XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatlar Hadisə

XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatlar

Hüseyn Baykara

3-cü yazı

Mövzunun əhəmiyyətini nəzərə alaraq milliyyətçilik və vətənpərvərlik haqqında bəzi filosof və siyasi xadimlərin fikirlərini bildirməyi lazım bilirəm. Bauer milliyyət məsələsinə belə bir sxem verir. Xalqların tarixi gələcək nəsillərə iki yol ilə təsir edər:
1. Yaşamaq qayğısı üçün aparılan mübadilənin içində inkişaf edən formalaşma nəticəsi müəyyən vücud xüsusiyyətlərini irsiyyət yolu ilə gələcək nəslə aşılamaqla.
2. Təşəkkül edən müəyyən mədəni ideal tərbiyə etmək, adət və hüquq yolu ilə cəmiyyət halında yaşayan gələcək nəslə verməklə. Beləliklə, bu hərəkətetdirici qüvvə bizdə tarixdir, bizdəki milliyyəti təyin edir, bizi bir millət olaraq bir-birimizə bağlayan doğmalığı təşkil edir. Millət, milli xarakterdə, fərdin milliyyətində özünü göstərir. Fərdin milliyyəti, cəmiyyətin tarixi keçmişi ilə bağlı bir cəhətdən başqa bir şey deyil.
Renan milliyyəti belə tərif edir: "Zəngin tarixi xatirələrin irsiyyət yolu ilə əldə edilməsi birinci ünsürdür, digəri birlikdə yaşamaq arzusu ilə atalardan ümumi şəkildə alınanları birlikdə idarə edərək birlikdə yaşamaq iradəsidir. Millətdə atalara sitayiş arzusu bütün ibadətlərdən üstün mövzudur. Atalar bizləri, bizlər hal-hazırda necə variqsa elə yaratdılar. Qəhrəmanlıqlarla dolu keçmiş, böyük adamlar və yaratdıqları şan və şərəf, beləliklə milliyyət idealının əsasını təşkil edən sosial kapital. Keçmişin şanlı hərəkətlərini duyarlıqda birlik olmaq, bu hərəkətlərdə gələcəkdə də birlikdə iştirak arzusu və hal-hazırda yaşamaq üçün ümumi iradə, beləliklə xalqın yaşamasına uyğun şərait. Açlıqca görünür ki, bir topluluq olaraq yaşamağa davam etmək arzusu öz ifadəsini millətin varlığını davam etdirməkdə özündən davamlı bir plebisit mənzərəsi göstərməkdədir" (E.Renan. Qu est ce guanne nation? 1882, səh. 26-27).
Təkamülçü marksist Bauer, idealist Renan, bitərəf, elm adamı, filosof Yoanne və nəhayət, ifrat solçu marksist Lenin, bunlar hamısı millət gerçəkliyi üzərində diqqəti heyrət ediləcək dərəcədə ittifaq edir və vətənpərvərlik gerçəyini ard-arda, başqa sözlərlə fəqət, eyni anlam daşıyacaq şəkildə ifadə edirlər. Demək, etnik toplumun atalardan qalma maddi və mənəvi mirası, vətənpərvərlik duyğusunu meydana gətirir. Millətin varlığında etnik xüsusiyyətin başda gəldiyini söyləyən bu iki filosof (Renan və Yoanne) və iki – həm filosof, həm də siyasi xadim (Bauer, Lenin) millət gerçəyini bir həqiqət olaraq qəbul etdikdən sonra öz fəlsəfələrinə görə, nəticəyə varmada bir-birlərindən ayrılırlar. Xüsusilə sosialist Bauer ilə kommunist Lenin bu millət gerçəkliyinin yerinə marksist nəzəriyyəsinə görə proletar qardaşlığı fikri fəlsəfəsini yerləşdirməyə çaşılırlar. Onlar deyirlər ki, sinfi mübarizədə siniflərin toplum içində