Fondun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər mükafatlandırılıb Hadisə

Fondun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər mükafatlandırılıb

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş bayram tədbiri keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 2018-ci ilin xalqımız və dövlətimiz üçün bir sıra tarixi hadisələrlə əlamətdar olduğunu xatırladan icraçı direktor bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün təntənə ilə qeyd olunduğunu xüsusi vurğulayıb. V.Səfərli, həmçinin 2018-ci ilin "Azərbaycanda Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar oktyabr ayında aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə, noyabrda isə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə səfərlərinin təşkil edildiyini xatırladıb.
İcraçı direktor Fondun 2018-ci ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə çoxsaylı layihələri uğurla reallaşdırdığını vurğulayıb. V.Səfərli həmçinin bildirib ki, 2018-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərilib, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edilib.
İcraçı direktor, həmçinin bildirib ki, Fond il ərzində "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələrin jurnalist təşkilatları tərəfindən həyata keçirilməsini maliyyələşdirib. İcraçı direktor qeyd edib ki, dövlətimizin başçısının yüksək qayğısı və iştirakı ilə hazırda jurnalistlər üçün 3-cü yaşayış binasının inşası sürətlə davam etdirilir.
Jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə ildə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 7 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 10 müsabiqədə 818 nəfər iştirak edib, onlardan 420 nəfəri qalib olaraq mükafatlandırılıb.
Çıxışını davam etdirən Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş müsabiqəyə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. Ümumilikdə, müsabiqə iştirakçılarından 112 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib: "Bu gün müsabiqədə I yeri tutmuş jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur".
Vüqar Səfərli azad sözün, müstəqil mətbuatın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların mənzil probleminin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Fondun və media ictimaiyyətinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sonra söz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənova verilib. 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti" ili elan edildiyini xatırladan Əli Həsənov bu əlamətdar hadisənin təkcə Azərbaycanda deyil, digər ölkələrdə də təntənə ilə qeyd olunduğunu bildirib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, Cümhuriyyət müsəlman Şərqində ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, aparıcı dövlətlərdən də xeyli əvvəl ilk dəfə kişilərlə yanaşı, qadınlara seçib-seçilmək hüququ verib.
Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUKKO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirilib: "2020-ci ildə bu kəmər tam işə düşəcək, 100 illər ərzində Azərbaycanın maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, bu yol boyunca əsas tərəfdaş ölkələrlə yükdaşımaları ilə bağlı sazişlərin imzalanması bu ilə təsadüf edib. Bu il həm də üçüncü peykimiz orbitə buraxılıb".
Əli Həsənov deyib ki, yola saldığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, saytların sayı artıb, onların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub: "Bu da mediamızın təmizlənməsi, mənfi halların aradan qalxması işində önəmlidir. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək".
Sonra müsabiqənin qaliblərinə diplomlar təqdim edilib.
Daha sonra Əli Həsənov "Azərbaycan" qəzetinin 100 illiyi münasibətilə qəzetin orden və fəxri adlara layiq görülmüş əməkdaşlarını təbrik edib, onlara yüksək təltifləri təqdim edib.
Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək yüksək mükafatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral xalqımızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib. Səfir qardaş ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib. Azərbaycanda sağlam jurnalistikanın mövcud olduğunu deyən Əflatun Amaşov bu sahədə görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Sonda tədbir bədii hissə ilə davam etdirilib.