Hökumət “Sovetski” ilə bağlı qərarını qüvvədə saxlayıb Hadisə

Hökumət “Sovetski” ilə bağlı qərarını qüvvədə saxlayıb

Sakinlər isə 1500 manatla razılaşmırlar

Hökumət "Sovetski" ilə bağlı qərarını qüvvədə saxlayıb. Bu qərar Yasamal rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşdə səsləndirilib. Görüşdə Yasamal Rayon İcra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxuyub. İlk olaraq bildirilib ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.
Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin "kupça"ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.
Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikasiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var.
Hər bir ailəyə fərdi yanaşma ilə bağlı təklifə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmır.
Söküntü zamanı divarların, soba yerinin və s. sahəsinin də nəzərə alınmasına gəlincə, bununla bağlı cavabda bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə əsasən tənzimlənir. Sahə otaqların, mətbəx və şüşəbəndlərin sahəsi də daxil olmaqla hesablanır, divarların, sobanın yerləşdiyi sahə mənzil sahəsinə aid edilmir.
Satınalma zamanı mənzillərin yerləşmə sahəsi, təmirinin nəzərə alınması, fərdi yanaşma olmasına gəlincə, cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat təmir nəzərə alınaraq müəyyən edilib.
Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Qeyd olunub ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığı üçün mənzil sahibləri ilə münasibətlər Mülki Məcəllə ilə tənzimlənməlidir.
Dünən "Sovetski" sakinlərindən ibarət Təşkilat Komitəsi yenidən Yasamal Rayon İcra Hakimiyyətinə gediblər.
Təşkilat Komitəsinin üzvləri bildiriblər ki, onlar Maliyyə Nazirliyinin rəsmi açıqlamasına bir daha aydınlıq gətirilməsini tələb ediblər. Təşkilat Komitəsində təmsil olunan "Sovetski" sakini Sevinc Bayramova bildirib ki, Maliyyə Nazirliyi açıqlaması ilə heç cürə razılaşmırlar: "Dünən icra hakimiyyətində başda baş nazirin müavini Abid Şərifov da olmaqla digər hökumət üzlərinin iştirakı ilə görüş keçirildi. "Sovetski" sakinləri əvvəl yaxşı başlamışdılar. Birlik var idi, sözümüzü deyə bilirdik. Hər kəs çox gözəl bilir ki, "Sovetski" birinci dəfə qalxanda hökumət geri çəkildi. Amma hökumət bizdən zaman istədi. Elə adam var ki, ona camaatı sakitləşdirməkdən ötrü evinin kvadratına 2 min manat ödəniləcəyi vəd edilib. Həmin şəxslər də, danışıqlara meyillidirlər. Prinsipial deyillər. Bilirsiniz niyə? Çünki onların başqa yerlərdə evləri var. Kasıbın daxmasını özündən başqa heç kəs fikirləşmir".
Görüşdən çıxan sakinlər bildiriblər ki, onlara "Nizami" metro stansiyasının yaxınlığında Yasamalın icra başçısının ərazi üzrə nümayəndəliyini yerləşdiyi binada fəaliyyət göstərən Köçürmə Komissiyasına getmələrini tapşırıblar.
Sözügedən yerdə də olduq. Evləri ilə bağlı Köçürmə Komissiyasının üzvləri ilə görüşən sakinlər bildirdilər ki, kompensasiyadan narazı sakinlər evlərindən köçməyəcəklər. "Sovetski" sakinləri sonda bildiriblər ki, sakinlərin tələb etdiyi kompensasiya ödənməyənə kimi kütləvi aksiyalara davam edəcəklər.
Sakin Atabala Əsədullayev bildirir ki, bu kimi aksiyaların sonu yoxdur: "Yaxşı olar ki, ağsaqqallar yığışıb bir qərara gəlsinlər ki, bu məsələni necə həll edəcəyik. Biz bilirik ki, aksiya gücünə bu məsələləri həll etmək olmaz. Böyük kvadratlı mənzilləri olanlar üçün 1500 manat kifayət edir. Söhbət burada 20-40 kvadrat arası mənzilləri olan sakinlərdən gedir. Problem onların problemidir. Hansı ki, bu adamlar kvadrata 1500 manatla hardansa ev ala bilməyəcəklər. İndi bir şey də var ki, əgər dövlət onlara hər kvadrata görə 3000-4000 manat verərsə, digər sakinlər də iri mənzillərini oğullarının, nəvələrinin adlarına olmaqla kvadratlara böləcəklər. Yəni bu məsələni həll edərkən diqqətli olmaq lazımdır. Bir sakin kimi etirazların şiddətlənməsini, camaatın əziyət çəkməsini istəmirəm".
