Qaydalar sərtləşdirilə bilər Hadisə

Qaydalar sərtləşdirilə bilər

Aprelin ortalarında koronavirusa yoluxma dalğası daha yüksəyə qalxmışdı, yoluxma sayı 27 apreldən 3 mayadək yenidən artıb.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün kerçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu say artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır: “Əvvəl insanlar fərdi qoruyucu vasitələrdən istifadəyə üstünlük verirdilərsə, vətəndaşlar artıq maskalardan istifadə etmir, sosial məsafəni qorumurlar. Əvvəl küçədə 10 nəfərdən 4-5 nəfərində maska görmək olurdusa, son günlərdə 1-2 nəfərdə belə maska görmək çətin olur”.
Zaur Əliyev qeyd edib ki, koronavirus pandemiyası başlayandan Azərbaycan dövləti üçün əsas məsələ vətəndaşların təhlükəsizliyinin təmin edilməsi olub:
"Son iki ay ərzində ölkə ərazisində karantin tədbirləri tətbiq edilib. Bu rejimin tətbiqi nəticəsində Azərbaycanda virusa yoluxma vəziyyətinə nəzarət edilir. Hazırda ölkədə koronavirusa gündəlik olaraq yoluxma qeydə alınır, aktiv xəstələr xüsusi xəstəxanalarda müalicə edilir".
Sədr əlavə edib ki, ölkə üzrə yoluxmaların müəyyənləşdirilməsi üçün nəzərdə tutulan bütün məntəqələr qısa müddətdə tam avtomatlaşdırılıb: “Bunun nəticəsində artıq bütün nümunələri elektron qaydada müəyyən edə, yoluxma təmaslarını daha tez aşkarlaya bilirik. Bununla da yoluxmanın qarşısını daha yaxşı ala bilirik”.
Zaur Əliyev bildirib ki, indiyədək ölkə üzrə ümumi yoluxma sayı 2127 nəfərdir, 1536 nəfər sağalıb. Hazırda aktiv xəstələrin sayı 563 nəfərə çatır.
Zaur Əliyev deyib ki, Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.
Onun sözlərinə görə, Yasamalda bir neçə infeksiya ocağı müəyyən edilmişdi: “Bir nəfər çoxlu sayda insanı virusa yoluxdurmuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.
Sədr qeyd edib ki, Gəncədə də yoluxma sayının artmasının səbəbi müəyyən edilib: “Təəssüflər ki, orada karantin rejiminə bir o qədər də əməl edilmir. Digər tərəfdən, bütün yoluxmalara baxdıqda daha çox yoluxma hallarının ailə üzvləri arasında olduğu aydın görünür. Nəticədə, 1 nəfər 4-5 nəfəri yoluxdurur. Yoluxmalar həm də tibb işçiləri arasında olur ki, bu hallar da Gəncədə müşahidə edilib. Hazırda orada bütün tədbirlər görülür ki, neqativ hallar aradan qalxsın. Şimal bölgəsində Rusiyadan keçən bir neçə nəfərdə testlərin nəticəsi pozitiv çıxıb. Eyni zamanda, cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.
Zaur Əliyev əlavə edib ki, virusa yoluxanların daha çoxu 50-59 yaşlı insanlardır: "Yoluxanların 54 faizi isə qadınlardır. Vəfat edənlər əsasən 60-69 yaşlı insanlardır. Ölənlərin 43 faizini məhz bu yaşda olanlar təşkil edir”.
Zaur Əliyev qeyd edib ki, əgər Azərbaycanda koronavirus xəstələrinin sayı kifayət qədər çoxalarsa, xəstəxanalarda xəstə yeri olmasa, karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı təklif veriləcək: “Amma bu qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir”.
Onun sözlərinə görə, indiyədək koronavirusa yoluxan uşaqlarda hər hansı ağırlaşma halı olmayıb: “Astara, Lənkəran, Cəlilabadda zaman-zaman müəyyən infeksiya ocaqları əmələ gəlib. Onlar aşkarlanaraq izolyasiya edilib. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, oraya giriş-çıxış kifayət qədər çoxdur. İlk yoluxma halları oraya xaricdən gəlib, daha sonra yoluxma davam edib”.