Artıq çəki ömrü azaldır Hadisə

Artıq çəki ömrü azaldır

Piylənmə həm də xroniki xəstəlikdir

Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik defektinə aid edirdiler. İndi isə ÜST mütəxəssisləri piylənməni maddələr mübadiləsinin xroniki xəstəlikləri kateqoriyasına aid olduğunu bildirirlər. Hətta onun dəqiq beynəlxalq tərifi də verilib: Piylənmə, piyin artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmasına gətirib çixaran xroniki xəstəlikdir.
Bu gun dunyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə kişilərin 40 faizi və qadınların 50 faizi dünyada piylənmədən əziyyət çəkəcəklər. 14 yaşa qədər hər il artıq çəkili uşaqların sayı 7 faiz artır. Həkimlər bildirir ki, artıq çəki ikinci tip şəkərli diabetə səbəb ola bilər. Bu tipi elə belə də adlandırılır - "köklərin diabeti" . Onunla adətən orta yaşda, 40 və yuxarı yaşlarda xəstələnirlər. Əsas risk faktoru köklükdür. Mədəaltı vəz insulin hazirlayır, lakin mübadilə pozğunluğu səbəbindən qlükoza hüceyrələrə daxil ola bilmir və qanda toplanır. Onda qanın tərkibindəki şəkər yüksəlir və diabet əlamətləri əmələ gəlir. Britaniya alimləri hesablayıblar ki, orta hesabla kök diabetiklər öz sağlam həmyaşıdlarından 8-10 il az yaşayırlar. Artıq çəkidə venoz axın çətinləşir ki, bu da 90 faiz halda venaların varikoz genişlənməsinə səbəb olur. Ayaqlara, piy mübadiləsinin pozulması ilə əlaqədar həddindən artıq yükün düşməsi və qanın qatılaşması dərin venaların trombozu riskini bir neçə dəfə artırır. Ağ ciyər arterialarının tromboemboliasından tələf olan insanların 60 faizi piylənməsi olanlardır. İnsan hərəkət edərkən ayağın dayaq oynaqlarına və fəqərəyə bədən çəkisinin 4 misli qədər ağırlıq düşür. Müvafiq olaraq, çəki nə qədər artıq olarsa, onun oynaqlarının amartizasiya xüsusiyyətləri bir o qədər tez sıradan çıxır - artroz inkişaf edir (qığırdaq toxuması dağılır). Həmçinin fəqərə sütununa da düşən ağırlıq artır və fəqərə arası yirtığın əmələ gəlmə riski çoxalır. Çəkisi 15 kq artıq olan qadinlarda reproduktiv funksiya zəifləyir, hamiləliyin gedişi çətinləşir, doğum zamanı ürək və böyrəklər tərəfindən ağırlaşma riski yüksəlir. Kök kişilərdə spermanın keyfiyyəti aşağı düşür, kiçik çanaq orqanlarında-prostatda və böyrəklərdə durğunluq əlamətləri əmələ gəlir. Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əmələ gəlmə faktorlarını araşdıraraq belə qərara gəliblər ki, bu xərçəngin əmələ gəlməsi hormonal pozğunluqlarla sıx əlaqəlidir. Piylənmə zamanı qadın orqanizmində estroqen hormonun səviyyəsi 50 faiz , testosteron hormonun səviyyəsi isə 16 faiz normadan artıq olur. Beləliklə, hormonal balans kəskin pozulur və bu səbəbdən də süd vəziləri xərçənginin əmələ gəlmə təhlükəsi xeyli artır. Ekspertlərin fikrinə görə, ümumiyyətlə artıq çəki insanın sağlamlığına çox mənfi təsir edir. Bu səbəbdən də həkimlər insanlara çəkilərini normada saxlamağı tövsiyə edirlər. Piylənmə, çəkinin artması yaddaşı zəiflədir. Bu nəticəyə San Fransiskoda keçirilən endokrinoloqların beynəlxalq konfransında çıxış edən alimlər gəliblər. Verilən məlumata görə, isveçli elm adamı Andres Pettersson piylənmədən əziyyət çəkən insanların mərkəzi sinir sistemindəki pozğunluqları araşdırıb. Araşdırmaların nəticələrinə görə, kök insanların yaşından asılı olmayaraq yaddaşla, diqqətin yayınması ilə bağlı problemləri yaranmağa başlayır. Buna səbəb maddələr mübadiləsinin pozulmasıdır. Petterson isə sübut edib ki, bu problemin qarşısını almaq üçün sadəcə arıqlamaq kifayət edir. Belə ki, artıq çəkidən əziyyət çəkən 60 yaşlı könüllülər maqnit rezonans tomoqrafiya ilə müayinə edilib. Yarım ildən sonra kök insanların bədən kütlə indeksi 32-dən 29,5-ə düşüb. Beynin MRT çəkilişi zamanı onların ağıllandıqları da üzə çıxıb. Belə ki, mərkəzi yaddaşda neyronlarda canlanma müaşhidə edilib. Yeni tədqiqatların nəticəsinə görə, artıq çəki ömrü düz 14 il azaldır.
Piylənmədən dünyasını dəyişənlər arasında 100 min nəfərdən 509-u kişi, 382-si isə qadın olub. Təbii ki, çəkinin azalması səhhəti düzəldə bilər, piylənmənin ümumiyyətlə olmaması isə ömrü uzadır. Tədqiqatçılar hesablayıblar ki, normal çəkiyə malik insanlara nisbətən ağır piylənmədən əziyyət çəkənlərin ömrü orta hesabla 6,5-13,7 il qısalır. Piylənmə müasir cəmiyyətin ciddi tibbi, həm də sosial və iqtisadi problemidir və bu problemdən Yer kürəsi əhalisinin 7 faizi əziyyət çəkir. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9 faizdən 20 faizə qədərinin piylənməsi, 25 faizdən çoxunun artıq bədən çəkisi var. ABŞ-da isə bu, müvafiq olaraq, 25 və 50 faizdir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40 faizinin piylənməsi, 25-30 faizinin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə son on ildə piylənmənin yayılması 2 dəfə artıb. Dünya Səhiyyə Təşkilatı ekspertlərinin proqnozuna görə, xəstəlik hazırkı inkişaf tempi ilə getsə, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyon nəfərdən artıq olacaq. Hətta inkişaf etməmiş ölkələrdə belə ənənəvi olaraq qida çatışmazlığının xarakterik olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə ictimai sağlamlığa təhlükə olmağa başlayır.
Həkim-dietoloq Ləman Süleymanova deyir ki, piylənmənin ən birinci səbəbi qida rejiminin pozulmasıdır: "Pasientlərim arasında kökəlmədən əziyyət çəkənlər daha çox evdar xanımlardır. Yaş fərqini götürəndə isə 15-18 yaşlarında olan gəclərin əksəriyyətində də piylənmə geniş yayılıb. Buna səbəb qida rejiminin pozulmasıdır, yəni səhər, günorta heç nə yeməyən insanlar axşam yetərindən artıq yeyirlər. Qida rejiminin pozulması isə öz növbəsində maddələr mübadiləsinin pozulmasına səbəb olur və nəticədə piylənmə yaranır. Azərbaycanlı xanımlar həmçinin şirniyyata çox meyllidirlər, onlarda xolesterinin səviyyəsi çoxdur. Bu da piylənmənin yaranmasına səbəb olur".
Həkim-dietoloq yeniyetmə qızlarla yanaşı, oğlanlarda da piylənmə probleminin yaşandığını deyir: "15-18 yaşında olan oğlanlarda piylənmə çox müşahidə olunur. Ümumiyyətlə, kişilər yağlı yeməkləri daha çox sevirlər. Avropalı güclü cins nümayəndələri bizim kişilərlə müqayisədə həddən artıq arıqdırlar, onların da normal bədən forması var". Ləman Süleymanova bildirir ki, bu gün həm qadınların, həm də kişilərin 70-80 faizi piylənmədən əziyyət çəkir: "Hətta 18 yaşında olan gənc qızlar belə hazırda bizə müraciət edir. Onların çəkisi 35-40 yaş arasında olan xanımların çəkisinə bərabərdir. Halbuki bu yaşda olan qadınların normal çəkisi 50-52 kq, 22-28 yaş arasında olan xanımların çəkisi isə 57-58 kq olmalıdır. Amma təbii ki, burada boy mütləq nəzərə alınır. Məsələn, 160 sm boya malik qadının çəkisi 58 kilodursa, təbii ki, bu, artıq piylənmədir. Belə olduğu təqdirdə xanımın normal çəkisi 52 kq olmalıdır". Dietoloq internetdən götürülən arıqlama reseptlərinin istifadəsini düzgün saymır: "Hər bir insanın öz qida rejimi olmalıdır. Yanlış reseptlerlə arıqlamada bədəndəki suda gedir, piy isə yenə də yerində qalır. Müəyyən vaxtdan sonra ikiqat piylənmə baş verir".
