Şeirlər Mədəniyyət

Şeirlər


Əbülfət MƏDƏTOĞLU

Çadır saraylarda soldum, çərlədim,
Ömrü hədər etdim, günü vərlədim.
Ağrı gülümsədim, kədər tərlədim –
Məndən adam olmaz daha dünyada…

***

sən imkanın olanda
ya da ki, elə-belə -
qoy, telefonum səksənsin -
hərdən mənə zəng elə...

istəyirsən, danışma,
təki hənirin gəlsin.
mənə rişxənd edənlər
bir-birindən şəklənsin.

mənsə sıxıb köksümə,
o telefona "can!" deyim.
səninlə birlikdəyəm –
hər zaman, hər an, deyim.

bəlkə də çox gülüncdü
arzum da, əməlim də.
inan, varlığın durur,
sevgimin təməlində.

***

oxundan üzülmüş yay tək
uçdum nişangaha doğru.
sonuncu məktub tək, hay tək
üstünə gələni, oxu...

yuxumun beşiyi yanıb,
əlimin yaddaşı itib.
tək səni düşünüb, anıb
bilməmişəm ki, vaxt ötüb...

xatirə yüküm - son ümid,
qorxuram qopa vərəqlər.
üstümə enib bir bulud –
leysana məni qərq elər...

***

yenə qırıq-qırıq səs,
yenə qəm dolu gözlər.
yenə tıncıxan nəfəs
boylanıb yolu gözlər...

xəyal qasırğa kimi
birdən sorar könlümü.
ruhumun sarı simi
hirsdən qırar könlümü.

ovunmaq gücüm qalmaz,
kirpikdə yaş gəzirəm.
dərdimə çəki verən -
dərd boyda daş gəzirəm.

***

zülüm-zülüm ağladı
içimdə bir qış günü.
mən namərd, unutmuşdum –
ömrümə o tuş günü...

məğlub döndüm davadan
dərddi məni yubadan.
perik düşüb yuvadan –
uçub gedən quş günü.

doğranıb, ovxalanıb
səninlə doğmalanıb,
gör, necə lovğalanıb –
ürək, ağıl, huş günü.

***

qaldım ortalıqda, fikrim qarışıq
nə qapım döyülür, nə də pəncərəm.
yuxum didərgindi, gözüm bulaşıq –
dərdlə döyüşdəyəm, qəmə səngərəm...

dağdan enən duman sıxır gözünü
çatdırıb, üstümə yıxır özünü.
məni tanıyanlar axır sözünü –
səbirlə saxlayır, dözür - mən gələm.

mənə doğma olan dərə-təpəni
yaxşı tanıyıram, həsrət çəkəni...
hər an görmək üçün ruhum öpəni –
ümidim çənədi, olub çən, gələm...

orada fərq varmış yerlə göy qədər
hamı eyham vurur - yanıram hədər.
hər gün sevəcəyəm, Məcnundan betər -
hər an cəhd edəcəm, sənə tən gələm!

***

əriyən zaman içində
nə un payım var, nə kəpək...
mənə bu yerin üzündə
çaqqal ular, hürər köpək...

küləksiz, mehsiz şam sönür
içimdə istək, kam ölür,
hər yerdən əlim boş dönür –
hər gün də qısalır ətək.

baxıram yol - sinəsi qan
ağrısı qan - kinəsi qan...
sevgiyə, nə kinə sığan –
həyatım var, mənim fələk...

***

oduna yananı unudan mələk,
mənim ömür payım bir addım qalıb.
alıbdı başımın üstünü fələk –
sənsiz mən də yoxam - bir adım qalıb.

xəyal dünyasında atıb getmisən
nə yol göstərmisən, nə də ki, ümid.
məni sənsizliyə sürgün etmisən –
bir təbəssüm göndər, ruhumu kirit...

kükrəyən dalğayam, dörd yanım sahil,
gözlərim, əllərim sənə can atir...
mənim hər sözümü fəryad bil, ah bil –
həsrətin könlümü didib, qanadır.

gecəmin, günümün sərhəddi itib,
yadına düşmürəm bəs, niyə, canım?
mənim ürəyimdə bir xəncər bitib –
sarıma, çək onu, qoy axsın qanım...

***

dil tökdüm - bəyənmədi
dedi, olan olubdu.
gül tökdüm, bəyənmədi –
ayaq altda solubdu...

yeridim arxasınca,
kölgəm tək gəzmə, - dedi.
yüyürdüm qarşısına –
yolumu kəsmə, - dedi...

uzaq durub izlədim
dedi, söz yaradırsan.
varlığınla çevrəmin
qanını qaraldırsan...

çəkildim duman-çən tək
gözdən uzaq bir küncə.
canımı üzən mələk,
ruhumu qoydum dincə -
mən çəkəni sən də çək!

***

ilan kimi sürünmək
yerimək olmasa da,
dizin-dizin yerimək
yüyürmək olmasa da,
sevgimin ünvanına
and yerim tək baxıram
kükrəyən dağ çayı tək
ona doğru axıram...

qıvrılıram içimdə,
gah qartal tək enirəm.
olan-qalan gücümlə
hər an sənə dönürəm...

iməkləmək, sürünmək
bəlkə də, xoş görünməz.
sevən əyilər eşqə -
sevgi ölər - sürünməz...

***

içimizdə xoş bir niyyət,
gəldik inam ünvanına.
dilədik, dözüm göstərsin –
o, bizlərin günahına...

