“Mübarizə bir an da olsun dayandırılmayacaq” Hadisə

“Mübarizə bir an da olsun dayandırılmayacaq”

Mübariz Qurbanlı: "Biz ölkəmizdə radikal qrupları tam aradan qaldırılana qədər bu işləri davam etdirəcəyik"

"Son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb və bu işlər artıq müsbət nəticələr verir. Bu yöndə hüquq-mühafizə orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübarizə bir an da olsun dayandırılmayacaq! Biz ölkəmizdə həmin radikal qrupları tam aradan qaldırılana qədər bu işləri davam etdirəcəyik".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında Azərbaycanda son zamanlar Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən ölkədə radikal dini təmayüllü qrupların, xüsusən sələfi-xəvarici təriqətlərinin ardıcıllarından ibarət mütəşəkkil dəstələrə qarşı keçirilən əməliyyata münasibət bildirərkən deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün hazırda da bütün istiqamətlərdə iş gedir və bu işlər davam etdiriləcək.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan İslam ölkəsidir və islami dəyərləri, milli adət-ənənələri var: "Tarixən bizə nəsildən-nəslə ötürülən islami dəyərlərimizi qorumalıyıq, yaşatmalıyıq. Dövlətimiz, prezident İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirir. Media da bu istiqamətdə fəaliyyət göstərir. Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin, milli adət-ənələrimizin, söykəndiyimiz islami dəyərlərin istəyidir".
Mübariz Qurbanlı "Türkiyədə "paralel yapı"nın (Fətullah Gülən tərəfdarlarının "paralel hakimiyyət" planları) Azərbaycanla bağlılığı ilə bağlı" suala münasibət bildirərkən isə deyib: "Kənardan Azərbaycana müdaxilə etmək istəyən qrupların burada dərin kök salmaq imkanı məhduddur".
Komitə sədri qeyd edib ki, Türkiyədə radikal dini qruplara qarşı mübarizə yüksək səviyyədə təşkil edilib. 80 milyon nəfər əhalisi olan Türkiyədə hər hansı dini radikal qruplar meydan sulaya, ölkənin ictimai həyatında problem yarada bilmir: "Bunun əsas səbəblərindən biri dini maarifçilik və dini təhsil sahəsində geniş və çoxşaxəli işlərin həyata keçirilməsidir. Türkiyədəki "paralel yapı" məsələsində də Türkiyə hökuməti müəyyən addımlar atır. Bu işlər mediada da geniş şəkildə işıqlandırılır. Bunun qollarının Azərbaycana da gəlməsi və s. məsələlərlə bağlı mediada yazılar yer alır. Lakin Azərbaycanda möhkəm ictimai sabitlik var və kənar ölkələrdən Azərbaycana sıçrayan və müdaxilə etmək istəyən qrupların qarşısını almağa qadirik və bu cür qrupların Azərbaycanda dərin kök salmaq imkanı da məhduddur".