Aşıq Avdının “İncə gülü”… Mədəniyyət

Aşıq Avdının “İncə gülü”…

Deyilənə görə, ustad aşıqlar hər adamı özlərinə şagird götürməzlərmiş. O şagirdlə demək olar, ömürlərinin xeyli hissəsini birgə yaşayır, onlarla yol yoldaşı, məclis ortağı olurlar. Bəzən "ustada qulluq" sözünü təkcə sənət qulluğu kimi izah edirik. Ancaq el arasında deyilənlərə və ustadların söylədiklərinə əsasən deyə bilərik ki, şagirdlər günlərlə ustadın evində qalar, ona hər işində kömək edərmişlər. Qapıda-bacada, evdəeşikdə nə iş varsa, görərmişlər. Ona görə də "qulluq etmək" sözü həm konkret, həm də məcazi mənada işlədilib. Şagird ustadına o qədər bağlı olur, onun dediklərinə o qədər inanır ki, yalnız öz ustadını təbliğ edir.
Burada ustad-şagird münasibəti üçün mühüm olan bir cəhətə də nəzər salmaq lazımdır. Ustadlar şagird olmaq istəyən uşaqları müxtəlif üsullarla sınağa çəkərmişlər. Onun aşıqlıq sənətinə ötəri həvəsi olub-olmadığını yoxlayarlarmış. Ustadsız aşıqlar məclislərdə çox da hörmətlə qarşılanmazlarmış, belə ki, hər aşıq öz ustadı ilə bilinərmiş. Keçmişdə şagird ustadın evində aylarla qalarmış. Öyrətdiyinin əvəzində ustad aşıq şagirdindən təmənna gözləməzmiş. Ancaq bunun müqabilində ustada kimisi inək, kimisi xalça verərmiş. Ustad yanına gedən şagird bütün aşıq yaradıcılığını tam öyrənib qurtarandan sonra ustadından xeyir-dua alar, ustadı ilə halallaşarmış. Bəzən deyirlər ki, halallıq almamış məclisə getməzmişlər. Keçmişdən üzü bu yana xalq aşıqların məclisdə özlərini neçə aparmaları, ədəb-ərkanları, aşıq yaradıcılığını mükəmməl bilmələri, hazırcavablığı əsasında ustadına afərin söyləyir. Prof. M.Həkimov yazır ki, "Burada şagird ana südünün halallığı ilə ustad bərəkallahı eyni məxrəcdə birləşir".
Şagird ustada 5, 10 il qulluq etməli imiş, hətta ustadların dediyinə görə, şagird məclislər aparsa belə, ömrünün sonuna qədər ustadın yanına gedib-gələrmiş. Buraya qədər deyilənlərdən ustad-şagird münasibətinin üç cəhəti olduğunu görmək mümkündür. Həm ustad aşıqların yaxşı şagird sorağında olmaları, həm gənc aşığın məclis aparmağa tam hazır olmayanda ustadın yenidən onu hazırlaması, həm də ustad sözünün, məsləhətinin dəyərli tutulması. Bir sözlə, aşıq mühitlərin formalaşmasında əsaslı rol oynayan ustad aşıqlar sənətin həmişəyaşarlığını təmin etmək üçün şagird yetişdirməyi də unutmayıblar. Qazax aşıq mühitindən çıxan ustad aşıqlar da bu ənənəni davam etdirərək aşıqlıq sənətinə yeni ruh, yeni estetik kriterilər gətiriblər.
Xalq şeirinin ən geniş və ən qədim şeir şəkillərindən biri də qoşmadır. Qazax aşıq-şairləri də bu növdən məharətlə istifadə etmişlər. Miskin Əli, Şeyda Əziz, Mirzə Səməd, Aşıq Məmmədyar Eminov kimi şair-aşıqların qoşmaları bu gün də məclislərdə aşıqlar tərəfindən ifa olunmaqdadır. Miskin Əli Qazax rayonunda uzaq dağ kəndində 1881-ci ildə anadan olub. Onun bir çox gözəlləmə və gəraylıları olub, lakin dövrümüzədək çox az şeiri gəlib çatıb. O, ən çox qoşma janrının gözəlləmə növündə yazıb. Bir gözəlləməsində deyirdi:


Gözəl, sənin həsrətini çəkirəm,
Üzünə tökülən teli görmüşəm.
Bir busə lütf edib, eyləsən kərəm,
Zənəxdanda qoşa xalı görmüşəm.


Aşıq şeir şəkillərinin bir çox növlərindən məharətlə istifadə edən aşıq ruhlu şairlərdən biri də şair Qulu Məşədiyevdir. Yaradıcılığında özünəməxsus üsluba malik olan şairin yaradıcılığında bir hərf üzərində yazılan şeir növünə də rast gəlmək mümkündür. "D" hərfi üzərində yazılmış şeir əslində qoşmanın bir növüdür. Çünki şeir 11 hecalıdır:

Dolaşdım dağları dəli-divanə,
Danışdım dərdimi dağa, dözmədi.
Dağdakı dağlara dayanan döşüm,
Dünənki düyünə, dağa dözmədi.