Haqqdan işıq pay alıb,
özümüzü haqda görək.
yazsın bizə, yada salıb,
halal sevgi, halal çörək...

Tanrı nuru bu yurd-ocaq,
biz pərvanə həvəsində...
diz çökmüşük, üstümüzdə
olsun əlin, nəfəsin də...

***

sökülən dan yeri ilk həmsöhbətim,
səhəri onunla açıram indi.
bu andan başlayır mənim heyrətim
xəyal qanadında uçuram hər gün...

gecə köynəyini soyunan səhər
hələ nə doğacaq, özü də bilmir.
gecəsi canından soyulan səhər –
özünü hələ də özündə bilmir.

bir tarix dəyişir, gün yeniləşir
hər kəs istəyinin iziylə gedir.
səsi ayaq tutur, təkcə sükutu –
gecənin həmişə özüylə gedir.

sökülən dan yeri, ilk həmsöhbətim
səhəri onunla açıram hər gün.
özümdə bir dünya açır heyrətim -
tər dözüm, tər arzu, tər sevgi, tər gün...

***

ayrıldıq, içimdə ümid apardım
sözündən, hənrindən duymuşdum onu.
mən nə arayardım, nə də tapardım,
bilsəm, ümidsizdi hər şeyin sonu.

ayrıldıq, sabahkı görüş vədiylə,
xəyal dünyam oldu uçuş zolağı.
varmı bundan böyük görən, hədiyyə -
sevgimin göylərdən gəlir sorağı.

ayrıldıq, mən ümid şamı əlimdə
tələsdim, səhəri tez açmaq üçün.
o qəfil bəd xəbər - telefon dilində
qırdı qanadımı, de, necə uçum?

***

düşdüyüm bu odun adı - məhəbbət
uzun yolçuluqdu - dözüm istəyir.
bir dünya bəxş edir, hamıdan xəlvət –
yerinə ürəyi, gözü istəyir.

fikrində bir ünvan, dilində bir ad
ürəyin bir gözəl yuvası olur.
elə dəyişir ki, səninçün həyat –
özgəyə baxmağın davalı olur.

yerişin, duruşun, baxışın belə
dəyişir inan ki, səndən xəbərsiz.
dünyada olmayıb məhəbbət hələ
sevincsiz, vüsalsız, qəmsiz, qəhərsiz...

düşdüyün məhəbbət odun mübarək!
qaça bilmədiyin qismətə şükür!
sevəndə dağ boyda olursa, ürək –
önündə ağrı da, şübhə də çökür.

***

dərdini çəkdiyim mənim dərdimin,
nə adını bilir, nə də ünvanın.
bircə təbəssümlə, bircə baxışla
dağıtmaq istəmir nisgil dumanın.

çırpır günlərimi taleyin əli
ruhumda dərdlərin izi göyərir.
bu yaşda mən oldum gülünc bir dəli
dəlidən de, axı, kim nə öyrənir?

yordum gözlərimi, işıqdan qaldı
bəs ürək neyləsin, gücü çatmırsa...
məni bu görkəmə xəyallar saldı –
xəyal ki, heç nədi, inandırmırsa.

çin olan hələ ki, dəli həsrətim
qoymaz qaralmağa canımda közü
sən gəl, ucuz tutma, bu məhəbbəti –
axı adımıza pay gəlib özü...

***

bu səhər yenə
həsrət və qəm dolu
ömrümə
ümid işığı düşmədi.
çəkdiyim ahlar,
etdiyim dualar
və bir də
bütün olanlar
qəfil xəbər kimi
bu səhərin də
kar qulağını deşmədi.
mən necə deyim
və inandırım
ki,
eşitsin,
bilsin –
ürək şüşədi,
sındırmaqdan qorxsun...

***

yaman qərib gəldi mənə,
o baxış, o göz...
elə bil ki,
min dağ uzaq
soyuqluqdan boylanırdı...
o qəriblik ürəyimi
etdikcə köz-köz –
bu baxışlar
öz min illik
yuxusundan oyanırdı...
çətin oldu anlamaq da,
elə, yazmaq da
fikirlərin düyün yeri
düşdü könlümə.
nolar, məni qınamayın,
belə yazmaqda.
bu qəriblik öyrədilmiş
işdi könlümə.
mən umduğum bir təbəssüm,
bir gilə işıq,
o da donub, qalıb indi
qəribliyində.
ətrafıma sahib ikən bir belə işıq
mən azmışam
qərib gözlər
dərinliyində.

***

döyülən qapı kimı,
sinəm yumruq yeridi.
qəm alın qanı kimi
üz-gözümdə diridi.

mən baxıb ovunduğum
çox təsəlli tükənib.
boynu bükük həsrət də
pardaxlayıb, dikəlib.

pəncərəmin şüşəsi
çiliklənmiş şüadı.
mən çəkdiyim "ah" deyil,
dərd ovudan duadı.

dilim sözün girovu
əlim ələ elçidi.
hər an sınanan könlüm –
məhəbbətçün ölçüdü...


***


heç belə inciməzdim,
səni tanımasaydım.
ötüb, keçib gedərdim,
ya da bir "eh!" edərdim –
sənə inanmasaydım...

heç belə ağrımazdım,
könlümü verməsəydim.
arayıb-axtarmazdım,
səsləyib çağırmazdım –
əzəldən görməsəydim.

heç belə yaşamazdım,
mən səni sevməsəydim.
özümlə bacarmazdım,
bu qədər ucalmazdım –
sən məni sevməsəydin!