bir-birlərinə olan mənfəət bağlılığı milliyyət bağlılığından üstün sosial bir əlaqə yaradır. Leninin rus inqilabı təcrübəsi, Maonun Çin inqilabı və nəhayət, Yuqoslaviya, Çexoslovakiya, Albaniya, Rumıniya hadisələri marksizmin proletar qardaşlığı nəzəriyyəsinin tamamilə iflas etdiyini və rus kommunist inqilabının rus millətini tarixdə misli görünməmiş rus şovinizminə, rus imperializminə apardığını və Çin kommunist inqilabının da Çini öz geopolitik vəziyyəti istiqamətində imperializmə apardığı artıq izah və açıqlamağa lüzum olmadığı qədər aşkardır.
Dünya cəmiyyətinin fikri qarşısında da vəziyyət belədir. Gördüyümüz kimi, millət anlamı hər şeydən öncə etnik xalq toplumunun varlığını ifadə etməkdədir. Azərbaycanda bu etnik xalq toplumu varlığı türk olaraq mövcuddur və keçmişi də tarixin ən qədim dövrlərinə, bir neçə min illərə qədər uzanmaqdadır. Vəziyyət belə olduğu halda dövlətlər hüququ yönündən bir dövlətin necə meydana gəlməsi məsələsini araşdıraq. Bu məsələdə dövlətlər hüququnun dünya avtoritetləri başqa-başqa kəlmələrlə həmin eyni şeyi söyləyir. Köhnə Berlin universiteti professoru fransız Fon List yeni bir dövlətin meydana gəlməsi üçün üç ünsürün varlığı lazımdır deyir. 1 – xalq; 2 – torpaq parçası, ərazi; 3 – dövlət hakimiyyəti. Dövlətin meydana gəlməsi (haqqında söhbət açılan) torpaq parçası üzərində yaşayan vətəndaşların iradəsinə bağlıdır. Əsla və qətiyyən kənar iradəyə yox (Dövlətlər hüququ. Riqa, 1932-ci il, səh. 64).
Çar Rusiyasının dünyada tanınmış hüquqşünası F.Martens bütün dünya dillərinə çevrilmiş ikicildlik "Dövlətlər hüququ" əsərində deyir ki: "Müəyyən ərazi üzərində öz hüquqları və mənfəətləri bərabər olan və bir hakimiyyət altında birləşən insanlar ittifaqı, dövlətlər hüququ anlamında dövlətdir" (F.Martens. Mədəni xalqların çağdaş Dövlətlər hüququ. Sankt-Peterburq, 1887-ci il, 1 cild, səh. 233).
Martens sabiq Roma hüquqşünası və natiq Siseronun dövlət fikrini eynilə təsvir edir. Siseron deyir ki: "Dövlət, xalq topluluğunun qarşılıqlı iradə və faydalarla bir-birinə olan bağlılığından və birliyindən doğan yüksək cəmiyyətdir". Yuxarıda millət anlamı haqqında daha çox sosialist mütəfəkkirin fikirlərinə yer verdik. Dövlətin məlum olmayan cəhətlərini ən səlahiyyətli və böyük hüquqşünaslardan öyrəndik. Yenə də bu müqayisələrlə xalqımızı araşdırmağa başlayaq. Bütün bu araşdırmalardan da anlaşılır ki, millətin öz varlığını dərk edə bilməsi üçün iqtisadi varlığın müəyyən səviyyəsinə çatması lazımdır. Millətin etnik birliyə və kökə əsaslanması lazımdır. Bu surətlə millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və mənfəət birliyi kimi ünsürlər mövcud olmalıdır. Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında bir-birlərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından onlara qalan iftixaredici və kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdadır.

