Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub Hadisə

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında sentyabrın 17-də məzun buraxılışı və "Bilik günü"nə həsr olunmuş geniş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Tədbir açıq elan edildikdən sonra dövlət himni səsləndirilib, dövlət bayrağı meydana gətirilib.
Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məzunları və onların vaildeynlərini FHN-in rəhbərliyi adından təbrik edib. Bildirib ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz bəbəkləri kimi qorumalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq akademiya məzunları insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlməlidirlər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov da məzunları təbrik edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edərək onlara uğurlar arzulayıb.
FHN-in akademiyasını fərqlənmə diplomu ilə bitirmiş məzun Mirramin Yunusov kursant yoldaşlarının adından çıxış edərək nazirliyin rəhbərliyinə və akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.
Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə akademiyanın 2018-ci il məzunlarına "leytenant" hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Şöhrət Əmrahov xatirə lövhəsini simvolik "Yaş kötüyü"nə vurub.
Sonra dövlət bayrağı məzunlar tərəfindən IV kurs kursantlarına təhvil verilib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə başa çatıb.