Mətbuatı cərəyanlardan qorumağın yolu Hadisə

Mətbuatı cərəyanlardan qorumağın yolu

Nahid Canbaxışlı: "Mətbuat özünün iqtisadi azadlığına nail olsa, bu tür yad ünsürlərin də təsirinə düşmə ehtimalı azalar"
Elman Cəfərli: "Nurçu" məmurlar dövlət orqanlarından kənarlaşdırılmalı, millət vəkillləri siyasi dəstəkdən məhrum edilməlidirlər"
Tarıyel Faziloğlu: "Dövlət əgər media sahəsində bu cür təsirlərin olmamasını istəyirsə media sahəsinə özü daha güclü dəstək verməlidir"
İlkin Ağayev: "Bu məsələdə xüsusilə media və ictimai təşkilatlar ayıq olmalıdırlar"

Azərbycan cəmiyyətində ən çox müzakirə olunan məsələ "nurçu"lar, xüsusən vəzifəli "nurçu"larla bağlıdır. Artıq dövlət rəsmiləri də bu məsələyə münasibətlərini açıqlayıblar.
Ümumiyyətlə Azərbaycanda "nurçu"ların, yaxud dini siyasi təriqətlərin nüfuz müvəkkilləri kimlərdir? Medianın təsir altına düşməməsi üçün hansı addımlar atılmalıdır?
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır.
Əli Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib". PA rəsmisi bu gün Azərbaycanda jurnalistlərə hər cür şərait yaradıldığını vurğulayıb: "Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir".
Onu da əlavə edək ki, prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən şəxslərin də sözügedən cərəyanla bağlılığı və bu səbəbdən də tutduqları postu itirdikləri qeyd olunur.
Xatırladaq ki, iki gün əvvəl dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Sözügedən xəbər nəinki yerli mediada, hətta Türkiyə mətbuatında da gündəm yaradıb. Türkiyə mediası Elnur Aslanovun vəzifədən azad olunmasını nurçuların Azərbaycandakı əsas adamının işdən çıxarılması kimi təqdim ediblər. Qısa araşdırma zamanı məlum olub ki, Prezident İlham Əliyevin bu sərəncamı haqqında məlumat əksər yerli və Türkiyə mediasında yayılsa da, Elnur Aslanovun himayəsində olan bir neçə KİV-də bu barədə heç bir xəbər verilməyib və yaxud da sözügedən xəbər diqqət çəkməyən yerdə verilib.
Qeyd edək ki, Yurd TV internet televiziyası, "Bakupost" və "Bakraboçi" qəzetlər (internet portallaraı ilə birgə), "1 news.az, "Gun.az", "İreli.tv", "İradio.az" və digər bir neçə internet portalına Elnur Aslanovun nəzarət etdiyi barədə məlumatlar yayılıb.
Məsələyə münasibət bildirən "Olaylar" İnformasiya Agentliyinin redaktoru Elman Cəfərli bildirdi ki, Türkiyədə baş verən hadisələr göstərdi ki, Gülən camaatı dövlətçilik üçün olduqca təhlükəli dini cərəyandır: "Camaatın Azərbaycandakı nümayəndələri də mətbuata açıqlamalarında özlərini bildiriblər. Ad çəkməyə məncə ehtiyac yoxdu. Onların içərisində məmur da, millət vəkili də, media kapitanı da var. Gülən camaatını maarifpərvər, türk dilinin qayğısına qalan kimi təqdim edən adamlar camaatın burdakı nümayəndələridir. Bu adamlar ona görə təhlükəlidir ki, dövlət maraqlarını, milli maraqları istənilən vaxt aid olduqları dairələrə sata bilərlər. Onların fəalliyyətinə nəzarət gücləndirilməlidir. "Nurçu" məmurlar dövlət orqanlarından kənarlaşdırılmalı, millət vəkillləri siyasi dəstəkdən məhrum edilməlidirlər. Camaata bağlı media kapitanları isə ictimai qınağa məruz qoyulmalıdır".
