Ermənistan üçün qara gün Hadisə

Ermənistan üçün qara gün

1 erməni əsgəri özünü asdı, 2-i yaralandı, düşmənin 1 pilotsuz təyyarəsi vuruldu və təxribat törətmək cəhdi fiaskoya uğradı

Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində növbəti monitorinq keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq zamanı erməni tərəfi yenə də təxribata cəhd göstərib.
Belə ki, monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar. Bununla da monitorinqin keçirilmə vaxtı gecikdirilib.
Müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi mümkün olub.
Lakin monitorinqin sona çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, beynəlxalq hüququn normalarına və prinsiplərə məhəl qoymayan erməni tərəfinin təxribat xarakterli bu cür əməlləri artıq sistematik hal alıb. Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən olunmuş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olurlar.
Qeyd edək ki, Ermənistan tərəfi öncə monitorinq zamanı heç bir problem yaşanmadığını hildirsə də, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasından sonar öz özünü təkzib edib.
Azərbaycan Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, "Ermənistanın Müdafiə Nazirliyi özünün yaydığı məlumatı az sonra təkzib etməklə ictimaiyyəti aldatdığını bir daha sübut edib: "Əvvəlcə ermənilər monitorinq zamanı heç bir problemin yaşanmadığını açıqladılar. Bu məlumat ermənilərin informasiya agentliklərində yayıldı. Biz, Azərbaycan tərəfi monitorinq zamanı pozuntuların qeydə alınması barədə məlumat yaydıqdan sonra erməni tərəfi özünün əvvəlki xəbərini təkzib edərək, guya Azərbaycan tərəfindən monitorinq zamanı atəşin açıldığına dair xəbər yaydı. Bu bir daha onu göstərir ki, Ermənistan hərbi rəhbərliyi öz xalqını və dünya ictimaiyyətini aldatmaq üçün bütün variantlardan istifadə edir. Beynəlxalq təşkilatları bu məsələlərə qoşmağa cəhd göstərirlər".
Qeyd edək ki, dünən saat 14.00-la cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Ermənistan KİV-i isə dünən cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralandığı barədə məlumat yayıb.
Məlumatda yaralıların adlarını da açıqlanıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır.
Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər.
Ermənistan KİV-nin yaydığı başqa bir xəbər isə Ermənistan Silahlı Qüvvələrinin hərbçisinin intihar etməsi ilə bağlı olub.
Dünən səhər saatlarında İrəvanda hərbi hissənin təlim-məşq bazasının idman zalında Aykaz Barseqyanın turnikdən asılmış meyiti tapılıb.