Əmək müqaviləsini pulsuz əldə etmək olar Hadisə

Əmək müqaviləsini pulsuz əldə etmək olar

ASAN İmza sertifikatı isə 18 manatdır

Tərlan

Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əməkhaqlarının faktiki məbləğinin gizlədilməsi yolu ilə vergidən yayınma halları ciddi bir iqtisadi problemdir. Məsələ ondadır ki, özəl strukturlar dövlət büdcəsinə daha az vergi ödəmək və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da kiçik məbləğ köçürmək üçün ödədikləri əməkhaqlarının faktiki məbləğini gizlədirlər. Bunun üçün ikili mühasibat sənədlərindən istifadə olunur. Yəni, onlardan birində faktiki ödənən maaşlar, digərində isə simvolik rəqəmlər göstərilir. Vergi orqanlarına və DSMF-yə isə məhz ikinci cədvəl təqdim olunur. Özəl strukturlar əmək haqlarının məbləğini məqsədli şəkildə aşağı göstərirlər ki, ondan daha az vergi ödəsinlər. Bu isə Vergilər Hazirliyinə və DSMF-yə ödəmələrin aşağı olmasına gətirib çıxarır, gəlirlər gizlədilir. Sahibkarlar isə bu məsələdə öz qazanclarını güdürlər. Ona görə də, indiki mərhələdə əsas məqsəd faktiki əməkhaqlarının tam rəsmiləşdirilməsinə nail olmaqdır.
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilib. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır.
Vergilər Hazirliyi bildirir ki, vergi ödəyiciləri ASAN İmza sertifikatı üçün nömrəni Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən 18 manat ödəməklə əldə edə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq sertifikatı ala bilərlər. Bundan sonra əmək müqavilələri elektron informasiya sisteminə daxil edilə bilər.
Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Əlavə məlumatı www.taxes.gov.az və www.e-gov.az saytlarından, vergi ödəyicilərinə xidmət mərkəzlərindən və "195" Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Vergilər Nazirliyi bildirir ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilmişdir və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.
İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Unutmayın ki, sizlərə ödənilən rəsmi əmək haqları - sabah üçün sabit sosial təminatınızın təməlini qoyur! Bununla bağlı hüquqlarınız pozularsa, Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.