Mütəxəssisin sözlərinə görə, Azərbaycanın meyarca özünə uyğun ölkələr sırasında piylənmə səviyyəsinə 5-6-cı yerlərdəndir. Statistik məlumatlara görə, ABŞ-da və dünyanın digər inkişaf etmiş ölkələrində insanların şişmanlaşması kütləvi xarakter alır. Həmin proses getdikcə daha da sürətlənir. Artıq mütəxəssislər insan sağlamlığında müşahidə edilən ümumi bir tendensiyadan danışırlar. Bunun bütöv cəmiyyət miqyasında sağlamlığa mənfi təsir etdiyini vurğulayırlar. Maraqlıdır ki, artıq çəkini müasir cəmiyyətin inkişaf dinamikası məsələsi ilə əlaqələndirənlər vardır. Görünür, bəşəriyyət prinsipcə yeni bir faktorla üz-üzə qalır. Amerika Sağlamlıq Fondunun 2012-ci ildə yaydığı informasiyaya görə, ABŞ-ın 12 ştatında əhalinin 30 faizinin çəkisi normadan artıqdır. Bütövlükdə isə köklük Amerikanın probleminə çevrilib. Əhalinin 35 faizi ondan əziyyət çəkir. Amerikalı mütəxəssislər bu halı ölkənin ümumi sosial-mədəni, iqtisadi və tibbi vəziyyəti ilə əlaqələndirirlər. Onların gəldikləri nəticə belədir ki, insanların artıq çəkiyə malik olması həyat tərzi ilə əlaqəlidir. Stenford Universitetinin psixiatrı doktor Devid Şpigel bu vəziyyəti belə izah edir: "İnsanlar gərgin iqtisadi şəraitdə yaşayırlar. Bu haqda onlara daim informasiya verirlər. Bundan başqa, indi ətraf dünyanın mənfi təsirindən müdafiə olunmaq mürəkkəbləşib".
Misal olaraq, 2008-ci il maliyyə böhranını göstərmək olar. Statistik göstəricilərə görə, həmin hadisədən sonra Qərb cəmiyyətlərində kişilər arasında stress halı daha çox müşahidə edilib. Ümumilikdə isə bu bəlaya qadınlar, gənclər və aşağı gəlirli insanlar tutulurlar. Təqribən eyni vəziyyət Avropa ölkələrində yaranıb".
Yeri gəlmişkən, üzərində "Böyük bədən qadın paltarları" yazılan mağazaların son zamanlar artması diqqət çəkəndir. Bu artım həm də onlara olan ehtiyacdan xəbər verir. Çünki 10 il əvvəl paytaxtda yeganə böyük bədən mağazası satışın aşağı olmasından bağlanmışdı. Harvard Universitetinin apardığı araşdırma nəticəsində maraqlı fakt üzə çıxıb. Belə ki, araşdırma nəticəsində dünyada piylənmə və şəkərli diabet xəstəliyi olmayan yeganə ölkə Yaponiya seçilib. Yaponiya əhalisinin bir qismi ömürlərinin 96 faizini standart çəki ilə başa vururlar. Buna səbəb kimi isə onların qidalanmasının rejimli olması göstərilir. Əksər yaponlar gənc və zəif görünürlər. Alimlər bunun sirrini "yapon dietası" adlandırıb. Yaponiyada artıq çəkili insana rast gəlmək çox çətindir. Amma orada yaşayan insanlar formada qalmaları üçün xüsusi heç nə etmirlər. Yaponiyada yeməklər hazırlanarkən ona tərkibindəki kalorini məhv edəcək ədviyyatlar qatılır. Bu ədviyyatların bizim yeməklərə qatdığımız ədviyyatlardan heç bir fərqi yoxdur. Yeganə fərq həmin ədviyyatların eyni zamanda kalori yandırıcısı olmasıdır. Yaponlar gündəlik qida rejimlərini pozmurlar. Onlar yediklərinin normal kalori miqdarını təxmin edir və bu standartdan kənara çıxmırlar. Bununlada onlar ideal bədən ölçüləri ilə dünyada fərqlənirlər. Yeməklərinə əlavə etdikləri ədviyyatın tərkibində olan E vitamini sayəsində onların ömrü uzanır və gənc qalırlar. Qeyd edək ki, "yapon dietası" ilə həyat tərzi sürənlər daha təbii, gözəl və qırışsız üzə sahib olurlar.

Ülviyyə Tahirqızı