Ölmərəm, aləmdə səsim var mənim... Mədəniyyət

Ölmərəm, aləmdə səsim var mənim...

XIX əsrin 40-cı illərindən sonra ticarət, quberniya mərkəzi olan, hətta böyük qarnizonun, dövlət idarələrinin yerləşdiyi Şamaxıda yeddi-on karvansaranın olduğu göstərilir. Təbii ki, bu karvansaraların hamısı yüksək tələblərə cavab vermirdi. XIX əsr mənbələri, eləcə də o dövrdə yaşayıb-yaradan şairlərin əsərləri, ziyalıların məktublarında həmin karvansaraların sahiblərinin adı, hətta ötən əsrdə 70-80 yaşlı şamaxılılar karvansaraların bəzilərinin yerini də nişan verə bilirdilər. Hacı Rəhim, Səməd bəy, Nağı bəy, Məşədi Qəzənfər, Süleyman bəy, Əhməd Ağa karvansarası və s. Əhməd Ağanın (Sultanın) (1807-1902) daha işlək iki karvansarası vardı. Biri Şamaxının "İmamlı" məhəlləsində - sarayına yaxın, o biri isə qədim "Cümə" məscidi səmtdə. Əhməd Ağa görkəmli mesenant, muğam bilicisi Mahmud Ağanın atası idi. Vaxtilə ixtiyar yaşlı şamaxılılar söyləyirdilər ki, Əhməd Ağa karvansara işçilərinə tapşırıq vermişdi ki, sənət adamları, xəstəliyinin müalicəsi üçün Şamaxıya gələn insanlardan, bir də orucluqda uzaq yerlərdən qonaq gələnlərin heç birindən haqq almasınlar...
Əhməd Ağa Seyid Əzimlə dost olduğu kimi, onun məclisinin daimi iştirakçılarından idi. "Beytüs-Səfa" məclisinə uzaq şəhərlərdən gələn qonaqları Əhməd Ağa karvansarasında yerləşdirərdilər... S.Ə.Şirvaninin ziyalı, şair dostları olduğu kimi, bəy, bəyzadə dostları da çox olub. Seyid Əzimdən bəhs edən müəlliflər əsərlərində həmin insanlardan yazıblar. Şair özü də onların bir çoxundan giley etdiyi kimi, hətta bir çoxunu da həcvlə qamçılayıb. Bir çoxlarının şəninə isə şeirlər yazıb, tərifləyib. Şahbaz bəy, Azad bəy, Məhəmməd Tağı, Qulu bəy, Rza bəy, Həsən bəy, Mütəllim bəy, Mahmud Ağa, Əbdüləli Boyaqçızadə, Nağı bəy, Kərim bəy, Ömər bəy və b. Bunların bir çoxu xeyirxah əməl sahibləri olduğuna görə S.Ə.Şirvani o bəyləri də ayrıca tərifləyib. Mahmud Ağa, Kərim bəy, Süleyman bəy, Ələkbər bəy, Şahbaz bəy, Mütəllim bəy, Sənan bəy, Rza bəy və b. belələrindən olub...
Ruhanilikdən uzaqlaşmağa başlayan S.Ə.Şirvani pedaqoji fəaliyyətə XIX əsrin 60-cı ilinin sonunda başlayıb. Daha dəqiq desək, o bir çox maarifçi, məktəbdar dostları kimi yeni üsullu məktəbini 1869-cu ildə təşkil edib. Həmin gün görkəmli ziyalının ən sevincli günlərindən olub. Həmin sevincli gününü şair belə tərənnüm edir.

İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusu, türkü, farsu, ərəb.
Zəhmətim çoxdu, hiç nəfim yox,
Zeyn həqqə ümidvarım çox –
Kim bi zəhmətlər olmaya zaye –
Bəlkə bu macəra ola şaye.

