Pandemiya dövründə infrared termometrlərin əhəmiyyəti Hadisə

Pandemiya dövründə infrared termometrlərin əhəmiyyəti

Hazirda ölkəmizdə və dünyada böyük qlobal bir problem olan Koronavirus (COVID-19) pandemiyası dönəmini yaşayırıq. Sözsüz ki, bu problemin həlli və təsirlərinin azaldılması istiqamətində bütün dünyanın böyük diqqəti və dəstəyi var. Həmçinin bizim ölkəmizdə də dövlətimizin dəstəyi ilə həm tibb, həm də digər sahələrin əməkdaşları bu problemin həlli və təsirlərinin azaldılması istiqamətində böyük səy göstərirlər.
Bildiyimiz kimi, Koronavirusa (COVID-19) yoluxmanın ilkin simptomlarından biri temperaturdur. Hal-hazırki həssas dönəmdə tibb müəssisələrində, marketlərdə, bir sözlə fəaliyyətdə olan bütün qapalı məkanlarda bu virusun ilkin olaraq təyin edilməsi məqsədilə əraziyə daxil olan hər bir şəxsin temperaturunun ölçülməsi prosesi həyata keçirilir. Bu zaman İnfrared termometrlərdən (məsafədən ölçən) istifadə olunur. Bu termometrlərin ən əsas üstünlüyü qısa bir zaman müddətində və təmassız şəkildə temperaturun təyin edilməsidir. Bu termometrlər həssas termometrlər olduğu üçün, burada diqqət yetirilməli olan ən önəmli nüans isə həmin termometrlərin minimum xəta ilə çalışmasıdır. Bu işçi termometrlərdə olan göstəricini etalon göstərici ilə tutuşdurub, xətasının təyin edilməsi vacib nüanslardan biridir.
Biz 13 iyun 2013-cü il “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu və yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısını rəhbər tutaraq tibb müəssisələrimizə və digər təşkilatlara tövsiyə edirik ki, yüksək dəqiqlikdə olan infrared termometrlərdən istifadə etsinlər və cihazları dövri və mütəmadi olaraq kalibrə etdirsinlər. Çünki xətalı termometrlərin istifadəsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə ki, xətalı termometr istifadəsi zamanı sağlam şəxsin səhv ölçmə nəticəsində yanlış olaraq virus daşıması qeydə alına bilər, həmçinin virus daşıyan şəxsin isə yanlış ölçmə nəticəsində sağlam olması qeydə alına bilər.
Bütün bunları nəzərə alaraq xüsusilə yaşadığımız bu həssas dönəmdə temperaturun təyini zamanı istifadə edilən əsas cihazlardan olan infrared termometrlərin xətasının azaldılması və kalibrasiya edilərək yüksək dəqiqlikdə çalışmasının təmin edilməsi vacibdir.
Mühəndis metroloq Elmin Bağışov