Qulam Yəhyanın xatirələri Hadisə

Qulam Yəhyanın xatirələri

14-cü yazı
Təəssüflü cəhətlərdən biri də MK-nin bəzi üzvləri arasında səmimiyyətin olmamasıdır. Onların arasındakı şəxsi ixtilaflar istər-istəməz yoldaşlar arasında yayılır, özü də çox pis nəticələr verir. Bunun üçün Moskva hövzələrindəki çıxışları təkcə yada salmaq kifayətdir. Mən iclaslardakı çıxışlarımdan nümunələr desəm də, bu haqda bir qədər ətraflı qeyd etmək istəyirəm. Məsələn, Rəsədi çıxışında dedi ki, partiya məktəbində partiya hövzəsi yaratmaq qələt idi. Bu təşkilatı Bağırov yaratdı. Firqənin məqsədi Azərbaycanı İrandan ayırmaq idi. Firqədə şəxsiyyətə pərəstiş olmuş və indi də davam edir. Firqənin rəhbərliyi Azərbaycan xalqını aldadıb. Pişəvəri deyirdi: "Ölmək var, dönmək yoxdur!" Rəsədi sözünə davam edərək dedi ki, Sovetlər əleyhinə çıxış edən yoxdur. Amma ola bilər ki, sözarası Sovetlər əleyhinə müəyyən şeylər deyənlər olsun, ona da əhəmiyyət vermək lazım deyil.
Yeri gəlmişkən, orasını da qeyd edim ki, Moskvada hövzələrin iclasları keçirilirdi. Ona görə də belə qərara gəldim ki, həmin hövzə cələsələrində iştirak edim. Oradakı iştirakım zamanı yadımda qalanlardan bəzilərini qeyd etməyimiz müəyyən məsələlərin aydınlaşdırılmasına kömək etmiş olar. Rəsədidən sonra çıxış edən Ruindej Cəbrayil (Bakıdan gəlmişdi) deyir, Azərbaycanda iş o yerə çatıb ki, "Mərdom" ruznaməsini on gün araşdırıblar. Ona görə ki, orada Sovet İKP XXII qurultayının şəxsiyyətə pərəstiş haqqındakı materialı dərc olunmuşdu, qoymadılar oxuyaq. Sonra Ruindej dedi ki, bir sıra günahsız adamlar zindana salınıblar. Onlardan Beydili, Mehtaş, Təriqpeyma və başqalarının adını çəkdi. Mən söhbətin ortasında ona sual verdim ki, siz Bəydilini tanıyırsız? Azərbaycana necə gəldi və necə adamdır? Ruindej mənim sualıma cavab verərkən dedi: "Biz Girman zindanında olarkən, Bəydili özünü çox pis aparırdı. Xüsusilə 21 Azər nehzətini eşidəndən sonra özünü daha da pis aparmağa başladı. O, ruznamədə Azərbaycanda Milli Hökumətin yaranmasını oxuyandan sonra özünü lap pis aparmağa başladı və ona görə də hizbi zindanilər onunla tamamilə əlaqəni kəsib, onu boykot etdilər.
Mən Ruindejdən yenə də soruşdum ki, "Mərdom" ruznaməsi nə vaxt nəşr olub və sizin Bakı aktivinə qədər "həbs edilib" iddia etdiyiniz aktiv niyə çağırılıb? O dedi ki, ruznamənin üstündə yazıldığına görə ruznamə yanvarın 20-də nəşr edilib. Sonra mən onun yadına saldım ki, Bakı aktivi də yanvar ayının 26-da olub. Bilirsiniz ki, "Mərdom" ruznaməsi Bakıya Leyspiqdən gəlir və ən yaxşı halda gəlib bizə çatması 12¬15 gün çəkir. Onda bəs bu yanvarın 20-də Leyspiqdə çapdan çıxmış "Mərdom" ruznaməsini yanvarın 26-na qədər Bakıda necə 10 gün "həbs etmişik". Sözümə əlavə edib dedim ki, Rəfıq Ruindej adam yalan və böhtan deyəndə də elə deməlidir ki, çox çətin vəziyyətə düşməsin, heç olmasa, yalandan da olsa ona cavab tapmaq mümkün olsun. Mənim replikama yoldaşlar gülüşdülər. Ruindej özünü itirdi və daha bir söz deyə bilmədi.
