İcbari tibbi sığorta olunan xəstələr bu hallarda əlavə ödəniş edəcəklər Hadisə

İcbari tibbi sığorta olunan xəstələr bu hallarda əlavə ödəniş edəcəklər

Azərbaycanda icbari tibbi sığorta işə düşdükdən sonra vətəndaşlardan xidmətlər paketindəki tibbi xidmətlər üçün hansı hallarda vəsait tələb olunacağına aydınlıq gətirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib. O bildirib ki, bəzi hallarda icbari tibbi sığorta haqqı ödəyən vətəndaşlar da müəyyən tibbi xidmətləri almaq üçün əlavə ödəniş etməli olacaqlar: "Bizdə xüsusi göndəriş zənciri var. Təcili və təxirəsalınmaz tibbi xidməti hər bir ölkə vətəndaşı yaşayış yerindən asılı olmayaraq heç bir ödəniş etmədən alacaq. Amma vətəndaşın səhhətində hər hansı problem yaranarsa, ilkin səhiyyə xidməti verən tibb müəssisəsinə müraciət etməlidir. Ailə həkimi vətəndaşda olan xəstəliyin ixtisaslı həkim tərəfindən müalicəsinə ehtiyac gördükdə onu mərkəzi rayon xəstəxanasına göndərir. Burada ixtisaslı həkim də xəstənin müalicəsinin həmin tibb müəssisəsində müalicəsinin mümkün olmadığı qənaətinə gəldikdə, səhiyyə rayonunda olan xəstəxanaya göndərilir. Əgər orda da bu xidmət yoxdursa, vətəndaşa Bakıda yerləşən tibb müəssisələrinə göndəriş verilir. Bakıdakı icbari tibbi sığortaya cəlb olunan xəstəxanada da müalicə mümkün olmadıqda, onu özəl xəstəxanaya göndərirlər. Bu zaman xəstə heç bir ödəniş etmir".
Amma Şükür Eyvazov deyib ki, icbari tibbi sığortada müştərək maliyyələşmə anlayışı da var: "Elə xəstələr var ki, ailə həkiminə getmədən mərkəzi xəstəxanaya müraciət edir. Bu zaman müştərək maliyyələşməyə görə 5 manat ödəniş etməlidir. Bu əvvəl azadolma məbləği adlanırdı. Əgər xəstə müalicəsini ərazi üzrə səhiyyə xəstəxanasında qalaraq davam etdirirsə, bu zaman 30 manat ödəniş etməlidir. Elə xəstələr var ki, öz qeydiyyatda olduğu rayon üzrə deyil, tamamilə başqa ərazidəki, məsələn, Bakıdakı tibb müəssisəsinə müraciət edir. Bu zaman onun müayinə üçün ödəyəcəyi məbləğ 5 manat deyil, 15 manat olacaq. Müayinə nəticəsində xəstənin xəstəxanada qalmasına ehtiyac yaranarsa, o zaman səhiyyə xidməti 100 manata qədər dəyərdədirsə, heç bir əlavə pul icbari ödəməyəcək. Amma tibbi xidmətin dəyəri 100 manatı keçərsə, bu zaman 90 manat ödəməlidir. Beləcə əgər xəstə göndəriş zəncirinə əməl etməzsə, ümumi 105 manatı ödəyərək bu xidmətləri ala bilər".
Şükür Eyvazov bildirib ki, icbari tibbi sığortanın tətbiqi zamanı özəl xəstəxanalara müraciət mümkün olacaq: "Özəl xəstəxanalarla bizim müqaviləmiz var. Hal-hazırda biz 5 özəl xəstəxana ilə işləyirik. Bunlar Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Xəstəxananın Gəncə filialıdır. Xəstələr özəl xəstəxanalara ancaq Agentliyin göndərişi əsasında göndəriləcəklər. Hər xəstəyə özələ göndəriş verilməyəcək. Xidmətlər zərfindəki hansı tibbi xidmətin icbari tibbi sığortaya ölkə üzrə cəlb olunan xəstəxanalarda tətbiqi mümkün deyilsə, bu halda xəstə özəl tibb müəssisəsinə göndəriləcək".