulsa da, gözlənilməyib. Həmin xətlər vasitəsilə yağıntı suları şəhərin relyefindən asılı olaraq müxtəlif zonalara - dənizə, çaylara axıdılmalı idi. Bakının mərkəzində olan, yağıntı sularını axıtmaq üçün nəzərdə tutulan kanalizasiya xətləri də işləməlidir. Ancaq şəhərin mərkəzi hissələrində əksər yollar yenidən təmir olunub. Bu zaman suyun axıdılması üçün yerlər nəzərə alınmayıb. Dəfələrlə bunlar vurğulansa da, hələ də aparılan təmir işlərində bu məsələlər öz əksini tapmayıb.
Ekspertlər bildirir ki, yağış kanalizasiyası küçələrin kənarlarında yeraltı kanal şəklində olmalıdır. Həmin kanalın içərisində isə ümumi kanala çıxışı olan borular qoyulmalıdır və yağış suları həmin borular vasitəsilə axmalıdır. Amma bu gün Bakının heç də hər yerində bu cür kanalizasiya sistemi yoxdur. Ona görə də Bakıda fəaliyyət göstərən kommunal xidmət qurumları yeni kanalizasiya sistemləri qurmağa məcburdur. Bunsuz Bakını yağış gölməçələrindən azad etmək mümkün deyil. Ekspertlərin fikrincə, bu sahənin daha düzgün bərpası üçün islahatlar aparılmalı, bu sahənin idarəedilməsi özəl qurumlara verilməlidir. Əks təqdirdə vəsaitin artırılmasından asılı olmayaraq, bu sistemi Avropa standartlarına uyğun bərpa etmək mümkün olmayacaq.
Büdcə sənədlərinə əsasən, son 6 ildə yağış xətlərinin tikintisinə də vəsait sərf olunub. Belə ki, 2010-cu ildə Nobel prospektində Keşlə yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə 190 min, həmin prospektdə 8-ci kilometr yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə isə 171 min manat ayrılıb. Bundan başqa, 2006-cı ildə Ə.Ələkbərov, Akimov, Dadaşov küçələri üzrə Tbilisi prospektindən başlayaraq kanalizasiya kollektorunun qurulmasına 500 min, 2008-ci isə ildə Bibiheybətdə 32 saylı kanalın yenidən qurulması, ərazidəki yaşayış massivlərinin təsərrüfat-məişət və yağış kanalizasiyasının və təmizləyici qurğuların tikintisinə 1 milyon manat xərclənib. Həmçinin 2008-ci ilin dövlət büdcəsindən Türkiyənin Bakıdakı səfirliyinin ərazisindən keçən yağış kanalizasiyasının köçürülməsinə 1 milyon 500 min manat yönəldilib.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, son illərdə Bakının kanalizasiya sistemində yalnız bir dəyişiklik var. Bu, Dənizkənarı Bulvar istiqamətdən 7-8 boru vasitəsilə Xəzərə axıdılan tullantı sularının istiqamətinin aerostansiyaya yönəldilməsidir. Onun sözlərinə görə, həmin xətlər həm də yağış kanalizasiyası rolunu oynayırdı və bu səbəbdən yağış sularının paytaxt küçələrindən gətirdiyi zir-zibil dənizə tökülürdü.
Ekspert bildirir ki, ümumiyyətlə, Azərbaycanda çoxları yağış kanalizasiyasının nə demək olduğunu bilmir. Onun sözlərinə görə, yağış kanalizasiyası küçələrin kənarlarında yeraltı kanal şəklində olmalıdır. Həmin kanalın içərisində isə ümumi kanala çıxışı olan borular qoyulmalıdır və yağış suları həmin borular vasitəsilə axmalıdır: "Amma bu gün Bakının heç 2/3 hissəsində bu cür kanalizasiya sistemi yoxdur. Ona görə də Bakıda fəaliyyət göstərən kommunal xidmət qurumları yeni kanalizasiya sistemləri qurmağa məcburdurlar. Özü də böyük diametrli kanalizasiya boruları ilə. Bunsuz Bakını yağış gölməçələrindən azad etmək mümkün deyil".
Telman Zeynalov asfalt çəkilərkən yolun sağında və solunda yağış kanalizasiyasının çəkilməsinin unudulmasından da şikayətlənir. Onun sözlərinə görə, yollar və küçələr salınarkən, yenidən qurularkən kanalizasiya xətləri də çəkilsəydi, yağış yağanda Bakının küçələrində bu səviyyədə su yığınları qalmazdı. Ekoloqun dediyinə görə, son 20 ildə Bakıda yüzlərlə hündür binalar, böyük yaşayış sahələri salansa da, həmin ərazilərdə kanalizasiya sistemi yaradılmayıb. Həmin məhəllələrdə, küçə və parklarda ya yağış və məişət kanalizasiyası ya yoxdur, ya da sovet dövründən tikilmiş qovşaqlara qoşulub. Nəticədə yeni yaşayış sahələri də yağış sularının əhatəsində qalır: "Şəxsən mən şəhər təsərrüfatı ilə maraqlanan mütəxəssis kimi, son 20 ildə Bakıda yağış kanalizasiyasının tikildiyinə rast gəlməmişəm. Yadımdadır, sovet dövründə "Azadlıq" prospekti boyunca Xəzər dənizinə qədər böyük diametrli kanalizasiya xətti çəkilmişdi. Bu o vaxt idi ki, həmin ərazilərdə yaşayış binaları tikilirdi. Amma indi nə məişət kanalizasiyası var, nə də yağış xətti, hər ikisi qarışıq şəkildə Xəzərə axıdılır".
