XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi vəziyyət Hadisə

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi vəziyyət

Hüseyn Baykara

Kənd və şəhər əhalisinin əl əməyi ilə meydana gələn xalça və başqa toxunmaların böyük bazarlara aparılmasında "həftə bazarı" adlanan və ən əhəmiyyətliləri Lahıc, Basqal, Altıağac, Bərgüşad, Salyan, Vartaşen, Padar, Qutqaşen, Ağdaş, Ərəş, Masallı, Astara, Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə qurulan bazarlar böyük rol oynamışdı. Bu bazarların bəziləri hər həftə məhəlli yarmarkalara çevrilmiş və yerləşdiyi rayonun daxili bazarında topdansatış, pərakəndə satış və ixracatla məşğul olan tacirlərin ixrac edəcəkləri malların toplanmasında faydalı və əhəmiyyətli rol oynamışdı. 1870-ci ildə Tiflisdə çıxan "Qafqaz" qəzeti yazırdı: "Ağdam bazarından Marsel və İtaliyaya yüksək keyfiyyətli ipək və barama göndərilmişdi. Bu həftə bazarlarının sosial xidməti də olurdu. Kəndlini şəhərlilərlə yaxınlaşdırır və bu iki ayrı sosial təbəqəyə mənsub eyni millətdən olan cəmiyyəti birləşdirirdi. Çar Rusiyasının əsarəti altında olan Azərbaycanın ixracat faizi o zamanlar daim idxalından çox olurdu. Xalqın güzəranı da xanlıq dövrünə nisbətən müqayisə olunmayacaq dərəcədə yaxşılaşırdı. 1880-ci ildən sonra yun, pambıq, tütün, ipək çox artmışdı.