Ekspert Ramin Osmanlının sözlərinə görə, söküntü ərazisində daha çox kiçik ölçülü fərdi yaşayış evlərindən ibarət olması nəzərə alınmalıdır. Çünki buradakı evlərin sahəsi təxminən 40 və ondan aşağı kvadratmetrlidir. Belə olan təqdirdə isə sakinlər kompensasiyalarını aldıqdan sonra belə özlərinə ev ala bilməyəcəklər: "Hər gün mənzillərin qiymətinin artması da bir faktdır. Xüsusilə şəhərin mərkəzində mənzillərin qiyməti çox bahadır". "Sovetski"də insanların yaşadıqları ərazilərdə torpaq sahələrinin də kifayət qədər kiçik olduğunu deyən Ramin Osmanlı vurğulayıb ki, buradakı həyat evlərinin əksəriyyətində bütün həyət tikililərdən ibarətdir: "Çox az qism evlər var ki, onların həyət sahələri var. Amma həmin torpaq sahələrinin də sənədləri qaydasında deyil. Tikinti altındakı sahə kompensasiya məbləği kimi götürülsəydi, daha yaxşı olardı".
Burada isə daha bir məraqlı məqam yaranıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı araşdırmalar nəticəsində Bakının Yasamal rayonunda - "Sovetski" adlanan ərazidə sökülməsi planlaşdırılan evlərin təxminən 15%-nin bankların girovunda olduğu üzə çıxıb. Bu barədə qurumun rəhbəri Vüqar Bayramov "Fasebook" sosial şəbəkəsindəki profilində bildirib: "Sovetski" adlandırılan ərazidə sökülən evlərlə bağlı əsas müzakirə olunan məsələ kompensasiyaların məbləği olsa da, belə ödənişlərin verilməsində sözügedən problem heç də yeganə maneə deyil. Məsələ ondadır ki, "Sovetski"də yerləşən evlərin bir qismi banklarda kredit girovundadır. Yəni həmin ev sahibləri və ya qohumlar kredit götürən zaman o ərazidə yerləşən evlərini girov kimi banka təqdim ediblər. Sözügedən zonada yerləşən 10 min mənzilin neçə faizinin girov olması barədə rəsmi məlumatlar olmasa da İqtisadi və Sosial İnkişaf Mərkəzinin sorğu nəticəsində empirik hesablamalarına görə, həmin evlərin təxminən 15 faizdən artığı girovdur. Təbii ki, həmin evlərin girov olmasında qanunsuz heç nə yoxdur. Kreditə ehtiyacı olan şəhər sakini evini girov kimi təklif edərək kredit götürüb. Amma, məsələ ondadır ki, həmin ərazidəki mənzillər dövlət ehtiyacları üçün satın alındığından sonra girovda olan evlər sökülməlidir. Bəs, mövcud qanunvericilik və qaydalar ilə bu proses necə tənzimlənəcək?".
İqtisadçı-ekspert bildirib ki, bank qanunvericiliyinə görə, girov evlərin satın alınarkən bank öhdəlikləri öncə yerinə yetirilməlidir və daha sonra ev satışa çıxarıla bilər: "Yəni ev hökmən girovdan çıxmalıdır ki, o satıla bilsin. Qanunvericilik kommersiya məqsədi ilə və ya dövlət ehtiyacları üçün mənzillərin satın alınmasını ayrı-ayrı hallar kimi təsnifləşdirməyib. Bu isə o deməkdir ki, prosesə məsul icra hakimiyyəti qurumu mənzili dövlət ehtiyacları üçün alan zaman həmin mənzilə görə banka olan borcu ödəməlidir və həmin pul kompensasiya məbləğindən çıxılmalıdır. Yəni, əgər vətəndaşın evi 30 min manatlıq kredit üçün girovdadırsa və onun alacağı məbləğ 70 min manatdırsa o zaman ona 40 min manat kompensasiya veriləcək. Digər, 30 min manat kreditin qaytarılması və evin girovdan çıxarılması üçün ödəniləcək. Təbii ki, bu iqtisadi və ya hüquqi baxımdan qeyri-adi təsir bağışlamaya bilər. Amma məsələ ondadır ki, kredit məbləğinin azaldılması əvvəl borcu olmuş vətəndaşın yeni ev alma imkanlarını çətinləşdirir.
Bu halda həmin vətəndaşın 40 min manata uyğun ev alma şansları məhdud olur. Əslində, vəziyyət fərqlidir: məsələn vətəndaş 2 ay öncə 30 min manatlıq kredit götürüb və buna görə də 6-8 faizlik komisyon haqları ödəyib. O həmin krediti xərcləyib və müqavilədə göstərilən aylıq ödənişləri qaytarmaq imkanına malikdir. Yəni kredit götürən şəxs öz aylıq gəlirlərini hesablayaraq və nəzərə alaraq kredit götürüb. Amma təbii ki, onun bütün vəsaiti birdəfəlik və tam olaraq bank qaytarmaq imkanının olması inandırıcı deyil. Digər tərəfdən, götürülən kredit qısa zamandan sonra geri qaytarılan halda kredit götürən şəxsin ödədiyi komisyon haqqı, yumşaq desək, praktik olaraq batır. Əgər onun evi sökülməsəydi, o zaman o aylıq ödənişləri edərək sonradan evini girovdan da çıxara bilərdi və bununla da evsiz qalmaq problemi ilə üzləşməzdi. İndiki halda isə ödənişlər banka vaxtından əvvəl həyata keçirildiyi üçün bu artıq borclu vətəndaş üçün mənzil problemi yarada bilər.
Deməli, mənzərə aydındır: qanunvericilik ödənilən kompensasiyadan kredit borclarını azaltmağı tələb edir. Bu hal isə borclu vətəndaşların evləri söküləndən və kredit borcu qaytarılandan sonra mənzil ala bilməmək riski ilə üz-üzə qoyur".

Əli