Yeri gəlmişkən, bir cəhəti qeyd edim ki, hizbi yoldaşların içərisində olan bəzilərinin fırqənin əleyhinə, vəhdətin əleyhinə ADF-nin adının saxlanılması əleyhinə, ümumiyyətlə, qeyri-təşkilati çıxışlar etməyi bir növ özlərinə peşə etmişdilər. Həmin cələsələrdə çıxış edən fəlsəfə elmləri namizədi Zərinə dedi ki, "Firqəni Bağırov təşkil etmişdi. Firqənin təşkili İran inqilabına ziyan vurdu. Firqənin xalq arasında kökü olmasına əsas dəlillərdən biri ondan ibarətdir ki, Qulam Yəhya Sovet İttifaqına gələrkən atışa-atışa gəlib".
O sözünə ara verib dedi ki, "Firqənin bundan sonra adının qalması mümkün deyil. Onu vəhdətdən əvvəl götürmək lazımdır". O, dediklərinin "düzgün olmasına" şübhə etmədiyinə görə sözünə əlavə edib dedi ki, "Görün iş nə yerə gəlib çatıb ki, düzgün olmayan firqədən disertasiya yazırlar. Mən həmin dissertasiyaya ona görə etiraz etmədim ki, onu dostum Əminzadə yazmışdı. Məhz ona görə də həmin dissertasiyanın müdafiə edilməsinə etiraz etməyib, razılıq verdim. O, çıxışının sonunda dedi ki, Danişianın HTİ-nin nümayəndəsi kimi Sov.İKP XXII qurultayında iştirakını düzgün hesab etmirəm.
Orada çıxış edənlərdən Rüstəmi dedi ki, ADF-nin təşkili şəxsiyyətə pərəstişin nəticəsində yaranıb. İndi firqənin rəhbərləri firqənin adının saxlanılmasında yenə də israr edirlər ki, vaxtı gəldikdə yenidən ayrıla bilsinlər. Firqəçilər həmişə 25-30 min nəfərin şəhid olmasından sui-istifadə edirlər. Firqəni azərbaycanlılar yox, şurəvilər yaratdılar. Elə ona görə də HTİ-nin rəhbərliyi cərəyandan kənarda qaldı, firqənin xalq arasında kökü olmadığına görə sovet qoşunu geri çəkilən kimi firqə də geri çəkildi. Rüstəmi çıxışında aşağıdakı təklifləri etdi: vahid hizbin bir orqanı olsun, onu da Azərbaycan dilinə tərcümə etsinlər. Firqənin adı tezliklə götürülsün. Milli məsələyə gəldikdə İranda bu məsələ Sovet İttifaqındakından daha yaxşıdır. Ona görə ki, İranda milli zülm və milli ziddiyyətlər nəzərə çarpmır. Amma Sovet İttifaqında bu məsələ, daha doğrusu, milli ziddiyyətlər daha kəskindir. Bu ziddiyyətlərin nəticəsində çoxlu adamlar tutulub. "Əgər mənim dediklərimə inanmırsınızsa, yol xərci verin, gedək məhəllələrdə sizə göstərim".
Sonra o dedi: "Azərbaycanda Azərbaycanı birləşdirmək cərəyanı indi də davam edir. Buna misal olaraq Balaş Azəroğlunun məqaləsini göstərmək olar". O sözünün lap sonunda dedi ki, Azərbaycanda hazırlanan kadr millətçi kadr kimi hazırlanır. Elə ona görə də ADF-nin adını saxlamağa hər cür şərait yaradırlar.
Babək çıxış edərək dedi: "Firqənin təşkili əvvəldən düzgün olmayıb. Məhz ona görə də HTİ lap birinci gündən etirazını bildirdi. Yalnız firqə təşkil tapandan sonra HTİ-nin MK ondan tərəfdarlıq etməyə başladı". O, sözünə idamə verərək, dedi ki, burada deyirlər ki, ADF-nin Azərbaycanda kökü yoxdur. Bu, düz deyil. Firqə geri oturandan bir az sonra məni Azərbaycanda işləməyə göndərdilər. Azərbaycanda az bir müddət içərisində ADF-nin adı altında 3 min nəfərdən çox adam toplaşdı. Bu, onu göstərir ki, Azərbaycanda xalq içərisində firqənin kökü və hörməti var. Firqənin həyata keçirdiyi tədbirlər xalqın gözü qabağındadır. İndi bütün bunlara baxmayaraq firqənin adının qalması düzgün deyil. Ona görə ki, hizbin bir adı olsa daha yaxşı olar". Qurban Tərəqqi, Cidai Əzim, Əlipur Vəli, Billuri Hökümə yoldaşlar da çıxış etdilər. Onlar düzgün mövqe tutduqlarına görə çıxışlarını qeyd etməyi lazım bilmirəm. Sonradan biz Universitet hövzəsindəki cələsədə çıxış etdik və oradakı yoldaşlardan bir neçəsindən nümunələr kimi qeyd etmək istəyirəm. Rza İnayət çıxış edərkən dedi ki, şəxsiyyətə pərəstişin təsiri bizim ölkədə hər yerdən çox oldu. Qoy rəhbərlər özləri desinlər, İran neftinin şürəvilərə verilməsi barədəki nümayişlər kimə lazım idi. Bu əməl rəhbərliyin (hizbin - Q.Y.) səhvlərindən biri kimi qeyd edilməlidir. Rəhbərliyin səhvlərindən biri də Qəvamüssəltənə dövlətində iştirak etməsidir. ADF-nin yaranmasına gəldikdə, İran inqilabına zərər vurmaqdan başqa bir şey deyil. Odur ki, fırqənin təşkili kökündən qələt idi. Onun yaranması şəxsiyyətə pərəstişin bilavasitə nəticəsi idi.
Azərbaycan Milli Hökumətinin apardığı islahatlara gəldikdə onlar İran üçün zərərli hərəkət idi. Bu tədbirlərin məqsədi Azərbaycanı İrandan ayırmaq məqsədi güdürdü. Əncüməni əyaləti, məclisi-milli təşkil olundu. Baş vəzir müəyyən edildi. Hətta vəzir cəng təyin olundu. O sonra sözünə idamə verərək dedi: " "Azərbaycan" ruznaməsində fars işğalçı və şovinistləri əleyhinə məqalələrlə yanaşı bəzən də "Yaşasın İran zəhmətkeşləri" yazırdılar ki, bunlar biri-birilə düzgün gəlmir." Mən Rza İnayətinin sözünü kəsib, soruşdum: "Siz fars şovinist və işğalçıları ilə fars zəhmətkeşlərini bir sıraya qoyursuz və ya onları bir-birindən ayırırsınız? Xahiş edirəm bunları aydınlaşdırasınız". O, mənim replikama cavab verə bilmədi və çıxışının tonunu bir qədər zəiflətdi. Yoxsa çox "atəşin" danışırdı.
Rza İnayəti sözünə idamə verərək dedi ki, əsli azərbaycanlılar ilə mühacir azərbaycanlılar arasında ixtilaflar var. Məhz ona görə də firqənin xalq arasında kökü yoxdur. Biz mühacirətdə firqənin adını tezliklə götürməliyik. Bu barədə hizbin rəhbərliyinə hərtərəfli təsir göstərməliyik. Qulam Yəhyaya gəldikdə İranda milli burjuaziya onun adından qorxur və HTİ-nin rəhbərliyində onun adı olduğu üçün HTİ-nə yaxınlaşmırdılar. Əgər həqiqətən HTİ milli burjuaziya ilə yaxınlaºmaq istəyirsə, Qulam Yəhyaya demək lazımdır ki, özü istefa verib, hizbdən uzaqlaşsın və əgər özü uzaqlaşmaq istəməsə, biz təklif edirik ki, onun işdən uzaqlaşması üçün hizb tədbir görsün.
Sonra Əsgər söz alıb, dedi ki, yoldaş Danişiandan bir neçə sual etmək istəyirəm. O, üzünü mənə tərəf çevirib, aşağıdakı sualları Verdi. Belə danışıq gedir ki, İcraiyyə heyəti müəyyən işə göndərilmək üçün bir neçə nəfər adam istəyib, siz verməmisiniz? Bu düzdürmü? Deyirlər firqə bir qaladır, siz də onun qapısında əli tüfəngli durub, oraya heç kəsi buraxmırsınız. Bunun da həqiqəti var, ya yox? Deyirlər Agahi Sov.İKP-nin XXII qurultayı barədə çıxış etdiyinə görə onu ADF MK üzvlüyündən və İcraiyyə heyətindən çıxarmısınız. Bu söhbətlər düzdür, ya yox? Bir çox yoldaşları Bakıdan təbid ediblər. Bu söhbətlərin həqiqəti varmı? Əgər varsa, nə üçün təbid edənləri cəzalandırmırlar?
Cavad Mizani çıxışında dedi ki, rəhbərliyin xalq arasında hörməti yoxdur. Hizb üzvləri arasındakı narazılıqlar rəhbərliyin əleyhinə olmaqlarından irəli gəlir. ADF-nə gəldikdə o, kargər təbəqəsinin hizbi deyil. Ona görə də onunla vahid hizb təşkil vermək kargər təbəqəsi hizbinin ziyanınadır. Hizbin indiki rəhbərləri rəhbərliyə layiq deyillər. Ona görə də rəhbərliyi kənar qoymaq və onlar ın yerinə üçlük təyin etmək lazımdır. Mən təklif edirəm üçlük aşağıdakılardan olsun: İsgəndəri, Təbəri və Nuşin. Eyni zamanda təklif edirəm ki, firqənin iştirakı olmadan hizbin konfransı çağırılsın və orada vahid hizbin yaranması məsələsi müzakirə edilsin. Lazım gəlsə vəhdət təşkil edilsin. İndiki vəhdət isə ləğv edilməlidir.
Məhəmmədzadə (Lənkərani) çıxışında dedi ki, HTİ-nin rəhbərliyi heç vaxt indiki qədər iftizah olmayıb. Onlar hizbin kadrları ilə diplomatik danışırlar. Hər kəs öz tanışını irəli çəkməyə çalışır. Hər kəs öz tanışını işə gətirir. Məhz ona görə də gizli işə təsadüfi və xəbəri olmayan adamlar göndərilir. Ona görə də onlar ya dəstgir olur, ya da özləri İran irticasına təslim olurlar - satılırlar. Məsələn, Rza Qazi nə gizli iş apara bilər ki, onu göndərdilər və ya Gövhəryan gizli işə gedərkən (göndərilərkən) ailəsini də özü ilə apardı, orada da satıldı. Hüseyn Yəzdi təşkilatda həməkarə idi, ona hər cür iş həvalə edilir, onun hər şeydən xəbəri olurdu. Bütün bunlar onu göstərir ki, kadrlar sabiqə, iman iş bacarığı və başqa bu kimi cəhətlərinə görə deyil, kim kimə nə dərəcədə mənsubdursa, həmin ölçü ilə də işə cəlb edilib, irəli çəkildilər.

Hazırladı: Elçin Qaliboğlu