700-dən çox tələbənin diplomu tanınmayıb Hadisə

700-dən çox tələbənin diplomu tanınmayıb

2018-ci ildə xarici ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınması ilə bağlı 3570 müraciət qəbul olunub.
Bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, bu rəqəm ötən illərin dinamikası ilə eynidir. "Bütün səbəblər göstərilməklə, akkreditasiyası olmayan universitetdən tutmuş, sərhəd məlumatları olmayan və ya ümumiyyətlə mənfi rəy alanların nisbəti 20 faizdir (təxminən 714 diplom -red). Şəxslərin böyük əksəriyyəti (80 faiz) problemsiz sənədlərin tanıdılmasına nail olub. Azərbaycanlıların ən çox təhsil aldığı ölkə Türkiyə universitetləridir. Türkiyədə keyfiyyətin təminatı sistemi və tələblər var. Türkiyədə təhsil alanlar içərisində imtina alan yoxdur. Rusiyada təhsil alan vətəndaşlarımızın da sayı çoxdur. Rusiyanın aparıcı universitetlərində oxuyanlar arasında mənfi rəy alanlar isə yoxdur".
Həsən Həsənli diplomların nostrifikasiyası prosesinin uzun çəkməsinin bir çox məsələlərlə əlaqədar olduğunu deyib. Onun sözlərinə görə, bunun əsas səbəbi sorğulara vaxtında cavab verilməməsi ilə bağlıdır: "Bu isə tərəflərin öhdəliyindən asılı olan məsəədir. Biz sentyabr ayından etibarən sorğuların sayını minimuma endirməyə çalışmışıq. Sorğulara cavab verilməyən köhnə məsələlərdə isə çalışmışıq ki, prosesuduru digər qayda da həyata keçirək. Cari ilin sonu və ya gələn ilin yanvar-fevral aylarında bu sahədə əsaslı dönüş olacaq. Biz vətəndaşlardan istdəyimiz məlumatları sənədlərə əlavə etmişik və artıq buna görə əlavə sorğular yaranmır. Müraciətlərin sərhəd məlumatlatını yoxlamağa çalışırıq. Müraciətə baxırıq ki, diplom həqiqidir, ali təhsil müəssəsini bitirməsi ilə bağlı insana arayış verilib, qiymətləri əladır. Lakin pasporta baxırıq ki, insan ölkədən heç vaxt çıxmayıb. Bu sahənin elektronlaşması istiqamətində böyük iş görmüşük. Məlumatların elektron ötürülməsinə çalışırıq və prosesin müddətinin 50 faiz aşağı salınmasına səbəb olacaq. Gecikmənin bir səbəbi də müsahibələrin tələb olunması zamanı olur. Çünki bunun üçün vaxt təyin olunmalıdır. Bu isə bir çox hallarda asan olmur. Müraciətlərin əksəriyyəti təhsilini bitirib gəlib əsgərliyə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır.
Müsahibə etmək məqsədimiz onun dil biliklərini yoxlamaq və yaxud terminləri soruşmaq deyil. Məqsədimiz odur ki, əgər təhsil aldığı universitetin olduğu ölkənin dilini bilmirsə, onun faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Müsahibələr həmin dildə ünsiyyət qurmaq bacarıqları üzrədir. Hər bir şəxsi ixtisaslarına uyğun yoxlamaq üçün kifayət qədər resurs yoxdur. Gələcəkdə bəlkə də məqsədə müvafiq olar. Limit olaraq ən yaxşıları müəyyən etmək bizim işimiz deyil. Bunu bazar, işə götürənlər müəyyən etməlidir".
Həsən Həsənli deyib ki, gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma çatdırılması üçün işlər görülür.
Nazirlik rəsmisi qeyd edib ki, tələb olunan sənədlər düzgün şəkildə təqdim edildikdə əlavə vaxt itirilməyəcək: "Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır. Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda, məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür. Xaricdə təhsil alınan ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı bizə daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur. Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır".
Həsən Həsənli qeyd edib ki, diplomları tanınmaması halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur. "Saxta təhsil sənədi verənlər insanlar arasında "diplom fabriki" kimi tanınır. Bu kimi yerlərin sayı ölkələr üzrə mövcuddur. Onları təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsil üzrə diplom alıbsa, bu, problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara demək olar ki, rast gəlinmir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb".
Həsən Həsənli qeyd edib ki, müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edir. "İdarəyə hər hansı qurum rəhbərliyi tərəfindən çox sayda müraciət də daxil olur ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir. Bəli, biz rəy veririk ki, diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır. Amma təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçilər. Bu zamanda mütləq şəkildə diplom tələb olunur. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir. Dövlət nümunəli təhsil sənədi olan və sonra həmin universitet bağlanıbsa belə həmin şəxs xaricdə təhsil ala bilərlər".