Şəhərsalma qaydalarına görə, yaşayış sahələri yaradılarkən iki növdə - yağış suları və məişət tullantılarının maneəsiz axıb getməsi üçün kanalizasiya xətləri çəkilməlidir. Yağış xətti yağış sularının ərazidən kənarlaşdırılması üçün çox vacibdir. Telman Zeynalovun fikrincə, yağış suları üçün hətta xüsusi anbarlar da yaradıla bilər. O, bu anbarlara yığılan yağış sularının yay aylarında təsərrüfat məqsədləri, o cümlədən Abşeron bağlarının, yaşıllılıqların suvarılmasında istifadə edilməsini təklif edir: "Yağış suyunu bir yerə toplayıb ondan həm də istilik məqsədləri üçün istifadə etmək olar. Mən yüz faiz əminəm ki, bu sulardan söylədiyim istiqamətlərdə istifadə etmək mümkündür. Sadəcə, məsələyə ciddi yanaşmaq, layiqli layihələr hazırlayıb orta qoymaq lazımdır. Hazırda bu təcrübədən dünyanın əksər ölkələrində bəhrələnirlər. Hətta Qazaxıstan və Özbəkistanda da yağış sularını bir yerə yığıb, ondan suvarmada istifadə edirlər".
"Azərsu" ASC-nin istehsalat-texniki idarəsinin rəis müavini Eyyub İsmayılovun mətbuata verdiyi məlumatda bildirir ki, hazırda Bakı şəhərindəki mövcud yağış kanalizasiyasının çoxu Səbail və Nəsimi rayonlarının ərazisindədir. Həmçinin Yasamal, Nərimanov rayonlarında, "8-ci kilometr", Əhmədli qəsəbələrinin də bəzi ərazilərində yağış kanalizasiyası quraşdırılıb. Onun sözlərinə görə, hazırda paytaxt ərazisində cəmi 131 kilometr uzunluğunda yağış kanalizasiyası var. Bu isə Bakıda ümumi kanalizasiya xətlərinin 1/10 hissəsini təşkil edir. Şəhər ərazisinin isə cəmi 30 faizində yağış kanalizasiyası var.
Rəis müavini deyib ki, Bakıda yağış sularının axıdılmasını təmin etmək üçün "Azərsu" tərəfindən təxminən 10 layihə hazırlanıb. Bu layihələr əsasən, paytaxtın yağış xətlərinin az olduğu Yasamal, Nərimanov rayonlarının ərazisində reallaşmalıdır: "Layihələrin hamısını Su-Kanal Layihə İnstitutu hazırlayıb. Ancaq gərək vəsait ayrılsın ki, bu layihələri həyata keçirək. Üstəlik, şəhərin mərkəzini qazıb tökmək də narahatlıq yaradır. Yağış kanalizasiyası bir qədər dərin olduğundan şəhərin mərkəzini qazıb dağıtmaq olmur".
Elə bu cür yanaşma səbəbindən paytaxtın yağış kanalizasiyası ilə təminatı üçün hazırlanmış layihələr hələ Nazirlər Kabinetinə təqdim olunmayıb. Eyyub İsmayılov deyir ki, kanalizasiya sistemlərinin bərpası və tikintisi məqsədilə dövlət büdcəsindən ayrılan vəsait azdır. Onun sözlərinə görə, hər il bu vəsaitlərin cüzi bir hissəsi yağış xəttinin, yerdə qalanı isə məişət kanalizasiyasının yenilənməsinə sərf olunur. Eyyub İsmayılov paytaxtın yağış kanalizasiyası ilə tam təminatı üçün nə qədər vəsaitə ehtiyac olduğunu söyləyə bilməsə də bunun bahalı iş olduğu qənaətindədir: "Kanal təsərrüfatı çox bahalı və çətin işdir. Çünki istər məişət, istərsə də yağış kanalizasiyası yerin altında dərinliyə doğru getməlidir. Su, qaz xətti düz də tikilə bilər. Yağış xətti isə maili olmasa, su axıb getməyəcək. Maililik çox olanda isə onu tikmək çətinləşir. Ona görə də yağış kanalizasiyası bahalı iş sayılır".

Ülviyyə Tahirqızı