Postpandemiya şəraitində karyera imkanları Hadisə

Postpandemiya şəraitində karyera imkanları

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və şöbənin mütəxəssisləri Afaq Sadiqova, Aydan Dadayeva tərəfindən “Postpandemiya şəraitində karyera imkanları” adlı onlayn təlim təşkil olunub. Bu barədə universitetdən bildirilib. Xanlar Qəniyev təlimin tələbələrin karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunduğunu qeyd edib. O, koronavirus pandemiyasının təsir etdiyi sahələr və əhatə həcmi haqqında tələbələrə ümumi məlumat verib. Məlum vəziyyətlə əlaqədar ölkədə xüsusi karantin rejimi elan olunduğunu deyən şöbə müdiri bu müddət ərzində özünüinkişaf istiqamətləri ilə bağlı tövsiyələrini də verib.
Şöbənin mütəxəssisləri isə tələbələri CV-nin yazılması qaydaları ilə tanış edib, mühüm bilgilərlə məlumatlandırıb, vakansiyalar və təcrübə proqramları haqqında məlumatların əldə edilməsi qaydalarını izah ediblər. Tələbələrə ixtisaslarına uyğun şirkətlərin elan etdiyi vakansiyalarla maraqlanaraq karyera imkanlarını dəyərləndirməyin yolları izah edilib və real iş yerləri ilə işgüzar əlaqələrin qurulması istiqamətində vacib məqamlara toxunulub. Təlimin sonunda tələbələrə bu imkandan yararlanaraq öz CV-lərini hazırlayıb yaradılmış CV bazasına daxil etmələri məqsədilə şöbənin elektron poçtuna göndərmək təklif olunub. Təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Tələbələrin çoxsaylı sualları operativ şəkildə cavablandırılıb, yazdıqları təkliflər səsləndirilib və onlara münasibət bildirilib.