Tələbələr məcburi şəkildə orta məktəblərdə təcrübə keçəcəklər Hadisə

Tələbələr məcburi şəkildə orta məktəblərdə təcrübə keçəcəklər

Mikayıl Cabbarov: "Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır"
Ali məktəblərdə təhsil kreditləri hökumətin qərarı ilə müəyyən olunacaq

"Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə Azərbaycan hökuməti tərəfindən verilən təqaüdlərin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir". APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təqaüdlərin vaxtı-vaxtında verilməsi üçün son aylar ərzində Təhsil Nazirliyi tərəfindən addımlar atılıb: "Biz də bu prosesləri izləyirik. Əslində şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik. Bununla bağlı konkret şikayət və müraciətlər olarsa, istər Təhsil Nazirliyinin "Qaynar xətti"nə, istərsə də bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər. Təqaüdlərin verilməsi müvafiq qərarlar çərçivəsində həyata keçirilir".
Təhsil naziri ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı yaranan problemlərə də aydınlıq gətirib. Ali məktəblərdə kəsiri olan tələbələrin öz akademik borclarını ödəmək üçün alt qrupda yenidən dərs keçmələrindən ötrü vəsait ödəməli olmaları haqda tətbiq edilən yeniliklərə gəlincə, M.Cabbarov qeyd edib ki, bütün ali məktəblərdə təhsil kreditləri ilə bağlı olan məsələlər Azərbaycan qanunvericiliyinə əsasən Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərarlar və digər tənzimləyici aktlara uyğun olaraq həyata keçiriləcək.
"Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır". APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələrin məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsi tətbiq olunacaq. Təhsil naziri bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün əlavə güzəştlərin tətbiq edilməsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyində bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə Təhsil Nazirliyi bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını bilir və hər zaman bunun həllinə çalışır.
Bölgələrdə bir müəllimin ixtisasını dəyişərək digər ixtisasdan dərs deməsi halına gəlincə, M.Cabbarov əlavə edib ki, əgər kimsə qanun çərçivəsində yeni ixtisasa yiyələnirsə, bu normal haldır: "Təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə buna qarşı istər Təhsil Nazirliyi, istərsə də müvafiq qurumlar tərəfindən mübarizə aparılır. Təhsil sistemində olan mənfi hallarla kampaniya şəkilində mübarizə aparmırıq. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa, təhsil ictimaiyyəti bunu qəbul edərsə, o zaman müvafiq vəsatətləri qaldırırıq və həmin qanunvericiliyin təkmilləşməsinə çalışırıq".
"Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir". Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Hər bir sənədin saxtalaşdırılmasının mümkün olduğunu deyən M.Cabbarov qeyd edib ki, bu, müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir: "Belə hallara tamamilə fərqli prizmadan baxılır və baxılmalıdır. Onlar aşkarlanarkən məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Biz saxta diplom dedikdə məhz bunu nəzərdə tuturuq. Ona görə də hər bir dövlət orqanı kimi, istər işəgötürən, istərsə də təhsil məsələlərini tənzimləyən qurum kimi belə hallarla rastlaşarkən həmin məlumatları hüquq-mühafizə orqanlarına göndərmişik. Bu iş gələcəkdə də davam etdiriləcək. İkinci məsələ isə qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Diplom özü-özlüyündə sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb və verilir, lakin onun verilməsində qanun pozuntuları baş verir və hüquqi olmayan həmin sənəd verilir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki təhsil pozuntularına qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Biz bu işləri gələcəkdə də davam etdirəcəyik. Pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək".
"Bu gün ali təhsil sistemində olan problemlərdən biri universitetləri çox uğurla başa çatdıran məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır". APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu istiqamətdə işə götürənlər, işgüzar assosiasiyalarla görüşlər keçirilir, müzakirələr aparılır: "Onlar tərəfindən verilən cavab ondan ibarət olur ki, məzunların peşələrə hazırlığı qaneedici olsa da, praktik hazırlığı istənilən səviyyədə deyil. Bu problem Azərbaycan üçün unikal deyil. Biz elə bir dövrdə yaşayırıq ki, ölkədə işəgötürənlərin sayı heç zaman bu qədər çox olmayıb. Bu da bilikli iqtisadiyyata keçidin fəsadlarından biridir. Amma Təhsil Nazirliyi işəgötürənlərlə sıx əlaqənin yaradılması, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığında maraqlıdır".
M.Cabbarov qeyd edib ki, Azərbaycanın ali təhsil sistemində yüksək keyfiyyətli təhsil verilməlidir: "Azərbaycanın vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili Azərbaycanın ali təhsil müəssisələrində almalıdır. Bu gün müasir təhsili qloballaşan dünya çeviklik, peşəkarlıq, müasir bilik və texnologiyalar, xarici dillərin öyrənilməsindən kənar təsvir etmək çox çətindir. Bu proseslərin hər biri yeni yaradılan SABAH qruplarında özünü əks etdirəcək".