Arxeologiyaya dair 4 monoqrafiya çap olunacaq Hadisə

Arxeologiyaya dair 4 monoqrafiya çap olunacaq

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurası cari ildə ilk iclasını keçirib. İnstitutdan bildirilib ki, iclasda hazır elmi işlərin çap üçün müzakirəsi aparılıb. Hazır işlər sırasında ilk olaraq Tarixi etnoqrafiya şöbəsinin bas elmi işçisi Solmaz Məhərrəmovanın “XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)” monoqrafiyası müzakirə edilib. İnstitutun direktoru, professor Maisə Rəhimova bildirib ki, monoqrafiyanın rəyçiləri professor Qəzənfər Paşayev və tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, elmi redaktoru akademik Teymur Bünyadovdur.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş Daş dövrü arxeologiyası şöbəsinin baş elmi işçisi Mənsur Mənsurovun “Qərbi Azərbaycanın alt paleoliti” monoqrafiyası olub. Elmi şuranın üzvü professor Hidayət Cəfərov monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsinin dəqiqləşdirilməsi barədə müəllifə sual verib. M.Mənsurov bildirib ki, monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsi müasir Azərbaycan Respublikasının inzibati coğrafi bölgüsü ilə əlaqədardır. Məsələ üzrə çıxış edənlər monoqrafiyanın adının məzmuna bütünlüklə uyğun olduğunu bildiriblər.
Bundan başqa, Antropologiya mərkəzinin aparıcı elmi işçisi, dosent Dmitri Kiriçenkonun “Azərbaycanın paleoantropologiyası (e.ə. VII - e. V əsrlər)” adlı rus dilində monoqrafiyası, Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Nigar Coşqunsunun “Erkən orta əsrlərdə Azərbaycanın maddi-mənəvi mədəniyyəti” monoqrafiyası müzakirə edilib. Müzakirəyə çıxarılmış 4 monoqrafiya təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi şura tərəfindən çapa məsləhət bilinib.