TANAP-ın təməli atıldı Hadisə

TANAP-ın təməli atıldı

Azərbaycan Prezidenti: "İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq"

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkiyənin Qars vilayətində 9,5 milyard dollarlıq "Trans Anadolu Təbii Qaz Boru Xətti" (TANAP) qaz kəmərinin təməlini atıb.
Ərdoğan çıxışının əvvəlində bir protokol səhvini düzəltmək istədiyini bildirib: "Əvvəlcə Azərbaycan dövlət himninin dinləyək. Sonra çıxışıma başlayacağam". Ərdoğan təməli atılan TANAP-ın Türkiyə, Azərbaycan, Gürcüstan və layihədə iştirak edən Avropa ölkələrinə xeyirli olmasını diləyib: Bu layihədə Azerbaycan birinci sırada gəlir. Bizsə transit ölkə olaraq yer alacağıq. Avropa isə istehlakçı sifətində yer alacaq. TANAP heç bir layihənin alternative deyil. Bu baxımdan müstəqil bir layihə olaraq güney qaz koridoru ilə Avropa-Xəzər bölgəsində güçlü bir əlaqə quracağıq".
Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: "Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanlaTANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək".
Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: "Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Bu ölkələrin tarixi, mədəniyyəti fərqidir. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir".
Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələrin bu layihədən mənfəət əldə etməsi əsas amildir: "Maraqlar balansı yarananda uğura nail ola bilərik. Keçən ay Bakıda Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının iclasını keçirdik, Məşvərət Şurasında Avropa Birliyi və ABŞ rəsmiləri də iştirak ediblər. Qarşılıqlı inam işləri sürətləndirəcək. Biz bir-birimizə daha çox inanmalıyıq. Azərbaycan təcrübəsi olan ölkə kimi öz xidmətlərini göstərəcək. Bizim Türkiyə və Gürcüstanla birgə irəli sürdüyümüz bütün layihələr uğurla nəticələnib. İnanıram ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAPuğurla icra olunacaq".
Dövlət başçısı Cənub Qaz Dəhlizinin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: "Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, "Şahdəniz" qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq".
Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz çıxışında deyib ki, "TANAP-ın təməlatma mərasimi çox önəmlidir: "Hər üç ölkə liderləri layihə ilə bağlı bir neçə il əvvəl qərar verdilər. O gün atdığımız addımlar nəticəsində bu gün buradayıq".
O bildirib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək: "Bu, təkcə Gürcüstan üçün deyil, qonşularımız üçün də əhəmiyyətlidir. Gürcüstan Avropa və Asiya arasında önəmli bir qapıdır. Gürcüstanın tranzit ölkə olması ona üstünlük verir".
Marqvelaşvili qeyd edib ki, Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz: "Bu gün biz ölkələrimizin gələcək rifahı baxımından önəmli addım atırıq. Enerji məsələsindən başqa ölkələr bəzən təhdid kimi istifadə edir. Biz bu sahədə üzərimizə düşən işi həyata keçirəcəyik. Layihənin turizmə və ticarətə müsbət təsirləri olacaq. Problemlər ola bilər, amma bu xətt açılacaq. Çindən və Asiyadan malların gəlişi artır, bunun üçün daha böyük logistik infrastruktura ehtiyac var. Bu səbəbdən üç ölkənin əməkdaşlıq önəmlidir. Biz ortaqlıqlarımızı artırmalıyıq. Enerji potensiallarımızı sonuna kimi istifadə etməliyik".