“Qəhrəmanları təftiş etmək yersizdir” Hadisə

“Qəhrəmanları təftiş etmək yersizdir”

Leyla Abdullayeva: "Şəxsiyyətləri müzakirə etmək və onları təftiş etmək fərqli şeylərdir"

Milli Məclisin bugünkü iclasında millət vəkili Leyla Abdullayeva tarixi şəxsiyyətlər və onlar haqqında çəkilən televiziya verilişlərinə toxunub.
Millət vəkili aparılan diksussiyaları, sosial şəbəkədəki müzakirələri dəstəkləyib: "Lakin burada tarixə və tariximizə yanaşma, tarixi şəxsiyyətləri qiymətləndirmə sualları meydana çıxır. Suallar yaranır ki, bu və ya digər tarixi şəxsiyyətə qiymət verilərkən hansı meyarlar əsas götürülür, tarixi qəhrəmanlarımıza hansı krtiteriyalar əsasında fikir bildirilir? Xüsusilə, unutmaq lazım deyil ki, biz müharibə şəraitində yaşayan ölkəyik. Bizə qəhrəmanlar, qəhrəmanlıq nümunələri vacibdir. Əslində, bizim tarixdə belə qəhrəmanlar çox olublar, onların azlığından da heç vaxt əziyyət çəkməmişik. Sadəcə indi onlara qarşı belə təftiş etmə, təftişçilik meylləri hesab edirəm ki, yersizdir. Şəxsiyyətləri müzakirə etmək və onları təftiş etmək, hesab edirəm ki, fərqli şeylərdir".
Millət vəkili qeyd edib ki, tarixə bu günün şərtləri daxilində baxmaq düzgün sayıla bilməz: "Bizim tariximizdə olan istər dövlət, istər hərbi, istər fikir və yaradıcılıq adamlarına da öz dövrünün şərtləri daxilində qiymət verməliyik. Orta əsrlərdə yaşamış şəxsə 21-ci əsr şərtləri ilə fikir bildirmək qeyri-obyektivliyə gətirib çıxara bilər. Və ya 30-cu illərdə yaradıcılıqla məşğul olan adamlara 2015-ci il şərtlərində qiymət vermək nə dərəcədə düzgündür?
Digər məsələ də Azərbaycan tarixində böyük rol oynamış insanların etnik köklərinin araşdırılması və qabardılması məsələsidir. Bilirsiniz, bu əlbəttə elmi cəhətdən maraqlıdır, amma bu bizim üçün, bu gün üçün nə verəcəkdir sualını da səsləndirmək lazımdır. Şəxsin Azərbaycan uğrunda və Azərbaycan üçün xidmət göstərməsi, vuruşması önəmlidir, daha əhəmiyyətlidir, bax bu məsələ vurğulanmalıdır. Bu cür müzakirələrdə adətən ortaq nöqtəyə gəlmək mümkün deyil və bir çox hallarda belə də olur. Hər tərəf özünü haqlı bilir, müzakirələr mübahisələrə çevrilir, xoşagəlməz hallara da keçə bilir. Əslində isə həqiqəti araşdırmağı tarixçilərə buraxmaq da elə ən yaxşısı olardı. Məsələn, mən Rusiya ədəbiyyatı və tarixi üzrə ixtisaslaşmışam, rus mədəniyyətini öyrənmişəm. Rusiya tarixində ən böyük imperatriça olmuş Böyük Yekaterina mənşəcə təmiz alman olub. Onun həm ana, həm ata nəsli almanlardır. Amma bu gün o, Rusiya tarixində Rusiyaya ən böyük xidmətlər göstərmiş bir insan kimi tanınır, ruslar onu ən doğma bir şəxsiyyət kimi tanıyır və fəxr edirlər. Hesab edirəm ki, bir tarixi şəxsə sadə bir meyara görə tarixi qiyməti verilməlidir-o kimə,hansı xalqa xidmət edib, hansı ölkə qarşısında tarixi xidmətləri olub. Etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq tarixi Azərbaycan torpaqlarında yaşamış, yaratmış hər bir insan bu vətənin, bu torpağın övladıdır".
Çıxışının sonunda millət vəkili Mədəniyyət Nazirliyinə təklif irəli sürüb: "Tarixi şəxsiyyətlərimizin təbliği üçün, o cümlədən incəsənət, mədəniyyət vasitəsilə təbliği üçün daha da geniş işlər görülsün. Filmlər, seriallar çəkilsin. Eyni zamanda təklif edərdim ki, Mədəniyyət Nazirliyi yeni bir kitab seriyasının nəşrinə başlasın-"Azərbaycanın görkəmli adamları" adı altında. Bu seriyada Azərbaycanın dövlət adamları, sərkərdələr, yazıçıları, şairləri, alimləri haqda elmi-kütləvi formada sənədli kitablar,bioqrafiya, memuarlar, avtobioqrafiyalar, monoqrafiyalar nəşr edilsin. Tarixi şəxsiyyətlərimizi, görkəmli adamlarımızı olduğu kimi təbliğ etmək üçün bu cür kitabların nəşrinə ehtiyac var".