“Fitch“ yeni qlobal iqtisadi artım proqnozlarını açıqlayıb Hadisə

“Fitch“ yeni qlobal iqtisadi artım proqnozlarını açıqlayıb

"Qlobal iqtisadi artım zəifləyir və daha az balanslı olur. Eyni zamanda, xüsusilə 2020-ci ildə azalma riskləri ilə bağlı ehtimallar yüksəlir".
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin "Global Economic Outlook" icmalında bildirilir.
Agentliyin baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, hələlik dünya iqtisadiyyatı yüksək templərlə böyüyür, bununla belə qlobal artım mənzərəsində tənəzzül əlamətləri təzahür etməyə başlayır.
"Avrozonada artımla bağlı xəyallar yenidən puç olur, dünya ticarəti yavaşlayır və Çində iqtisadi artım tempinin azalması artıq proqnoz yox, faktdır", - deyə B. Kulton əlavə edib.
İcmalda həmçinin bildirilib ki, dünyanın aparıcı üç iqtisadiyyatında artım dinamikası daha fərqli hala gəlir: "ABŞ-da iqtisadiyyat əvvəlki illə müqayisədə artmaqdadır, bununla yanaşı avrozona və Çində artım temləri aşağı düşür".
"Fitch"in analitikləri hesab edir ki, bu il və gələn il qlobal iqtisadi artım proqnozları dəyişməyəcək. Onların fikrincə, 2018-ci ildə qlobal iqtisadi artım 3,3%, 2019-cu ildə 3,1%, 2020-ci ildə isə 3% təşkil edəcək.