Qazax aşıq-şairlərinin yaradıcılığında təcnis janrına da çox üstünlük verilir. Demək olar, aşıq-şairlərin hər birinin yaradıcılığında təcnisin bütün növlərindən istifadə edilib. Təcnis ümumilikdə aşıq yaradıcılığında ən geniş müraciət olunan şeir növüdür. Təcnisin "Bayatı təcnis", "Gəraylı təcnis ", "Xətəngi təcnis", "Ayaqlı təcnis", "Cığalı təcnis", "Nəfəsçəkmə təcnis", "Dodaqdəyməz təcnis", "Zəncirləmə təcnis", "Öyüdnamə cığalı təcnis", "Əvvəlaxır hərf üstə təcnis" kimi növləri olsa da, Qazax aşıq-şairlərinin yaradıcılığında "Bayatı təcnis " və "Xətəngi təcnis " növündən başqa hamısından geniş istifadə etdiklərini müşahidə etdik. Əslində təcnis janrı da şairdən böyük məharət, ustalıq, dilə bələdlik tələb edir. E.Məmmədli cığalı təcnisə belə tərif verir: "Məzmunca müxtəlif, formaca eyni və yaxın sözlər qafiyə quruluşunu yaratdıqda həmin şeir təcnis adlanır".
Aşıq poeziyası ana dilinin tarixi inkişaf mərhələlərinin öyrənilməsi üçün ən mötəbər mənbələrdən biridir. Özünü xalqın bədii təfəkkürünün ifadəçisi kimi təsdiq edən aşıq, həm də şifahi xalq sənətinin çoxəsrlik inkişaf yolunda cilalanaraq yüksək kamillik səviyyəsinə çatıb, dil sərvətinin qoruyucusu və daşıyıcısı olub. Qazax bölgəsinin aşıq-şairlərinin ədəbi irsinə nəzər yetirib, tədqiq edəndə onların zəngin türk xalq ədəbiyyatına və dilinə möhkəm bağlılığının şahidi oluruq. Bu bölgənin sənətkarlarının əsərlərindəki forma, məzmun və dil zənginliyi, axıcılıq, yığcamlıq, fikir gözəlliyi, bədii ifadə vasitələrinin rəngarəngliyi xüsusilə fərqlənir. Odur ki, bu bölgənin sənətkarlarının nümunələri uzun müddət digər bölgələrdə də dillər əzbəri olub, yaddaşlara iz sala-sala, zəmanəmizə qədər gəlib çatıb. Prof. V.Vəliyev yazır ki, "1917-ci ildən başlayaraq Azərbaycanın Gəncə, Ağdam, Qazax, Şəmkir, Şamaxı, Naxçıvan və başqa qəzalarında ölkədə davam edən çarpışmanın xarakterini anlamağa nisbətən şərait var idi.
Qazax qəzasında məşhur el şairi Mirzə Səmədə aid edilən bu mənzumənin əslində kim tərəfindən qoşulduğu məlum deyil". Klassik aşıq ədəbiyyatının əsasları üzərində ərsəyə çatan, saz-söz sənəti ənənələrini layiqincə davam və inkişaf etdirən Qazax aşıq-şairlərinin ədəbi irsi bu bölgədə aşıq şeirinin zəngin bir qolunun mövcudluğundan xəbər verir. Araşdırılması son dərəcə vacib olan bu irs, ümumiyyətlə, Azərbaycan xalq ədəbiyyatının indiyə qədər qismən araşdırılmış bir sahəsini əhatə edir. Müxtəlif illərdə yaşamış aşıq-şairlər zəngin çalarla aşıq şeirinin aşağıdakı şəkillərində dəyərli bədii nümunələr yarada biliblər: bayatı, gəraylı, qoşma, təcnis, cığalı təcnis, gedər-gəlməz təcnis, dodaqdəyməz, divani, dodaqdəyməz divani, müxəmməs, cığalı müxəmməs, deyişmə, güllü qafiyə, zəncirləmə, eyni hərflə yazılan və s. Aşıq şairlərin dastan yaradıcıllğını və aşıq rəvayətlərini, aşıq qaravəllilərini də bu siyahıya əlavə etsək çalarlıq daha qabarıq görünər. Qazax bölgəsi gözəl adət-ənənələri özündə qoruyub saxlamaqla ən vacib olan dil saflığının təbiiliyi ilə seçilir. Qazax şair və yaradıcı aşıqlarının müəyyən anlamda özünəməxsusluğu özünü daha çox onunla ifadə edir ki, onlar canlı xalq dilinə, danışıq dilinə, xalq şeiri dili və üslubuna üstünlük veriblər. Bədii fenomenliyin mühüm şərtlərindən biri də əsərlərin kamil dildə olmasıdır. Qazax aşıqları sadə xalq dilində yazıb yaratsalar da, ərəb-fars mənşəli sözlərdən də istifadə edibllər. Onların yaradıcılığında gövhər-kan, şəhri-əntəri, imsirəti, kimi ifadələrə də rast gəlmək