Cümhuriyyətin qurucuları xalqın maariflənməsinə xüsusi əhəmiyyət verib Hadisə

Cümhuriyyətin qurucuları xalqın maariflənməsinə xüsusi əhəmiyyət verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycan Universitetində tələbələr üçün mühazirə oxuyub. Universitetdən bildiriblər ki, alimin mühazirəsi Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) həsr olunub. Mühazirə AXC-nin yarandığı dövrdə ölkəmizdə və Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və təhsil sahəsində həyata keçirilən islahatları əhatə edib. Qeyd olunub ki, Cümhuriyyətin qurucuları təhsil sahəsinin tamamən yenilənməsi, xalqın maariflənməsi və milli kadrların hazırlanması məsələlərinə xüsusi əhəmiyyət verib. Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi həyata keçirilən ilk və ən mühüm tədbirlərdən olub. Professor çıxışında 23 aylıq müddətdə təhsil sisteminin idarə olunmasında və məzmununda aparılan islahatlar, dərsliklərin hazırlanması, parlamentin qərarı əsasında 100 nəfər gəncin xaricə oxumaq üçün göndərilməsi, ölkədə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaradılması, ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi, digər islahat və yeniliklər haqqında məlumat verib, iştirakçılara maraqlı faktlar və statistik rəqəmlər açıqlayıb.
Mühazirədə Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətinə də xüsusi yer ayrılıb. Vurğulanıb ki, hər xalqın tarixində elə məqamlar var ki, onu yalnız tarixçilər deyil, hər kəs bilməlidir. AXC dövrü Azərbaycan xalqının tarixində məhz belə səhifələrdəndir. Universitetin rektoru Səadət Əliyeva dəvəti qəbul etdiyinə görə M.Mərdanova təşəkkürünü bildirib. Elmi işlər üzrə prorektor Yusif Qasımov isə M.Mərdanovun AXC haqqında tədqiqat və əsərləri ilə öz ziyalı borcunu yerinə yetirdiyini bildirib.
M.Mərdanov universitetin kollektivini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib, cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb. O, sonda həmmüəllifi və layihə rəhbəri olduğu "Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində" (1918-1920), "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" (ensiklopedik soraq kitabı), "Məktəblinin riyaziyyatdan izahlı lüğəti", "Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" kitablarını universitetə hədiyyə edib.