Günün sualı... Hadisə

Günün sualı...

“Koronavirusa inanmıram” ifadəsini günümüzdə dəfələrlə eşidirik. Nə qədər qəribə görünsə də, koronavirusun bir qlobal fırıldaq olduğu, belə bir xəstəliyin olmadığını, çox vaxt onun adi pnevmoniya və qriplə eyniləşdirildiyini iddia edənlər bir deyil, iki deyil, üç deyil. Metroda, taksidə, ictimai nəqliyyatın digər növlərində qarşılaşdığımız insanların bir çoxu konspiroloji nəzəriyyələri səsləndirir, koronavirusun da bu ümumi planın bir hissəsi olduğunu iddia edirlər.
Koronavirusa inanmamaq söhbəti sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardandır. Hətta gündə yüz dəfə bu virusdan xəbər verən jurnalist çevrəsində belə “koronavirusa inanırsan, ya yox” sualı verilir. Hətta maska taxmamağa görə cərimələrin tətbiqi də cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar maska taxmaq istəmirlər, taxanda da ya burun bayırda qalır, ya da çənənin altına enir. Hava qızdıqca, maska geymək daha da ağırlaşır. “Koronavirusa inanmıram” deyənlər, təbii, maska da taxmaq istəmirlər.
Çinlilərin belə bir dilemmaya ehtiyacı olmayıb. Hökumət qərar verib, hamı maska taxıb. Qayda qoyulub, hamı evdə oturub. Hər yerdə hərarəti ölçən cihazlar quraşdırılıb. Tezliklə koronavirusa qalib gəlib, xəstəliyi lokallaşdırıb ortadan yığışdıra biliblər. Elə Bakının biznes mərkəzlərində çalışan Çin vətəndaşları da böyükdən kiçiyə kimi hamısı maska taxır, özü də qaydasında. Onlar “koronavirusa inanmıram” ifadəsini işlətməyi belə ağla gətirməzlər.
Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq?
Niyə Azərbaycan əhalisi dünyanın ən ucqar nöqtəsinə gedib çıxmış bir xəstəliyi inkar edir, onun mövcudluğuna inanmır? Niyə bəs çinlilər məsələyə belə ciddi yanaşırlar?
Səbəblər çoxdur. Nizam-intizam baxımından azərbaycanlını nə almanla, nə də çinli ilə müqayisə etmək olar. Təbiətən qayda-qanunu pozmağa meylli bir millətik. Yəni nə növbədə durmağı sevirik, nə də gözləməyi. Bir sürücü digərinə yol verməz, piyada da işıqfora baxmaz. Günahın oldu-olmadı, piyadanı vurmusansa, deməli, günah səndədir. Yeri gələndə polis də bizim üçün hörmət sahibi deyil, bizə bir deyəndə cavabında iki deyərik. Cəza mexanizmi olmasa, qaydanı mütləq pozarıq.
Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq? Rəsmi məlumat bizə doğru görünməz, "Whatsapp" gələn səs faylı daha etibarlı mənbə sayılar. Batil inanclara meylliyik, üzərlik yandırmaqla bəlanı özümüzdən uzaq etməyə çalışarıq. Cadugər yanına gedib onun dediyi ilə oturub-durarıq, heç bir başqa arqument bizə doğru görünməz. Sosial şəbəkədə yayılan hər bir cəfəng fikri həqiqət kimi qəbul edərik.
Əlbəttə, bu xüsusiyyət tək bizə məxsus deyil. İnternetin imkanları istənilən feyk xəbəri dünyanın istənilən nöqtəsinə anında çatdırmağa imkan verir. Yalan xəbərin yayılma arealı çox yüksəlib, bir yandan bağlayırsan, digər tərəfdən vurub çıxır.
Feyk xəbərin axını çox böyük, buna müqavimət göstərmək isə çox qəlizdir. Nə qədər mənasız iddia, həqiqətə uyğun olmayan xəbər yayılıb. Telekanallar xəstəxanadan birbaşa çəkiliş edir, pasiyentlərdən və tibb personalından müsahibə alırlar. Gözümüzlə gördüyümüzə inanmaq əvəzinə taksi sürücülərinin şayiələrinə inanırıq. Bu koronavirusun nədənsə bir böyük oyun olduğunu düşünürük. Maska taxmırıq, özümüzü qorumuruq. Xəstəliyin də yayılma arealı yüksəlir. Maska bir yana qalsın, adi sanitar normaları da gözləməyi unuduruq. Əl yumaq da yaddan çıxır.
Çinlilər isə təbiətən nizam-intizamı gözləyən millətdirlər. İşləmək lazımdırsa, işləyəcəklər. Bayramdırsa, istirahət edəcəklər. Karantindirsə, hamı evində oturacaq. Virusun da öhdəsindən gəlib işlərinə davam edəcəklər. Xarici təsirin də daxili bazara inteqrasiyası yoxdur. Dünyanı idarə edən sosial şəbəkələr, videohostinqlər Çində qadağan edilib. Onların öz şəbəkələri, öz platformaları var. Nəhəng kiberordu isə informasiyanın təhlükəsizliyinin keşiyindədir. Qaydaları belədir.
Koronavirusun nə qədər təhlükəli olduğunu hələ dərk etmirik. Bəli, bu xəstəlik heç də böyük ölüm statistikasına malik deyil, bəzi insanlar onu çox asanlıqla keçirir, simptomlarını belə hiss etmirlər. Amma xəstəliyi ağır keçirən, ölən də az deyil. Virus yeni olduğundan onun nəyə qadir olduğunu hələ bilmirik. O, özünü stabil aparmır. Kimdəsə ağciyər, kimdəsə böyrək sıradan çıxır. Xroniki xəstəliyin varsa, deməli, risk qrupundasan. Günümüzdə tam sağlam adam tapmaq, ay işığında samanlıqda iynə tapmaqdan çətin olub. Hərənin bir xəstəliyi var, koronavirus da həmin bu zəif nöqtələrə zərbə endirəcək. Bir az boş buraxsaq, xəstələnənin də, ölənin də sayı birə-on artacaq.
Gözlə gördüyümüz bir təhlükəli virusa inanmırıq, amma bütün günü sosial şəbəkədə qarşılaşdığımız yalan xəbərləri tirajlayırıq. "Whatsapp" qruplarında minlərlə ağlasığmaz versiyalar müzakirə edilir. Xəstəliyə inanmaqdansa, elə bu yalanlara inanmağa öyrənmişik.
İnansaq da, inanmasaq da, statistika heç də ürəkaçan görünmür. Karantin rejimi yumşaldıqca, xəstə sayı da artıb, ölənlərin də. Yenidən qaydaların sərtləşməsi qaçılmaz olub. Bəşəriyyət belə növ epidemiyalarla çox rastlaşıb. Hətta sanitar şəraitin elə də münasib olmadığı, qaydaların gözlənilmədiyi şəraitdə belə xəstəlik gəldiyi kimi yoxa çıxıb, insanlar immunitet qazanıb. Koronavirus da gəldiyi kimi çıxıb gedəcək. Bir az səbirli olmalıyıq.