***
Millətin meydana çıxması üçün hər şeydən öncə etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni bir toplum olaraq sosial həyat sürməsi lazımdır. Tarixin böyük bir amansızlığına düçar olan xalqımız imperialist və istismarçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünüb, Şimali Azərbaycan rus imperiyasına, Cənubi Azərbaycan isə İran dövlətinin tərkibinə daxil olub. Iki əsrdən bəri parçalanmış xalqa qarşı aparılan ruslaşdırma, farslaşdırma siyasətinə baxmayaraq xalqımızın etnik quruluşunda əsaslı dəyişiklik olmayıb. Əgər vəziyyət uzun müddət belə davam edərsə, yox olmaq təhlükəsi meydana çıxa bilər. İkiyə bölünmüş xalqımız məcburiyyət qarşısında qalaraq bir-birinə bənzəməyən inkişaf yolları keçməyə məcbur olub. Bu dövlətlər tərəfindən istismar olunan xalqımız nə dilini, nə dinini, nə adətini, nə də mədəniyyətini itirib.
Qafqazdakı xalqımızın XIX əsrdə müasir bir millət kimi formalaşmasında Qərb üsulu ilə inkişaf edən sənayenin və ticarətin böyük rolu olub. Xanlıqlar dövründə iqtisadi quruluş çox zəif idi. XIX əsrin ikinci yarısında Azərbaycanda ticarətin, kapitalizmin inkişafı köhnə feodal sosial və iqtisadi münasibətləri kökündən dəyişib. Beləliklə, şəhərlərdə, vilayətlərdə ticarət və mal mübadiləsi etmək imkanına malik olan insanlarımız bir-birinə daha da yaxınlaşdı. Onlar böyük şair Füzulinin, Molla Pənah Vaqifin anlaşılan dili ilə bir-birlərini qarşılıqlı olaraq anladılar; yeni meydana gələn sənayenin və ticarətin ehtiyaclarını ifadə edəcək ədəbi dilin yaradılmasını təmin edəcək müəssisələr qurdular, şəxsiyyətlər yetişdirdilər. Bu cəmiyyətlər, şəxsiyyətlər ticarət və sənaye həyatının ehtiyaclarını ifadə edəcək şəkildə azərtürk ədəbi dilini formalaşdırır və yeni həyatın milliyyətcə bir xalq halında öz kökünə qayıtmasına kömək edirdi. Azərbacan-türk ədəbi dili xalqımızın bir-birini yaxşı başa düşəcəyi şəkildə inkişaf edirdi. Az miqdarda da olsa nəşr olunan kitab, jurnal və qəzetlərdə ədəbi dilin əsasını xalq dili təmsil etdiyi üçün yeni doğan maarif, mədəniyyət axımının təməlində demokratik ünsür, mahiyyət var və xalq üçün, xalq ilə birlikdə prinsipi öz-özündən irəliləyirdi.
Bakı başda olmaqla, Azərbaycanda şəhərlərin böyüməsi, şəhərlərdə xalqın toplu halda ticarət və sənaye həyatında iştirak etməsi, insanların bir-birilə çox sıx sosial və mədəni münasibətlərdə olması, ədəbi dilimizin təşəkkülündə əhəmiyyətli rol oynamışdı. Yeni ehtiyacları qarşılayan ədəbi ləhcədə Azərbaycanın vilayət və qəzalarında yaşayan xalqın ləhcələri arasında olan, ən gözəl anlamları, incə xüsusiyyətləri ifadə edən sözlər, cümlələr xalqın danışdığı dilə qarışır, ədəbi dilimiz zənginləşir, tamamlanır, xalq arasında olan dil birliyi bu xarakterdə vücuda gəlir.
"Millət" anlamını M.F.Axundzadə işləmiş, H.Zərdabi isə bu axımı 1875-ci ildə davam etdirmişdi. 1880-ci ildə nəşr olunmağa başlayan "Kəşkül" qəzeti bu ənənəyə sadiq qalaraq "türk milləti" sözlərini işlətmişdi. Ünsüzadə qardaşları tərəfindən nəşr olunan "Ziya" adlı qəzetdə "millət", "istibdad", "haqq" sözlərinə tez-tez rast gəlmək olurdu. Bu dövrdə Azərbaycanda bu qəzetlərdən başqa mətbuat orqanı yox idi, çünki rus çar idarəsi qəzet və jurnalların çap olunmasına icazə vermirdi. Azərtürk ləhcəsini yalnız xalq özü qoruyub saxlaya bilərdi. Kapitalist sənayesinin, ticarətin, kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq yeni terminlər meydana çıxırdı. Bu terminlər Avropadan alınma sözlərlə, bəzən də bizim sözlərlə əvəz olunurdu. Azərbaycanın digər vilayətlərində də xalq arasında danışılan canlı danışıq dilində bəzi ehtiyacları ödəyən sözlər, terminlər yaradılırdı.
Əslində xalq doğma torpaqlarında var olduğu gündən ana dili olaraq azərtürkcə danışırdı və yeni çağda da xalqın bir millət kimi formalaşmasında dilimiz çox önəmli rol oynayırdı. Hər millətdə kapitalizm sənayesi, maliyyə, ticarət və kənd təsərrüfatının mexanikləşdirilməsi zamanı yeni terminlərin işlədilməsi bir problem olmuşdur. Azərbaycanda olan çar rejimi buna mane olsa da xalqın yüksək zəkası bu işin öhdəsindən bacarıqla gəlmişdi. O dövrdə Azərbaycan maarifçiləri mətbuatdan, nəşriyyatdan məhrum idilər. Səməd bəy Mehmandarovun 1890-cı ildə qəzet çıxartmaq istəyi rədd edildiyi kimi, M.Şəhtaxtının "Tiflis", N.Nərimanovun "Təzə xəbərlər", "Məktəb" adlı qəzet və jurnalın dərc olunmasında da izn verilməmişdi. XIX əsrin sonlarında M.T.Sidqi və S.M.Qənizadənin qəzet çıxartmaq təşəbbüsləri də bir nəticə verməmişdi.
Belə bir ağır zamanda, azərtürk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdı. Çünki miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – "Vətən" vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azərbaycan-türk cəmiyyəti vardı. Üçüncü ünsür bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən "millət" rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik azərtürk xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, xalqda müstəqilliyə, azadlığa qovuşmaq şüuru vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazım idi...

ŞİŞLİ–İSTANBUL
1975