S.Ə.Şiravninin təşkil etdiyi yeni məktəb o birilərdən bir çox cəhətinə, quruluşuna görə də fərqlənirdi. Bu barədə mənbələrdə oxuyuruq: "Onun təsis etdiyi "Üsuli-cədid" məktəbi mollaxana və mədrəsələrdən fərqlənirdi. Uşaqlar həsir üzərində deyil, skamyalarda oturur, yazı taxtasında yazırdılar".
O zaman Şamaxıda gənc ziyalıların yetişməsində bu məktəblərin böyük rolu olmuşdu. Görkəmli satirik şair M.Ə.Sabir, maarifçi S.M.Qənizadə, S.Ə.Şirvaninin məktəbində ilk təhsillərini alıblar. S.Ə.Şirvani məktəbində təkcə şamaxılılar deyil, Kürdəmir, Ağsu, Qarasu kəndindən gələn uşaqlar da oxuyublar. Bu sahədə ciddi tədqiqat aparmış f.e.d. Əhməd Cəfərzadə yazır: "Azərbaycan Respublikası Əlyazmaları Fondunda (arx. – 19. q-3, №116) müxtəlif vaxtlarda S.Ə.Şirvani məktəbində oxumuş dörd nəfərin xatirələri mühafizə olunur" (Ə.38). Sonra alim həmin məktəbdə oxumuş şagirdlər – Qarasulu Hüseynov Əsəd Hacı İsa oğlu, Mirzə Camal Ağayev, Mehdiquliyev Əsgər və Ağabala Süleymanovun xatirələrini verir: "Seyid Əzim çox yaxşı müəllim və yaxşı insan idi. Mən bu məktəbdə 1880-ci ildən 1884-cü ilə kimi oxumuşam. Biz məktəbdə şəriət, "Quran", tarix, ədəbiyyat, hesab, rus dilini keçirdik".
S.Ə.Şirvaninin yeni tipli bu məktəbi, mənbələrdə göstərildiyi kimi, ömrümün sonuna kimi – 19 il davam etmişdi... Öz məktəbi ilə yanaşı o, "Şamaxının qabaqcıl ziyalılarının təşəbbüsü ilə açılan "Məclis" məktəbində də çalışır. "O, həmin məktəbdə il yarım işlədikdən sonra C.Ünsizadə Tiflisə köçür, məktəb və onun 70 nəfər şagirdi S.Ə.Şirvaninin ümidinə qalır". 1877-ci ildə S.Ə.Şirvani Şamaxı şəhərində fəaliyyət göstərən səhər dövlət məktəbində Azərbaycan dili, "şəriət" müəllimi təyin olunur. Bu illərdə o, məktəblərdə ana dilinin tədrisi üçün "Rəbiül-Ətfal" və "Tacül-kütüb" dərsliklərini də hazırlayır. Buna baxmayaraq onu, "haqsız yerə" ittiham edib, 1879-cu ildə müəllimlik vəzifəsindən azad edirlər. S.Ə.Şirvani bundan heç də ruhdan düşmür. Haqsız yerə işdən çıxarıldığını lazımi yerlərə sübut edən müəllim az bir müddət içərisində "vəzifəsinə bərpa edilir". Odur ki, o, ömrünün sonuna kimi müəllimlik fəaliyyətini davam etdirir. Hətta pedaqoji sahədəki uğurlarına görə Qafqaz canişinin mülki işlər üzrə dəftərxanası" "...onu sinədə daşımaq üçün Stanislav lenti üzərində "Səyinə görə" ("Za uspex") sözləri yazılmış gümüş medalla təltif olunması barədə məsələ qaldırır". Görkəmli maarifçi həmin medalı gec də olsa (ölümündən on gün əvvəl) ala bilir, zəhmətinin bəhrəsini görür, sevinir. M.Füzuli ədəbi məktəbinin əvəzsiz davamçısı, görkəmli maarifçi, məktəbdar, qəzəl ustadı S.Ə.Şirvani Seyid Məhəmməd oğlu Şirvani 1888-ci ildə may ayının 20-də, 53 yaşında əbədi olaraq gözlərini yumdu...
Şamaxının böyük ziyalılarından, məktəbdarlarından olan Ünsizadə qardaşları, şairin əqidə dostları, ilk olaraq "Kəşkül" məcmuəsinin 75-ci sayında onun ölümü barədə oxuculara xəbər dərc ediblər. S.Ə.Şirvanidən bəhs edən müəlliflər onun "qəflətən vəfat" etdiyini qeyd edirlər. Onun doğmalarının və köhnə şamaxılıların dediyinə görə, şair məsciddən çıxarkən qaragüruhçular tərəfindən "basırığa salınıb" və əzilib. Təxminən ondan sonra 10-15 gün xəstə yatıb, həyatdan gedib. S.Ə.Şirvani vəsiyyətinə görə Şamaxıda "Şah Xəndan" qəbiristanlığında – ata-babalarının yanında dəfn olunub:

Mən öləndə, Şah Xəndanda basdırın,
Çünki onun Şahidi-Xəndani var.

Şairin qəbir daşının bir tərəfinə öz qəzəlindən bir beyt seçilib yazılıb:

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Haşiyə: Xalq yazıçısı, prof. Ə.Cəfərzadə deyirdi ki, ötən əsrin 60-cı illərində "Aləmdə səsim var mənim" əsərim və M.Ə.Sabir, A.Səhhət haqqında məlumat əldə etmək üçün yaşlı şamaxılılar – o insanları görmüş ağsaqqallarla çox görüşmüşəm, bilgilər əldə etmişəm. Onda öyrənmişəm ki, S.Ə.Şirvaninin məzarüstü sinə daşını dostu, musiqişünas Mahmud Ağa saldırıb... Məzar-sinə daşının hər iki tərəfinə həkk olan beytləri o, özü müəyyənləşdirib. Şairin məzar daşının o biri tərəfində hələ indiyədək oxunub kitablara düşməyən fars dilində olan qəzəlinin bu beyti yazılıb:

"Seyyida, məqsədi pudhati eyvani Nəcəf,
Hər xahənde əz in dər nərəzəndi bi məqsud..."

Sətri tərcüməsi:

"Ey Seyid, öz istəyini Eyvani Nəcəfdən istə,
Heç istəyən bu qapıdan istəyin almamış qayıtmayıbdır..."

Şamaxıda müxtəlif işlər görülüb, tədbirlər keçirilib. S.Ə.Şirvani adına məktəb, kitabxana, mədəniyyət evi (vaxtilə sovxoz) təşkil edilib, park salınıb. Bütün bunları şair sanki qabaqcadan görüb və duyub:

Sizlərə sərbəsər səlamım var,
Olmasam da özüm, kəlamım var.
Oxuyun şeirimi, qılın yadım,
Şad olsun bu ruhi-naşadım.

Ustad şairin illər ötsə belə şeirləri oxunacaq, öyrəniləcək, təbliğ olunacaq və xalqımızla birgə yaşayacaq.

Seyfəddin Qəniyev
professor