Şəhərlər

Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlərindən biri olan iqtisadçı Məmmədhəsən Vəlili (Baharlı) 1921-ci ildə Bakıda nəşr etdirdiyi "Azərbaycanın coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizəsi" adlı kitabında Azərbaycanda şəhər əhalisinin artması, şəhərlərin təşəkkülü və Bakı əhalisi haqqında bunları qeyd edir: "Azərbaycanın tarixi hərəkat və həyat mərkəzlərinə - Şamaxı, Bakı, Quba, Gəncə, İrəvan, Nuxa, Şuşa və bu kimi mahallara çoxdan kənd əhalisi axışmışdır və bunun nəticəsində bu yerlərin əhalisinin sayı xeyli artmışdı".
Əhalinin sıxlığına sənayenin tərəqqi etməsi, kənd təsərrüfatının, balıqçılığın və dəmir yolunun artması böyük təsir etdi.
Bütün bunlar Bakının əhalisinin həddindən çox artmasına səbəb olmuşdu. Onun ətrafında neft sənayesi, onunla əlaqədar olaraq zavod və emalatxana işləri artdıqca buraya təkcə azərbaycanlılar deyil, çoxlu miqdarda rus, isveç, yəhudi, alman kimi xaricilər də gəlmişdilər. 1860-cı ildə Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin 20%-i şəhərdə yaşayırdı. Bakıda azəri türkləri 45.000, ruslar 19.000, erməni və başqa millətlərdən olanlar 111.000 idi.
1886-1897-ci illər arasında Gəncədə əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147% artmışdı. 1897-ci ildə Gəncənin 33.090, Şuşanın 25.881, Nuxanın (Şəkinin - red.) 24.734, Şamaxının 20.007, Qubanın 15.363, Salyanın isə 11.787 nəfər əhalisi var idi. 1897-ci ildə olan siyahıyaalmaya görə Azərbaycanın əhalisi (Zaqatala daxil olmaqla) 1.805.788 nəfər imiş, 1897-ci il hesablamasının Azərbaycan xalqı haqqında verdiyi statistik məlumata şübhə ilə yanaşmaq lazımdır. Bu barədə Məmmədhəsən Baharlı belə deyir: "1897-ci ildə olan siyahıyaalma, ümumiyyətlə, ətraflı və düzgün deyildir. Çünki, islam əhalisi əsgərliyə çağırılmaqdan, torpaq mükəlləfiyyətindən və verginin artırılmasından ehtiyat etdikləri üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər. Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar çinovnikləri və polisləri bunu bilərəkdən edirdilər ki, müsəlman xalqının sayı az görünsün" (həmən əsər: səh. 22). Bu səbəbdən M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin sayını 2.150.000 nəfər göstərir və qeyd edir ki, Azərbaycanın heyvandarlıqla məşğul olan, yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan köçəriləri də hesaba alınmalı idi
***
Bakıda olan 204 sənaye müəssisəsinin 115 kapitalistindən 18%-i Azərbaycan türk kapitalistləri idi. Rus kapitalistləri 27% təşkil edirdi (Adlarından da açıqca görünür ki, rus kapitalistləri – Benkendorf, Qubonin, Şibayev – H.B.). Rusiya təbəəsi olan xaricilərdir. Un və çəltik təmizləyən zavodlar Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov və başqa türklərə məxsus idi. Yerli azəri türklərinin bu sənayeyə qoyduqları kapital ümumi kapitalın 36%-ni təşkil edirdi. Neft sənayesində Azərbaycanın milli kapitalı 21% idi. Səlimxanov neft-kimya sənayesində ən böyük kapitalist idi. Onun, sənayenin bu sahəsinə qoyduğu kapital ölkədə bu sahəyə qoyulan ümumi kapitalın 10%-nə çatırdı. Bakıda ilk dəfə toxuculuq sənayesinə başlayan kapitalist H.Z.Tağıyev idi və həmin kombinat bu günə kimi fəaliyyət göstərir. 1880-ci ildə azərbaycanlılar Xəzər dənizindəki yelkənli gəmilərin 80%-nə sahib idilər. Xəzər dənizində mövcud olan gəmilərin 58%-i yerli türk kapitalistlərin payına düşürdü (Azərbaycan tarixi, II cild). Dəniz və çay nəqliyyatı işində təşəbbüs göstərən kapitalistlər – Dadaşovlar, Hüseynovlar, Aşurov, Manafov, Zeynalov və başqaları idi. İpəkçilik sahəsində olan kapitalistlərdən Nuxada Hacı Kərim Hacı Vahab oğlunu, İbrahim Əkbər oğlunu, Hacı Abdul Rəhimovu, Hacı Məmməd Rəhim oğlunu və başqalarını göstərmək olar. Qarabağda da ipəkçilik sahəsində Muradov və b. fəaliyyət göstərirdi. Balıq sənayesini milli Azərbaycan kapitalistləri Tağıyev, Sultanov, Əhməd Mustafa oğlu, Ağa Mustafa oğlu və başqaları təmsil edirdilər. Azərbaycan milli kapitalını daha çox, qüvvətli və sayca üstün olan, yerli türk ticarət burjuaziyası əlində saxlayırdı. Bu zümrə Azərbaycanın ortabab və daha çox yüksək dərəcəli topdansatışla məşğul olan tacir sinfi idi. Onlar Bakının, Gəncənin, Şamaxının, Şuşanın, Nuxanın, Naxçıvanın, Ordubadın və başqa şəhərlərin bütün ticarətini əllərində saxlayırdılar. Bu orta təbəqəyə kənd təsərrüfatını öz əlində cəmləşdirən əkinçilər də daxil idi. Bu orta təbəqənin Azərbaycanda üzərinə düşən sosial, iqtisadi, mədəni və siyasi rolu tarix baxımından, Qərbi Avropa cəmiyyətlərində olduğu kimi yerində və vaxtında çox gözəl icra etdiyini irəlidə görəcəyik.
***
"Proletar" sözü XIX əsr iqtisadçıları tərəfindən olduqca çox işlədilmiş bir termindir. Sonradan Karl Marks bu terminə öz nəzəri baxımından xüsusi mənalar vermişdir. Əslində proletar sözünün mənası "gündəlik əməyilə dolanan fəhlə" deməkdir. Yazımızın əvvəlində Azərbaycanda sənayenin, ticarətin Qərbə məxsus inkişaf etməsini uzun-uzadı anlatdıqdan sonra bu həyatın ayrılmaz parçası olan fəhlə sinfindən söz açmamaq olmaz.
1901-ci ildə Azərbaycanda neft sənayesində işləyən fəhlələrin sayı 26.637 nəfər idi. Neft quyularının qazılmasında 5409, nefttəmizləmə zavodlarında çalışan fəhlələrin sayı isə 3865 nəfərə çatırdı. 1897-ci ildə Bakıda maşınqayırma işlərində və buna bənzər mexaniki işlərdə çalışan fəhlələr bu hesaba daxil deyildi. Gəmi təmiri tərsanlərində, elektrik enerjisi istehsal edən müəssisələrdə Nobelə, "Qafqaz-Merkuri", "Xəzər" şirkətlərinə, Şibayevə, elektrik qüvvələrinə, Listə, Mışaka, Bardorfa, Eyzenşmitə və başqalarına aid olan zavod və fabriklərdə, Nadejda, Kaspi, Dadaşov müəssisələrində, Bakı şəhərində və onun ətrafında kimyəvi maddələr istehsalında (kükürd, potaş), mis emalında, balıq sənayesində, Gəncədəki kobalt, dəmir, Naxçıvandakı duz mədənlərində minlərlə fəhlə çalışırdı.
1900-cü ildə yalnız balıqçılıq sənayesində 6359 fəhlə çalışırdı. Artıq kapitalizm sənayedə, ticarətdə özünə yer tutmuşdu. Bütün sənaye sahələrində - artellərdə, emalatxanalarda çalışan işçilərin ümumi sayı (Bakıda) təxminən 50.000-dən çox idi. Yarıdan çoxu azərlər (Azərbaycan türkləri-red.) olan bu işçilərin çox hissəsi Güney Azərbaycandan gəlmişdi. 1917-ci il 22 oktyabrda Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda çalışan və İran təbəəliyində olan 15.000 iranlı işçinin seçki hüququna malik olmadıqlarına baxmayaraq "Müsavat" partiyası daha çox səs qazanmışdı (Mirzə Bala Məmmədzadə. "Rusiya inqilabında türklər" jurnalı, Münhen, 1957, № 9. səh. 12). 1891-ci ildə Şimali Azərbaycanda 15615, 1901-ci ildə isə 22776 adama pasport verilmişdi. Bunların bir qismi Güney Azərbaycandan Qafqaza gələn fəhlələr idi.
Beləliklə, Güney Azərbaycandan gələn fəhlələr başda Bakı olmaq üzrə, sənayeləşən Azərbaycanın əsas işçi qüvvəsini təşkil edirdilər. 1883, 1893, 1897, 1898-ci illərdə Azərbaycanda baş verən quraqlıq nəticəsində azəri kəndliləri şəhərə axışırdılar. Azərbaycanda türklərdən başqa dağıstanlılar, ermənilər, gürcülər, ruslar da işləyirdilər. Sahibi erməni olan iş yerlərində işçilərin 90%-ni ermənilər təşkil edirdi. Ter-Qriqoryanın tütün fabriki buna misal ola bilər. 1900-cü ildə balıq sənayesində çalışan işçilərin hamısı azəri (Azərbaycan türkləri-red.) idi.

ŞİŞLİ – İSTANBUL, 28.05.1975