Gözləri, zehinləri kor olanlar... Hadisə

Gözləri, zehinləri kor olanlar...

Arzu Şirinova

20 Yanvar hadisəsindən bir il sonra təsadüfən bir məclisdə görüşmüşdük onunla. Söhbətimiz tutmuşdu, bir çox məsələlərdə eyni düşüncəni bölüşürdük və hətta o məndən irəli gedirdi. Bunun da səbəbi vard-20 Yanvar qırğınının gülləboran olunan şəxslərindən idi. Həmin gecə güllə dəymişdi ona , ancaq həkimlər gülləni çıxarmamaq qərarına gəlmişdilər. Və demişdilər ki, illər boyu bu gülləni bədənində daşıya bilərsən. Çünki güllənin çıxarılması onun həyatına son verə bilərmiş...
...Həmin gündən bir neçə dəfə olmuşdu ki, zəngləşmişdik və görüşmüşdük. Onun haqqında nəsə yazmaq istəyəndə qoymamışdı:"Müəlliməyəm. Ya gərək həqiqəti söyləyəm, ya da riyakarlıq edəm. İlinci mənlik deyil. Ona görə də istəmirəm". Ona sual etmişdim ki, 20 Yanvarda başına gələnləri söyləməkdən nədən ehtiyat edirsən? Axı bu qırğını törədənlər, sifariş verənlər açıq-aydın bütün dünyaya bəlli edilib? Cavabı nə olsa yaxşıdır-"Hələ də sovet sisteminə qulluq edənlər var. Həm də uşaqlarım Rusiyadadı, onları incidərlər". Düzü onun təfəkkürünü qəbul eləmədim, hətta qınadım. Heç nə demədi, sakitcə baxdı...
...Bu gün elə qorxaqların sayı azalmaq əvəzinə artır. Üstəgəl ermənilərin dəyirmanına su tökənlərin də sayı artır. Bu sırada tanınmışlarımızı-Əkrəm Əylisli, Fazil Qəzənfəroğlu-görmək mümkündür. Sözsüz ki, zaman çox yanlışlıqları düzəldir, yoluna qoyur. Məsələ bundadır ki, bu yanlışlıqlar yoluna qoyulunca sərf olunan əziyyətə heyfin gəlir. Və fikirləşirsən ki, bu əziyyətimi içimdən olanların sıhvlərini düzəltmək əvəzinə düşmənə on qat cavab verməyə yönəldərdim. Çünki içindəkinin yanlışlarından düşmən bir vasitə olraq sənə qarşı yararlanır. Bunun da bədəlini tək şəxslər deyl, ümumilikdə Azərbaycan ödəyir...
...Bu gün yenə zəng vurdum. Zəngimə bir qız cavab verdi. Kim olduğunu soruşanda bildirdi ki, nəvəsidi. Danışmaq istəyimi deyəndə "ölüb" sözünü eşitdim. Məlum oldu ki, bir neçə ay olar ki, dünyasını dəyişib. Öləndə isə kimsə yanında olmayıb. Hətta çox ciddi-cəhdlə qoruduğu, " həqiqəti söyləsəm övladlarımı Rusiyada sıxışdırarlar" dedidiyi övladları belə onun dəfninə gəlməyiblər. Ancaq Vətən və Torpaq ona qucaq açıb, qoynuna alıb ki, rahat uyusun. Dövlət də onun qayğısına qalıb-bütün xərclərini çəkib. 20 Yanvar qırğınında güllə yarası alıb əlil olduğu üçün...
...Nəydi bu müəllimənin gizlətdikləri? İsmini yenə yazmayacam, sadəcə onun nəql elədiklərini sizlərlə bölüşəcəm. O danışırdı:"20 Yanvar qırğınına kimi sovet sistemi, 11-ci qızıl ordunun Azərbaycanda törətdikləri haqqında kimlərsə danışanda qəbul etmirdim. Çünki oxuduqlarım bunun əksini deyirdi. Elə tədris elədiyim tarix də bunun əksini yazırdı. Dəfələrlə olmuşdu ki, həmkarlarımla mübahisə etmişdim. Hətta təhsiliylə məşğul olduğum şagirdlərə sovet sistemiylə bağlı danışılanların yalan olduğunu anlatmağa çalışırdım. Baxmayaraq ki, artıq Dağlıq Qarabağda erməni hiyləsi və covetin məkirli planı işə düşmüşdü. Gözlərim də, zehnim də kor olmuşdu. 20 Yanvar qırğınına kimi. Həmin gecə güllə tək mənə dəydiyinə görə covet sistemi düşüncələrimdən vaz keçmədim. Həm də gözlərimin qarşısında azğınlaşmış sovet ordusunun əsgərlərinin yaşlıya, uşağa aman vermədən tankların qabağına qataraq bu insanların qışqırmağına qəh-qəhə ilə gülüşləri mənim düşüncələrimi dəyişdi. Azərbaycanın 70 il ərzində sovet inperiyasının əsarətində olduğu və bu əsarət zamanı ziyalılarımızın hansı təqiblərə məruz qaldıqları-halbuki, onlar haqqında beyinlərimizə yanlış informasiyalar pərçimlənmişdi-aydınlaşdı. Sağalıb məktəbə dönəndə özümü cəmləyib sinifə girə bilmirdim. Şagirdlərə nə deyəcəyimi , həmkarlarımla necə davranacağımı bilmirdim, çünki günahkar idim. Ancaq onlar mənimlə heç nə olmamış kimi davranırdılar. Bəlkə də söz yarasının güllənin açdığı yaradan çox incitdiyini bildikləri üçün üstümə gəlmədilər. Onu da deyim ki, mən düşüncədə olan müəllimlər vardı. Onlar bu gün də eyni düşüncəni bölüşürlər. Və sovet sisteminə haqq qazandırırlar. Hərdən onlara deyirəm -sizədəmi güllə dəyməlidir, həmin vəhşiliklərin şahidi olmalısınız ki, düşüncələriniz dəyişsin? Axı bundan sonra Xocalı faciəsini yaşamışıq? Bu faciədə ermənilərə yardımçı olan sovet imperiyasının üzərində bərqərar olan Rysiya əsgərlərinin vəhşiliklərinin təsdiqini bilirik . Nə vaxtsa fikirlərimin, başıma gələnlərin mətbuatda getməsini istərəm. Ancaq indi dediyim kimi, övladlarım üçün qorxuram, çünki onların çörəyini yeyir"...