mümkündür. Çoban Əfqan, Mirzə Səməd, Aşıq Avdı Qaymaxlı, Aşıq Məhəmməd Qocayev (Dərya Məhəmməd), Şair Hacı Qaracayev və.s aşıqlar ərəb əlifbasında yazıblar. Məsələn Aşıq Avdı Qaymaxlının şeirlərində daha fərqli xüsusiyyətlər var. R.Kamal yazır ki: "Avdı sözünün ritm-intonasiyası, vəzni ilk növbədə ləhcəyə-şivəyə tabedir. Aşığın şirin ləhcəsi heca düzümünü, məna məntiqini nizamlayır. Ozan şeiri nitq hadisəsi, alliterasiya hadisəsidir ("Yoruldum yolunda qaldım piyada", "Qoyma Avdı yaralansın yadınan", "Əyilib yığvalım yaman yan gəlib" və s.)".
Qazax aşıqlarının yaradıcılığında XX yüzilin 30-40-cı illərində ifaçılıqda xor aşıq lirikası üstünlük təşkil edib. Həmin tarixlərdə sovet rejimi Qazax mahalının aşıqlarına da öz təsirini göstərib. Belə ki, aşıqlar tədbirlərdə, el şənliklərində, üzüm tarlalarında, mövsüm mərasimlərində iştirak edirdilər. Xorla icra edilən havacatlar da elə bu səbəbdən yaranıb. Belə tədbirdə adətən 30-40 aşıq birgə xorla oxuyarmışlar. 50-ci illərdən sonra xor lirikası demək olar ki, daha peşəkar şəkil alıb. Qazax aşıqlarının xor lirikasında yüksək peşəkarlıq göstərmələrində ustad Aşıq Ədalət Nəsibovun və ustad Aşıq Şəadət Gülməmmədovun əvəzsiz xidmətləri olub. Ustadlardan aldığımız məlumatlara əsaslanıb deyə bilərik ki, "Şahsevəni", "Paşa köçdü", "Vaqif gözəlləməsi", "Qəmərcanı", "Gödək donu" və s. kimi havacatlardan xorda daha yaxşı istifadə edilir.
"Vaqif gözəlləməsi" aşıqların dilində məclislərdə ifa edilir. Bu havacatların mahir ifaçılarından aşıq Aslan Aslanov, Aşıq Hüseyn Xaloğlu, Aşıq Mahmud, Aşıq Kərəm, Aşıq Cəlal, Aşıq Şəadət Gülməmmədov, Aşıq Ədalət Nəsibov olmuşlar. Ümumiyyətlə, havacatların düzgün ifa tərzində bu ustadların əməyini yüksək qiymətləndirmək lazımdır. Qazax aşıqlarının yaratmış olduqları Ədhəm Ərəbovun "Ərəbi", Aşıq Cəlal Qəhrəmanovun "Cəlaloğlu", Ədalət Nəsibovun "Vurğunu" , "Ədalət təranələri" havacatları müasir dövrdə də aşıqlar tərəfindən məclislərdə ifa edilir.
Aşıq Avdının şəyirdlərinin dediyinə görə, "İncə gülü" havası da 1948-ci ildə belə yaranıb: Aşıq Avdının evinin arxa tərəfi kolxoz bağı olub. Ustad həmişə bu bağa çəkilər, təbiət qoynunda fikrə dalar, təbiətdən ilham alarmış. Deyilənə görə, cavanlığında sevgilisi Mehribanla da burda görüşərmiş. Bir gün yaxın dostu Kəmərli İdris oğlu Məmməd Aşıq Avdığilə qonaq gəlir, görür ki, aşıq evdə yoxdur. Aşığın həyat yoldaşı Yasəmən xanım görür ki, yenə adəti üzrə aşıq kolxoz bağına çəkilib nəsə yazır. Elə bu vaxt aşıq Cəlal və aşıq Yəhya da ustadın yanına şəyirdliyə gəliblər. Bir az keçməmiş görürlər ki, aşıq qım-qıma deyə-deyə evə sarı gəlir. Soruşurlar ki, usta, nə oxuyursan? Cavab verir ki, təzə hava yaratmışam, bu da sözləridir. Elə oradaca havanı şəyirdlərinə öyrədir. O gün, bu gün "İncə gülü" havası aşıqların dilində məclislərdə ifa olunur.
"İncə gülü" havası oynaq şən havadır. Sözlərindən bir bəndi isə belədir:


Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.

Qazax aşıqlarının digər özünəməxsusluqlarından biri də solo ifaçılıqdır. Azərbaycan aşıqlarından ilk olaraq solo-saz ifaçılığı aşıq Ədalət Nəsibova məxsusdur. Bilirik ki, Aşıq Ə.Nəsibovun barmaq imkanları səs imkanlarından daha yüksəkdir. Onun ifa tərzi ilk sazı dindirəndən tanınır. Ondan sonra solo-saz ifaçılığı bir çox aşıqlar, eləcə də, aşıq Əmrah Gülməmmədov davam edib. Müasir aşıqlardan Aşıq Məhəmmədəli Məşədiyevi, Aşıq Eldarı nümunə göstərmək olar.

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru