Britaniya səfiri: Sülh sazişinin imzalanması beynəlxalq investorların Azərbaycana inamını artıracaq - MÜSAHİBƏ Müsahibə

Britaniya səfiri: Sülh sazişinin imzalanması beynəlxalq investorların Azərbaycana inamını artıracaq - MÜSAHİBƏ

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “APA-Economics”ə müsahibə verib.

– Cənab səfir, builki III Azərbaycan Milli Şəhərsalma Forumunun mövzusu “İqlimədavamlı və sağlam şəhərlər”dir. Gözləntiləriniz necədir?

– Məncə, bu il forumun mövzusu çox uğurlu seçilib. “İqlimədavamlı və sağlam şəhərlər” mövzusu həm qlobal, həm də regional baxımdan çox aktualdır. Biz artıq britaniyalı “Chapman Taylor” şirkətindən Marçelina Zelinskanın çıxışını dinlədik. Onlar Şuşada mədəni irsin qorunması ilə yanaşı, şəhərin ağıllı və yaşayış üçün ideal məkana çevrilməsi istiqamətində inteqrasiyalı yanaşma üzərində işləyirlər. Bu, bizim – həm Britaniya hökumətinin, həm də britaniyalı şirkətlərin – maraq dairəsinə tam uyğun gəlir.

– Hazırda iqtisadiyyatda əsas gündəm şaxələndirmə və qeyri-neft sektorunun inkişafıdır. Böyük Britaniya bu baxımdan Azərbaycanda hansı istiqamətlərə investisiyaları artıra bilər?

– Bizim məqsədimiz ilk növbədə dinləmək, anlamaq və Azərbaycanın “daha yaxşı yenidən qurulmasına” kömək etməkdir. Ənənəvi olaraq, Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdə enerji sektoru ön planda olub. Lakin indi biz təmiz enerji, infrastruktur, təhlükəsizlik, səhiyyə və təhsil kimi yeni istiqamətlərdə əməkdaşlıq imkanları görürük. Biz Azərbaycanın iqtisadiyyatının neftdən kənar sahələrinin inkişafına dəstək verməyə çox maraqlıyıq.

– Regionda sülh prosesi və iqtisadi inteqrasiya məsələləri də beynəlxalq investorların diqqət mərkəzindədir. Bu kontekstdə Azərbaycanın perspektivlərini necə qiymətləndirirsiniz?

– Vaşinqtonda bir neçə ay əvvəl sülh sazişinin paraflanması beynəlxalq investisiya ictimaiyyətinə çox mühüm siqnal oldu – bu, regionda müsbət dəyişikliklərin başladığını göstərir.
Həmin sazişin rəsmi imzalanması isə beynəlxalq inamı daha da artıracaq. Artıq regionda “əlaqəlilik” – yəni connectivity – məsələlərinə böyük maraq yaranıb. Horadiz və Şərqi Zəngəzur vasitəsilə Naxçıvan istiqamətində inşa olunan yol və dəmir yolu layihələri bu baxımdan çox təsir edicidir. Bu, sülh və rifah üçün əsaslı infrastruktur yaradır.

– İşğaldan azadolunmuş ərazilərdə Britaniya şirkətlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Britaniya şirkətləri artıq burada aktiv fəaliyyət göstərirlər. BP Cəbrayılda günəş enerjisi layihəsini həyata keçirir. “Chapman Taylor” bir neçə şəhərin baş planının hazırlanmasında iştirak edib. Həmçinin Britaniyanın bir sıra şirkətləri minatəmizləmə işlərinə cəlb olunub. Bundan başqa, Heydər Əliyev Mərkəzinin memarlığını hazırlamış “Zaha Hadid Architects” də bu bölgədə yeni imkanları araşdırır. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın bərpa və inkişaf prosesində real tərəfdaşlıq niyyətini göstərir.

– Zəngəzur dəhlizinin və digər nəqliyyat marşrutlarının istifadəsinə başlamaq üçün hansı addımlar atılmalıdır?

– Düşünürəm ki, hələ müəyyən danışıqlar aparılmalıdır. Sazişin ilkinləşdirilməsindən imzalanma mərhələsinə keçid beynəlxalq inam baxımından çox vacib olacaq. Belə forumlar isə həm beynəlxalq nümayəndələrə, həm də şirkətlərə bölgədə baş verən real dəyişiklikləri yerində görmək imkanı yaradır. Qarabağda dünya səviyyəli infrastrukturun qurulması artıq aydın şəkildə görünür.

– Bilirik ki, futbolu çox sevirsiniz və bizim “Qarabağ”ın Britaniya klubları ilə ÇL çərçivəsində iki oyun gözləyir. Gözləntiləriniz necədir?

– Açığını deyim, mən futbolu çox sevirəm. Qarabağ bu mövsüm çox güclü görünür. “Benfika” ilə 3:2 hesablı qələbə və Kopenhagenə qarşı oyun göstərdi ki, bu komanda Avropa səviyyəsində rəqabət apara bilir.
Chelsea Bakıya gələndə çox maraqlı qarşılaşma olacaq. Britaniya səfiri kimi, bu oyunda mənim ürəyim iki yerə bölünəcək – həm Chelsea, həm də Qarabağ üçün (gülür).