Almaniyalı tələbələrin iştirakı ilə ölkəmizdə ilk ekosistem tədqiqatları aparılıb Hadisə

Almaniyalı tələbələrin iştirakı ilə ölkəmizdə ilk ekosistem tədqiqatları aparılıb

Almaniyanın Frankfurt Universitetinin Ekologiya, təkamül və müxtəliflik departamentinin 11 nəfərdən ibarət professor-tələbə heyəti Azərbaycanda ezamiyyətdə olub. Səfər Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə Frankfurt Universiteti arasında imzalanmış memorandum çərçivəsində reallaşıb. Səfərin məqsədi Botanika İnstitutunun gənc mütəxəssisləri ilə birgə Qobustan, Ağsu, Ağdaş, Gəncə, Tovuz, Qəbələ, Ağstafa, Quba və Qusar rayonlarının müxtəlif ekosostemlərində monitorinqlərin aparılması və müasir metodların tətbiqi ilə iqlim amillərinin təbii komplekslərə təsirini tədqiq etmək olub.
Ekspedisiya müddətində hər iki ölkənin tələbələri bu rayonlarda müxtəlif bitkilik tiplərində (dağətəyi və aşağı dağ qurşağı quru bozqırlarda, düzən və dağətəyi yarımsəhralarda, yüksək dağlıq və subalp çəmənliklərdə) tədqiqatlar aparıb, həmin ərazilərdə yayılan bitkilərin duzluluğa, quraqlığa və günəş radiasiyasına qarşı reaksiyasını öyrəniblər. Aparılan monitorinqlərin nəticələri Botanika İnstitutunda təşkil olunmuş "Azərbaycanda biomüxtəlifliyin qorunmasının inkişaf metodları" mövzusunda beynəlxalq simpoziumda təqdim edilib. Məruzələr ətrafında yerli və xarici mütəxəssislər qarşılıqlı elmi müzakirələr aparıb və mübahisəli məsələlərə aydınlıq gətiriblər.