Pediatriyanın aktual məsələləri mövzusunda elmi konfrans Hadisə

Pediatriyanın aktual məsələləri mövzusunda elmi konfrans

İyunun 1-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Pediatriyanın və respirativ təbabətin aktual məsələləri. Sağlamlığa doğru addımlar" mövzusunda elmi-tədris konfransı keçirilib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir Azərbaycan Səhiyyə Nazirliyinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU), Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunrebitoloqlar Cəmiyyətinin, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Rusiyanın "Səhiyyədə tərəfdaşlığın inkişafı" qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil edilib.
Tədbirdə uşaqlarda bronxial astma, allergiya, pnevmoniya və respirativ sistemin digər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunur. Konfransın həmsədrləri Birinci MDTU-nun uşaq xəstəlikləri kafedrasının müdiri, Pediatrik Respirator Cəmiyyəti Şurasının sədri, professor Natalya Qeppe, Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunrebitoloqlar Cəmiyyətinin prezidenti, MDB ölkələri Allerqoloqlar və İmmunoloqlar Şurasının vitse-prezidenti, professor Amaliya Eyyubova, professor Hüseyn Qabulov, ATU-nun immunologiya və allerqologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva və ATU-nun I Uşaq xəstəlikləri kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevdir.
ATU-nun tədris işləri üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov tədbirdə çıxış edib. O bildirib ki, elmi-tədris konfransı tibbi təhsil sahəsində ən yaxşı təcrübənin və müasir texnologiyaların öyrənilməsi yolu ilə tibb işçilərinin və tibb sistemi mütəxəssislərinin ixtisas səviyyəsini artırmaq məqsədilə "Sağlam uşaqlığa doğru addımlar" layihəsi çərçivəsində keçirilir. R.Bəylərov daha sonra qeyd edib ki, bir sıra ölkələrdə bu cür konfranslar keçirilməsi müxtəlif ixtisaslı həkimlər arasında təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Professor Natalya Qeppe, professor Amaliya Eyyubova və digərləri qeyd ediblər ki, konfransda uşaqlarda yuxarı nəfəs yollarının və bronxial astmanın obstruksiyası, nəfəs yollarının xəstəxanadankənar infeksiyası, respirativ infeksiyalar məsələləri, uşaqlarda tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasının müasir metodları müzakirə ediləcək. Professor Natalya Qeppe İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetnin 260 iliyi münasibətilə nəşr edilmiş kitabı Azərbaycan Tibb Universitetinin kitabxanasına hədiyyə edib.
Sonra elmi-tədris konfransının işi tematik sessiyalarda davam etdirilib. Professor Natlya Qeppe "Obstruktiv bronxitdən bronxial astmaya: yerli və xarici klinikaların tövsiyə materialları əsasında", professor Lyudmila Kozlova "Uşaqlarda xəstəxanadankənar pnevmoniyanın müalicəsində yol verilən səhvlər və onların düzəldilməsi", professor Lalə Allahverdiyeva "Respirativ patologiyası olan uşaqlarda sublinqval immunoterapiyanın klinik-immunoloji effektivliyi", professor Aleksandr Malaxov "Bronxitlər və xəstəxanadankənar pnevmoniya: diaqnozdan müalicəyə", professor Dmitri Deqtyaryov "Yarımçıq doğulmuş uşaqlarda bronx-ağciyər diplaziyasının qarşısının alınması və müalicəsinin müasir prinsipləri", tibb üzrə fəlsəfə doktoru Sevda Əsədova "Yarımçıq doğulmuş uşaqlarda respirativ distress-sindromun terapiyasının müasir praktikası", dosent İvan Dronov "Artan antibakterial rezistentlik şəraitində rasional antibiotikoterapiya", dosent Yekaterina Yablokova "Mədə-bağırsaq traktının normal və patoloji mikrobiotu haqqında təsəvvür. Uşaqlarda heliobakterial infeksiyanın terapiyası prinsipləri" mövzularında məruzələrlə çıxış ediblər. Sonra diskussiya keçirilib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.