Rusiya ilə elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Hadisə

Rusiya ilə elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev və Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini qəbul edib. Görüşdə AMEA və REA arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Akademik Akif Əlizadə qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tədbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib. Azərbaycan alimlərinin REA-nın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən danışan AMEA rəhbəri neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Alim AMEA-nın Rusiyanın müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
AMEA prezidenti, həmçinin akademiyada geologiya, fizika, informasiya texnologiyaları, geofizika, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb. Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Roald Saqdeyev birgə aparılan fundamental və tətbiqi araşdırmaların genişləndirilməsi, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunması və ikitərəfli kadr mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Sergey Tixotski öz növbəsində REA-nın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirərək, Yer fizikası üzrə aparılan tədqiqatlardan söz açıb. O, iki ölkə arasında elm sahəsində əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, REA-nın Yer Fizikası İnstitutunun Geoelektrodinamika laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popova iştirak ediblər. Qeyd edək ki, 2018-ci il üçün "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrinə əsasən akademik Roald Saqdeyev qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə bu mükafata layiq görülüb.