20 Yanvar - qürur, fəxr günümüz Hadisə

20 Yanvar - qürur, fəxr günümüz

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSRİ Ali Sovetinin razılığı olmadan 20 yanvar saat 00:00-dan Bakı şəhərində fövqəladə vəziyyətin elan olunması haqqında qərar çıxarır. Lakin bu geniş auditoriyaya ictimailəşdirilmir, gizlin saxlanılır. Həmin gün saat 20 radələrində o zaman ölkənin yeganə telekanalı olan dövlət televiziyasının enerji bloku partladılır. Saat 21-dən etibarən SSRİ müdafiə naziri Dmitri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdaraq, əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil olur.
...Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış günahsız xalqa divan tutuldu.
20 Yanvar hadisələrinə aparan yol 1988-ci ildən erməni separatizminin təzahürlərinin üzə çıxması ilə başlayıb.
Belə ki, 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 1988-ci ilin iyul ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman M.Qorbaçov Azərbaycan deputatları ilə yanaşı, Ermənistan deputatlarının da eyni hüquqda iştirakını tələb etdi. Bu isə M. Qorbaçovun Ermənistan üçün yaratdığı növbəti şərait idi.
1988-ci ilin əvvəllərində M.Qorbaçov Silva Kaputikyan başda olmaqla erməni ekstremist nümayəndəliyini qəbul edərkən məsələ öz təsdiqini tapdı. Elə həmin vaxtdan – 1988-ci il fevralın əvvəllərindən Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər başlandı. Bundan dərhal sonra erməni “Qarabağ Komitəsi” DQ MV-dəki “Krunk” təşkilatı gizli fəaliyyətdən birbaşa açıq fəaliyyətə keçdi və ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.
Azğınlaşmış ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsi və 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-lə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” qərarına Azərbaycan xalqı öz etiraz səsini ucaltdı.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti xəyanəti 1989-cu ilin yanvarın 12-də DQMV-də xüsusi idarəçilik forması yaradılması haqqında SSRİ Ali Sovetinin qərar qəbul etməsi və ermənipərəst Arkadi Volskinin komitəyə sədr təyin edilməsi oldu.
Arkadi Volskinin təşəbbüsü və səyi nəticəsində 50 min nəfər azərbaycanlı DQ MV-dən müxtəlif üsullarla deportasiya edildi.
DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması siyasəti mərhələ-mərhələ həyata keçirilirdi.
1989-cu ilin noyabrında səbr kasası dolmuş Azərbaycan xalqı Bakının mərkəzi meydanında mitinqlərə başladı.
Beləliklə, 74 ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti, əhəmiyyəti haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun inkişafında böyük rol oynadı. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi.
1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın digər rayonlarında keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolu oynadı.
Hadisələrin inkişafı Azərbaycanda xalq hərəkatının daha da genişlənməsini və güclənməsini təmin etdiyi kimi, ölkədə müstəqillik istəyini daha güclü bir şəkildə gündəmə gətirdi. Bu proses Azərbaycanı müstəqilliyə aparacaq olan xalq hərəkatının da təşkilatlanmasını və güclənməsini təmin etdi.
Faciəyə etiraz səsini ən birinci ucaldan, ilk hüquqi-siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi brifinqdə 20 Yanvar hadisələrinin təşkilatçılarını, M.Qorbaçov başda olmaqla ifşa etdi. 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsini yenidən gündəmə gətirdi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında 5 bənddən ibarət bəyannamə qəbul etdi. Lakin Azərbaycan hökuməti buna reaksiya vermədi.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də baş verən bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş bir cinayət olduğunu dilə gətirərkən, Azərbaycandakı idarəçilərin bu hadisə haqqında lazımi tədbirləri görmədiyini diqqətə çatdırmış, qətliamı törədən və bu qırğında günahkar olan insanların ciddi şəkildə cəzalandırılmasının vacibliyini bildirmişdir.
Yalnız ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü il martın 29-da isə Milli Məclis tərəfindən 1990-cı il 20 Yanvar faciəsinə əsl siyasi və hüquqi qiymət verildi.
31 mart 1998-ci il tarixli fərmanla “20 Yanvar şəhidi” adı təsis edildi. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” adı haqqında əsasnamə təsdiq olundu və Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi yaradıldı.
…Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 31 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütün dünya azərbaycanlıları həm şəhidlərimizin xatirəsini, həm də bizim qürur, fəxr tariximizi yada salır.
Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkədə apardığı fundamental islahatlar ölkəmizi ildən-ilə gücləndirib. Xalq-hakimiyyət-ordu birliyi və həmrəyliyi 30 ilə yaxın erməni işğalından torpaqlarımızım azad edilməsi ilə nəticələndi. Şəhidlərimizin qanı yerdə qalmadı, eyni zamanda dünya Azərbaycanın gücünü gördü.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir.