Ailədə baş verən zorakılıqlar sosial-iqtisadi amillərlə bağlıdır Hadisə

Ailədə baş verən zorakılıqlar sosial-iqtisadi amillərlə bağlıdır

Ailə zorakılığına qarşı qadınların dözümlülüyünü hansı səbəblərlə izah etmək olar?

BMT-nin bəyannaməsi təsdiq edir ki, "məcburetmə və ya əsassız azadlıqdan məhrumetmə kimi fəaliyyətlərin həyata keçirilməsi təhlükəsi zorakılıq aktıdır" (Maddə 1). Bundan əlavə, "qadınlara münasibətdə zorakılıq yaşamaq hüququ, bərabərlik hüququ, sərbəstlik hüququ, şəxsi toxunulmazlıq, qanunauyğun şəkildə bərabər müdafiə olunmaq, sağlamlığın qorunması, ədalətli və münasib əmək müqaviləsi, hansı formada olursa olsun ayrı-seçkiliyə məruz qalmaq, işgəncə və ya amansız, insan heysiyyətini alçaldan rəftarın obyektinə çevrilməmək kimi əsas hüquqlarını və azadlığın pozulmasıdır." (Maddə 3).
Zorakılıq ailədə baş verdiyi kimi (yəni hər hansı bir şəxs tərəfindən), həmcinin cəmiyyət və dövlət tərəfindən də törədilə bilər. Mütəxəssislər qeyd edir ki, qadınlara qarşı zorakılıq hallarının bir çoxu gizli qalır və son zamanlara qədər sosioloq və hüquqşünasların diqqətini bir о qədər də cəlb etmir: bir tərəfdən, zorakılığı ənənəvi metodlarla üzə çıxarmaq çətin olduğuna görə, digər tərəfdən, şəxsi həyata müdaxilənin düzgün sayılmadığına görə.
Naidə Hacıyeva yazır ki, ailədə baş verən və nəsildən nəsilə ötürülən zorakılıq hallarının əsas səbəblərindən biri gender təmayüllü tərbiyədir: " Uşaq cinsindən asılı olaraq müxtəlif tərbiyə alır, bu da uşaqlara müxtəlif rolların, dəyərlərin, davranış tərzinin təkidlə qəbul etdirilməsində özünü büruzə verir. Oğlanların tərbiyəsi təcavüzkarlıq, qızların isə heysiyyətini alçaltma xüsusiyyətlərini daşıyır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, oğlanlar gələcək ər və ata kimi deyil, yalnız bir kişi kimi tərbiyə olunurlar. Oğlanların tərbiyəsi hansısa bir kişi idealına istiqamətləndirilir, bu ideal müxtəlif zamanda və müxtəlif ölkədə fərqli ola bilər. Bir çox ailələrdə qadınlar ər və uşaqların qeydinə qalmaqla, ev təsərrüfatını idarə etməklə bərabər, həm də produktiv işlə də məşğuldurlar, çünki ölkədəki iqtisadi vəziyyətin kəskin dəyişməsinə görə hələ də bir çox kişilər öz qabiliyyətlərini reallaşdıra bilmirlər. Ailə başçısı vəzifəsini bütünlükdə yerinə yetirə bilməyən və uşaqlıqda lazımi tərbiyə almayan kişi qadına qarşı təcavüzkarlıq, təhdidlər, təhqirlər, qısqanclıq, zorakılıq halları vasitəsi ilə öz qəzəbini yatırır".
Ailəsində daimi zorakılıq görən qadın həyat yoldaşları boşanmağa can atmır. Ailə zorakılığına qarşı qadınların dözümlülüyünü hansı səbəblərlə izah etmək olar? Bu nədən irəli gəlir?
Naidə Hacıyevanın fikrincə, bunun səbəbləri qızların və oğlanların ailə və cəmiyyətdəki mövcud tərbiyə metoduna bağlıdır: "Uşaqlıqdan qızları həyat yoldaşı və ana olmaq üçün hazırlayırlar. Bir qayda olaraq, bir çox hallarda qadın bir şəxsiyyət, mütəxəssis, ictimai xadim olmaqla yanaşı, mütləq bir həyat yoldaşı kimi də cəmiyyət tərəfindən qiymətləndirilir. Əgər qadın tənha və yaxud boşanmışsa (hər hansı səbəbdənsə), cəmiyyətdə onun haqqında müxtəlif söz-söhbətlər, kütləvi müzakirələr aparılır. Belə hallarda hətta cəmiyyətin nəzarəti haqqında belə danışmaq olar. Bu, demək olar ki, cəmiyyətdə gender davranışının sosial tənzimləməsinin ənənəvi metodlarıdır. Başqa sözlə, boşanmış və ya tənha qadın olmaq heç də təhlükəsiz deyil, çünki onun həyatı ümumi maraq və nəzarət hədəfinə çevrilir, bu da faktiki olaraq cəmiyyət tərəfindən mənəvi və psixoloji zorakılıq kimi qəbul edilə bilər. Bəzən belə təzyiqə dözmək ər tərəfindən olunan fiziki işkəncəyə dözməkdən daha çətin olur".
Ailə zorakılığına dözümlülüyün bir səbəbi də iqtisadi asılılıq sayıla bilər. Ənənəvi olaraq, ailə mülkiyyəti əksər hallarda kişinin adına tərtib olunur. Birgə ailə həyatı prosesində qadının ailə büdcəsinə daxil etdiyi əmək töhfəsi dəyərləndirilmir. Boşanma qadını bir çox maddi nemətlərdən məhrum edir. Bəzi hallarda onun heç getməyə belə yeri olmur, çünki əmlaka olan hüququ barəsində heç nə bilmir (bu daha çox savadsız qadınlara aiddir). Hətta özünün pul qazanmaq qabiliyyətini bildiyi halda belə, qadınlar zorakı ərlə boşanmağa tələsmirlər, çünki artıq ər və bir çox hallarda onun ailəsi tərəfindən təhdid və şantaja əl atılır.
Ekspertlər bildirir ki, Azərbaycan ailəsində baş verən zorakılıqlar əsasən iqtisadi amillə bağlıdır. Yəni, bütün zorakılıqlar iqtisadi zorakılığa söykənir. "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, hazırda 10 ailədən doqquzunda iqtisadi imkanlar kişinin əlində cəmləşib. Lakin konkret olaraq nə qədər qadının iqtisadi zorakılığa məruz qaldığını söyləmək çətindir: "Mənim evimin sirri mənim sirrimdir, heç kim bilməməlidir. Bu sahədə vəziyyət həmişə ağır olub, əsasən də qadınların vəziyyəti. Qadınlar döyülüb, söyülüb. Son zamanlar isə daha çox ailələrdə qadınların öldürülməsi halları artıb"
Ekspertlər bildirir ki, qadınların çoxu məruz qaldığı zorakılıq növünü ayırd edə bilmir. Əslində məişət zəminində olan hər 4 zorakılıq bir-biri ilə bağlıdır. İqtisadi zorakılığa məruz qalan avtomatik psixoloji təsirdə olur. Üstəlik, onun üçün fiziki və cinsi zorakılıq da qaçılmazdır. Bir sözlə, ailədə iqtisadi zorakılıq varsa, orda mütləq fiziki, psixoloji, cinsi zorakılıq da var. Ekspertlər bildirir ki, zorakılıq təkcə ər-arvad arasında deyil, valideyn - uşaqlar arasında da ola bilər. İqtisadi zorakılıq ən pis, qəddar zorakılıqdır. İzləri uzun müddət qalır.
"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanunu 22 iyun 2010-cu ildə qəbul olunub. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Qanunun maddə 1, 1.0.4. bəndində məişət zəminində psixi zorakılıq - bu, Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri zorakılıq kimi əsaslandırılıb.
Bundan başqa, Nazirlər Kabineti məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müəyyənləşdirib. Əgər şikayətdə cinayət tərkibi yoxdursa, yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılmalıdır".
