Azərbaycanda “KİV haqqında” qanun sərtləşdirildi Hadisə

Azərbaycanda “KİV haqqında” qanun sərtləşdirildi

İqbal Ağazadə: "Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur"

Bahar Muradova: "Bəzilərinin şivən qoparmasını anlamıram, bu nəyə lazımdır axı?"

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib. "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Layihənin müzakirəsi mübahisələrə səbəb olub. Deputat İqbal Ağazadə "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklərə münasibət bildirib. deputat bildirib ki, əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanlarını məhkəmələr ikinci dəfə cəzalandıra bilməz.
Onun sözlərinə görə, qəzetdəki bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun deyil: "Bu vaxta qədər 3 dəfə idi, indi isə dəyişikliyə görə 2 dəfə olacaq. Bunun nə mənası var?! 2 dəfə məhkəmə iddiasından sonra media orqanının bağlanması absurddur. Belə bir təcrübə özünü doğrultmursa, bu dəyişikliyi niyə etməliyik?"
İ.Ağazadə bildirib ki, beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsinə dəyişikliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaradılır: "Onlarda belə təəssürat yaranır ki, Azərbaycanda KİV haqqında qanunvericilikdə mürtəce dəyişikliklər edilir. Buna niyə şərait yaratmalıyıq? Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur. Bu qanun layihəsinin heç bir mənası yoxdur".
Deputat Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: "Özlərini "mücahid" kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi ilə bağlı maddəsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi də birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın".
Deputat Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: "Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbul olunmazdır ki, ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanla bağlı ölçü götürülməsini niyə istəməməliyəm?"
Spiker Oqtay Əsədov deyib ki, o da "lal deputatlar"ın siyahısına baxıb: "Çox mənasız siyahı idi. Ordakıların əksəriyyəti beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvüdür. Parlamentin xaricdə də fəaliyyəti var".
Spikerin müavini Bahar Muradovanın fikrincə, bəzi qüvvələrin bu qanuna dəyişiklik edilməsini mürtəcelik kimi dəyərləndirməsi anlaşılan deyil: "Kim qanun pozmayacaqsa, o cəzalanmayacaq. Bəzilərinin şivən qoparmasını anlamıram. Bəziləri mətbuat adından danışmağa başlayır. Bu nəyə lazımdır axı? Hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?"
Deputat Aqil Abbas bildirib ki, qorxu, vahimə yaradan informasiyalarla bağlı cəza tədbirləri də nəzərdə tutulmalıdır.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qanun layihəsinə deputatlardan 1-i əleyhinə, 94-ü isə lehinə səs verib. Bir nəfər isə bitərəf qalıb.