"Vətəninfo.az" xəbər saytının təsisçisi və baş redaktoru Nahid Canbaxışlının fikrincə isə ilk olaraq bir məsələni diqqətdə saxlamaq lazımdır ki, mətbuat hansısa dini cəryanın - təriqətin təsiri altına düşürsə, burda o mətbuatın içərisində həmin cəryanlara bağlı şəxslərin rolu çox güclü olur: "Əgər mətbuat normal qanunlar çərçivəsində reklam gəlirlərindən faydalanaraq özünün iqtisadi azadlığına nail olmuş olsa, bu tür yad ünsürlərin də təsirinə düşmə ehtimalı azalar. Ancaq təssüflər olsun ki, media ciddi iqtisadi və maliyyə sıxıntıları ilə mübarizə apardığından, iradəsi zəif media patronları da maliyyə sıxıntılarını təriqətlərin və cəryanların onlara vermiş olduğu vəsaitlərlə aradan qaldırmaq yolu seçirlər".
Politoloq Tarıyel Faziloğlu dedi ki, Azərbaycanda "nurçu"ların və yaxud digər dini cərəyanların nüfuz dairələrinin çox sürətlə yayılması normal haldir: "Çünki hansı cəmiyyətdə birləşdirici və sistemli ideoloji düşüncələr hakim deyilsə, orada istənilən ideoloji cərəyanların özünə tərəfdar tapması qaçılmaz bir həqiqətdir. Azərbaycanda da bu gün vəziyyət bu sahədə çox acınacaqlıdır. Azərbaycanın bu gün özünün İslam modeli yoxdur. Nəticə də göz qabağındadır. Bu gün Azərbaycanda İslam adı altında xarici dövlətlərin dayaq bazaları yaradılır və bu dayaqları təşkil edən insanların hamısı Azərbaycan vətəndaşlarıdır. Demək ki, itirilən hər bir vətəndaş Azərbaycana güc itirməsinə başa gəlir. Reallıq isə odur ki, bu cərəyanlar bu gün Azərbaycanda çox münbit şəraitdə inkişaf edirlər. Təhsil bərbad gündədir, müəyyən qədər yüksək təhsillə insanları özlərinə cəlb edirlər, səhiyyə bərbad gündədir, xəstələri müalicə edərək özlərinə cəlb edirler, ehtiyacı olanlara maddi dəstək vərərək özlərinə cəlb edirlər. Bu kimi onlarla səbəbdən bu cərəyanlar Azərbaycanda inkişaf etmək üçün çox münbit şəraitdə olanda çox sürətlə inkişaf edirlər. Qaldı media barəsində, onu deyə bilərəm ki, media bir sıra hallarda pulun diqtəsi ilə hərəkət edib. Dövlət əgər media sahəsində bu cür təsirlərin olmamasını istəyirsə media sahəsinə özü daha güclü dəstək və nüfuz etmə yollarını işə salmalı, eyni zamanda bunu düzgün informasiya siyasətini qurmaqla etməlidir. Bu yolla bu cur təsirləri minimuma endirmək olar".
Sosioloq İlkin Ağayev diqqətə çatdırdı ki, Azərbaycanda "nurçu"ların və ya dini siyasi təriqətlərin nüfuzlu müvəkkillərinin kimlər olması barədə birdən-birə mülahizə yürütmək bir qədər çətindir: "Amma hesab edirəm ki, bu barədə dəqiqləşdirmələr aparılmalı və milli, dövləti təhlükəsizlik kontekstində belələrinin Azərbaycanın ictimai-siyasi həyatına öz niyyətlərinə uyğun təsirləri tam neytrallaşdırılmalıdır. Bu məsələdə xüsusilə media və ictimai təşkilatlar, vətəndaş cəmiyyəti institutları çox ayıq olmalı, bu cür tərəflərin üzə çıxmasında və onların təsirlərinin neytrallaşmasında cəmiyyətə, müvafiq qurumlara yardımçı olmalıdırlar. Mediada bu barədə tədqiqatlar və araşdırmaların aparılması, dini sahəni təsir altında saxlamaqla cəmiyyətə təsir etmək istəyən xarici mərkəzlərin neytrallaşması, bu sahədə maarifləndirici və məlumatlandırıcı layihələrin həyata keçirilməsi çox aktualdır".

Əli