Lakin ekspertlər bildirir ki, həmin qanun layihəsində iqtisadi zorakılıqla bağlı bir kəlmə belə yazılmayıb. Halbuki bu gün, istər fiziki zorakılıq olsun, istər psixoloji, istərsə də cinsi - bunların hamısının kökündə iqtisadi zorakılıq durur. Məişət zorakılığı ilə bağlı qəzetlərdə, saytlarda gedən yazılarda qadınların daha çox fiziki və seksual zorakılığa məruz qalmasından danışılır. Halbuki mövcud zorakılıq növləri əsasən iqtisadi zorakılıqdan doğur.
Ötən illərin müqayisəli statistikası göstərir ki, qanunun qəbulu cinayət faktlarının ortaya çıxmasına kömək edib. Məsələn, Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirdiyi sorğuya görə, əhalinin 77 faizi cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrindədir. Daxili İşlər Nazirliyinin gətirdiyi rəqəmlərə görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub. 2011-ci ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınmış 847 cinayət hadisəsi zamanı 854 qadın zərər çəkib və onların 19-u 18 yaşadək qızlar, biri isə hamilə qadındır. 2012-ci ildə məişət zorakılığı zəmnində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 230 müraciət daxil olub. İlin 6 ayı ərzində qısqanclıq, ailə münaqişəsi, məişət zorakılığı zəmnindəki cinayətlərin sayı 835 olub. Bunlardan 819-u qadınlara, 16-sı isə uşaqlara qarşıdır. Zorakılıq nəticəsində 7 qadın dünyasını dəyişib, 869 qadın, 15 yeniyetmə, 3 nəfər azyaşlı xəsarət alıb.
Psixoloq Aysel İsgəndərli deyir ki, Azərbaycanda kişilərin qadınları özlərindən iqtisadi cəhətdən asılı saxlamalarının kökündə mentalitet, qədim adət-ənənə və "kim nə deyər", - düşüncəsi durur. Hələ daha öncələr "qadın işləməz" deyə bir fikir, böyüklərin qız uşaqlarına "o gün olsun ailə qurub, ər çörəyi yeyəsən", - kimi alqışları da vardı. Düşünürdülər ki, ən xoşbəxt qadın ərinin qazancı ilə dolanandır. Ancaq düşünən yoxdur ki, bu, onu kişidən asılı vəziyyətə salır: "Gələcək nəticələri çox ağır olur. Məsələn, həyat yoldaşı tərəfindən fiziki, psixoloji təzyiqlərə məruz qaldığı halda səsini çıxara bilmir. Çünki iqtisadi cəhətdən zəifdir, asılıdır. Bundan əlavə, övladları var və çıxıb getsə, onlara baxa bilməyəcək. Bu da kişilərdə bir arxayınlıq yaradır - "mən səndən üstünəm!". Ümumiyyətlə, kişilər həmişə özlərinin kimdənsə üstün olmaq fikrini doğrultmaq istəyiblər. Bunun üçün isə qadını özlərindən asılı vəziyyətə salmaq ən asanıdır. Qadını özlərindən asılı vəziyyətə salmaqla bir növ var olan eqolarını da doyuzdururlar".
Qeyd edək ki, bu gün cəmiyyətdə sayı bilinməyən zorakılıq halları həm də bu sahədəki qanunda olan boşluqlardan və nəzarət mexanizmlərinin işə yaramadığından xəbər verir. Ailə məsuliyyətin təkcə qadının üzərinə atmaqla, qadını hər addımda təhqir və tənqid etməklə, qadının fiziki əməyindən sui-istifadə edib onu istehza mənbəyinə çevirməklə güclü və inkişaf etmiş cəmiyyət əldə etmək mümkünsüzdür və qanunauyğun deyil. Burada təkcə maarifləndirmə də kifayət deyil, çünki hüququnu bilən xanımlar belə haqqını qorumaq üçün hüquqi yardım ala bilmirlər. Hər bir vətəndaşını qorumağa borclu olan dövlət hüquq müstəvisində qadın və uşaqlara qarşı baş verən hər türlu zorakılıq hallarının qarşısının alınmasına nail olmalıdır.

Ülviyyə Tahirqızı