“Hər kəs bugünkü Azərbaycanla hesablaşmalıdır” - Qüdrət Həsənquliyev Siyasət

“Hər kəs bugünkü Azərbaycanla hesablaşmalıdır” - Qüdrət Həsənquliyev

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar və digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri iştirak edir.

Xankəndi Zirvəsinin əhəmiyyəti nədir və dünyaya hansı mesajlar verilir?

Bu istiqamətdə Hafta.az-ın suallarını deputat Qüdrət Həsənquliyev cavablandırıb.

- Bu gün Qarabağın ürəyi Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşünə ev sahibliyi edir. Zirvə görüşünün məhz Xankəndidə baş tutmasını necə dəyələndirirsiz?

- Xankəndi Azərbaycanın qədim bir şəhəri kimi bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hər kəs buna sevinir və biz müəyyən mənada xoşbəxtik. Xoşbəxtik ki, torpaqlarımızı işğalçılardan - erməni faşistlərdən azad eləmişik. Bu gün illərdir öz vətənində məcburi köçkün olaraq yaşamağa məcbur qalan azərbaycanlılar ata-baba yurdlarna qayıdırlar. Qonşularımız, bizə dost olan türk, islam dövlətlərinin başçıları Azərbaycana gəlib sevincimizi bölüşürlər. Zirvə iştirakçıları işğaldan azad olunmuş ərazilərdə başa çatmış mühüm layihələrin açılışlarında iştirak edir, insanların öz yurdlarına köçürülməsi prosesi ilə tanış olurlar. Xankəndi Zirvəsi bu mənada çox mühüm və əhəmiyyətli hadisədir.

- Xankəndidən dünyaya hansı mesajlar verilir?

- Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra dövlət, millət öz qamətini dikəltdi. Bu gün Xankədidən dünyaya - “Bizim etibarlı, güclü dostlarmız var. Azərbayan regional siyasətin müəyyənləşməsində yaxından iştirak edən ölkədir, onun mövqeləri mütləq nəzərə alınmalıdır” mesajını verdi. Eyni zamanda bəyan edir ki, əgər Azərbaycanla dostluq eləmək, bölgədə nüfuzlarını qoruyub saxlamaq istəyirlərsə regionda yaratdığımız yeni reallıqla barışmalı, onu qəbul etməlidirlər. Artıq Azərbaycan torpaqları işğal olunan, 1 milyon qaçqını ilə baş-başa qalan, iqtisadiyyatı dağılmış bir ölkə deyil. Bu baxımdan bugünkü Azərbaycanla hər kəs hesablaşmalıdır. Bir daha azad olunmuş Xankəndidən bəyan edildi ki, Azərbaycanın xarici siyasəti dostları ilə dostluq, bərabərhüquqlu əməkdaşlığa yönəlib. Bizim siyasətimiz heç bir qonşu dövlətə, ümumiyyətlə, üçüncü ölkəyə qarşı deyil. Biz hansı dövlətə əməkdaşlıq etmişiksə, yalnız ölkənin milli maraqları düşünmüşük və mövqeyimiz dəyişməzdir. Biz dəfələrlə bəyan eləmişik: Azərbaycan heç vaxt imkan verməyəcək ki, öz ərazisindən üçüncü dövlətə, xüsusilə də qonşularımıza qarşı istifadə edilsin. Qonşu dövlətlər də Azərbaycanın sağlam mövqeyini qiymətləndirməli və Azərbaycanla dost olmağa çalışmalıdırlar.

- Ermənistan Zirvəyə baxıb özü üçün hansı nəticəni çıxaracaq. Məlumatlar yayılıb ki, iyulun sonunda Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş keçiriləcək və orada sülh müqaviləsi imzalanacaq…

- Ermənistan sülh sazişi imzalamaq istəyirsə, ilk növbədə Rusiya ilə münasibətlərini qaydasına qoymalıdır. Ona görə ki, Ermənistanda çox böyük Rusiyayönümlü müxalifət var və iqtidara müəyyən addımlar atmağa imkan vermir. Ermənistan Rusiya ilə münasibətləri tənzimləsə və Rusiya da səmimi olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəsə, tezliklə müqavilə imzalana bilər. Amma görünən odur ki, hələlik Rusiya sülh sazişinin imzalanmasında maraqlı görsənmir. Bunun əksi olsaydı, o zaman 44 günlük savaşdan dərhal sonra Rusiya Ermənistana təzyiq edərək ikitərəfli sazişin şərtlərini yerinə yetirərdi və dəhlizin açılmasından sonra Azərbaycanla Ermənistan sülh sazişi imzalayardı. Biz hələ ki, bunu görmürük.

- Rusiyanın burda marağı nədir?

- Mənim üçün də qaranlıqdır ki, niyə Rusiya bunu istəmir. Rusiyada müəyyən qrup insanlar var ki, münaqişələrin qalmağında maraqlıdır. Çünki münaqişələr qaldığı halda Rusiyanın bölgədə hərbi iştirakı, bununla da qonşu dövlətlərə təzyiq və təsir imkanları olacaq. Bu çox yanlışdır. Müasir dövrdə bu cür qaba güclə nələrəsə nail olmaq çox çətindir. Rusiya yumşaq gücdən istifadə etməli, keçmiş sovet respublikaları ilə bərabərlik hüququnda dostluq, əməkdaşlıq siyasəti yürütməldir. Azərbaycanla yalnız dost münasibəti ilə nələrəsə nail olmaq olar. Azərbaycanı zorla nəyəsə məcbur eləmək mümkün deyil. Və bu gün Xankəndidə keçirilən Zirvədən bu mesajlar verildi.