DİM zal nəzarətçiləri üçün təlim keçirir Hadisə

DİM zal nəzarətçiləri üçün təlim keçirir

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən izolyasiya tədbirləri zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər ilə keçiriləcək təlimlərin də formatında müəyyən dəyişiklik aparılmasını zəruri edib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, təlimlər Bakı, Lənkəran, Göyçay, Şirvan, Xaçmaz və Şəki şəhərləri üzrə qeydiyyatdan keçmiş namizədlərlə onlayn formada aparılır.
Xatırladaq ki, təlimlər əvvəlcə səmərəli ünsiyyət və işgüzar etiket məsələləri, ünsiyyət prosesində stresin idarə olunması texnikaları, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Növbəti mərhələdə isə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında məlumatlar verilir.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat avqust ayından etibarən başlanılıb və 945 nəfər qeydiyyatdan keçib. Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Sonra iştirakçılar onlayn təşkil olunan yekun test imtahanında iştirak edəcəklər. Məqbul qiymət alan namizədlərin adları müvafiq bazaya daxil ediləcək və onlar imtahanlara dəvət olunacaqlar. Zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron qeydiyyat cari ilin sentyabr ayından etibarən yenidən aktivləşdiriləcək.