“İlk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar...” Hadisə

“İlk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar...”

Fəzail İbrahimli: "...Azərbaycanın güclü, regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir"

Araz Əlizadə: "Baykot çağırışları edənlər quyruqlarını bulayıb, özləri də bu idman yarışmasını izləyəcəklər "

İlk Avropa Oyunlarına az bir zaman qalsa da, bəzi daxili və xarici qüvvələr tərəfindən baykot çağırışları davam edir. Bu da cəmiyyətdə birmənalı qarşılanmır.
"Bu gün ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın güclü, regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələdir",-deyən millət vəkili Fəzail İbrahimli qeyd edib ki, bu qüvvələr daim Azərbaycana qarşı kampaniya aparır, ölkəni dünya ictimaiyyətinin gözündən salmaq məqsədilə qara yaxırlar: "İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir".
Millət vəkili vurğulayıb ki, qarayaxma kampaniyası aparanların arzuları ürəklərində, istəkləri gözlərində qalacaq: "Çox təəssüf ki, bizim içimizdə bu xarici qüvvələrə dəstək verən insanlar var. Amma onların arzuları ürəklərində qalacaq".
F.İbrahimli hesab edir ki, ilk Avropa Oyunları Azərbaycanı dünyaya tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir: "Avropadan iştirak edən idmançılara Avropa xalqları azarkeşlik edəcək. Demək, bu oyunlar Avropada hər bir ailəyə daxil olan oyunlardır. Bu mənada bütün Avropanın, dünya ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq".
"Hamının ağlı gedir ötən əsrin 80-ci illərin sonuna. Amma unudurlar ki, biz nəinki ötən əsrin 80-ci illərində, ümumiyyətlə XX əsrdə yaşamırıq",-deyən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin sözlərinə görə, baykot çağırışı səsləndirənlər ruhi xəstədir: "Onlar gic, dəli, səfeh olmasaydılar, belə çağırışlar səsləndirməzdilər. Çünki bu zəmanədə baykotdan danışmaq, yalnız gic adamların işi ola bilər. Hətta ötən əsrin 80-ci illərinin sonunda bir neçə dəfə baykot çağırışları olmuşdu. Lakin heç bir nəticə verməmişdi. Ümumiyyətlə, bu cür çağırışlar heç zaman effektiv olmur. Sadəcə bəzi məkrli xarici qüvvələr və onların Azərbaycandakı satqın dostları baykot çağırışlarını ortaya atmaqla, özlərini gündəmə gətirmək istəyirlər. Demək istəyirlər, bizdə varıq. Əsl reallıqda isə onlar yox kimi şeylərdir. Sizə bir söz deyim, Azərbaycan Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcək. Baykot çağırışları edənlər quyruqlarını bulayıb, özləri də bu idman yarışmasını izləyəcəklər".

Əli