Zəngəzur dəhlizinin müxtəlif aspektdən əhəmiyyəti Siyasət

Zəngəzur dəhlizinin müxtəlif aspektdən əhəmiyyəti

İkinci Qarabağ müharibəsinin əsas nəticələrindən biri - Zənzəgur dəhlizinin üç müstəvidə lokal, regional və interkontinental önəm kəsb etməsidir.Bu dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki, yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini bir-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək.

Yeni dəhlizin regional müstəvidəki önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Birincisi və ən əhəmiyyətlisi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Xüsusilə, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən bunu təmin edən Türkiyə, analoji xəttin Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək məqsədindədir. Digər tərəfdən yeni dəhliz türk dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasına gətirib çıxarır ki, bunun da son aylarda siyasi nəticələrinə Türkmənistan örnəyində şahidlik edirik. Təbii ki, bu proses həm də Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı faktor kimi rol oynayacaq. İkincisi, Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan “Naxçıvan tranziti” məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli dəyişikliyidir.

Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə də, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.

Zəngəzur Dəhlizinin üç müstəvidə əhəmiyyəti (top-center.org)

Naxçıvan Türkiyə ilə Sovetlər Birliyi arasında 16 mart 1921-ci ildə imzalanan Moskva anlaşması ilə, muxtar əraziyə sahib oldu və başqa bir dövlətə verilməmək şərtilə Azərbaycanın tərkibində qaldı. Türkiyə, 13 oktyabr 1921-ci ildə Sovetlər Birliyi, Azərbaycan, Ermənistan və Gürcüstan ilə imzalanan anlaşma ilə Naxçıvanın Azərbaycana bağlı muxtar respublika olaraq qalması qarantörü rolunda çıxış etdi. Azərbaycan ilə Naxçıvan arasındakı 43 kilometrlik yol Zəngəzur deyə adlandırılır. Zəngəzur dəhlizi layihəsi isə bu bölgədən açılacaq quru və dəmir yolu vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respubkasına bağlıyacaq projenin adıdır. Daha geniş anlamda isə dəhliz Azərbaycanı Türkiyəyə bağlamağı hədəfləyir.

2020-ci il 10 noyabr tarixində 2-ci Qarabağ savaşı bitən zaman, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları, 10 noyabr tarixli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış olan 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaratmış oldu. Məhz bu bəyanatlar, bu qəbul edilən sənədlər Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə legitimliyi üçün siyasi və hüquqi cəhətdən bir əsas yaratmış oldu. 2020-ci ildə 2-ci Qarabağ savaşı bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları 3 tərəfli bəyanatda kapitulyasiya aktına imza atdığı vaxtda Ermənistan üzərinə bir neçə maddədən ibarət öhdəlik götürüb.

Anlaşmanın 9-cu maddəsi:

Naxçıvan ilə Azərbaycan arasında quru nəqliyyat yollarının açılması nəzərdə tutulur. Bu maddədə xüsusilə vurğulanır ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri açılmalıdır.
Ermənistan Respublikasının üzərinə götürdüyü öhdəliklər:

1.İnsanların, avtomobillərin, malların hər iki yöndə problemsiz hərəkətini təmin etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan MR arasında nəqliyyat bağlantılarının təhlükəsizliyini qaranti etməlidir.

2.Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını, Azərbaycanın qərb bölgələrinə bağlayan yeni nəqliyyat əlaqələrinin inşası nəzərdə tutulur.

Zəngəzur dəhlizi reallaşarsa Azərbaycan üçün müsbət nəticələri:

  1. Ölkəmizin maddi cəhətdən büdcəsinə daxilolmalar artacaq.

2. Azərbaycanla Naxçıvan arasında insanların rahat-gediş gəlişi, malların alış-verişi üçün məsələlər asan yolla həll olunacaq.

3. Azərbaycan torpaqlarını birləşdirmiş olacaq.

4. Azərbaycan öz enerji qaynaqlarını və xüsusilədə Orta Asiyadakı, Xəzər bölgəsindəki digər ölkələrin enerji resurslarının Qərbə daşınmasında vacib rol oynuyan bir dövlətə çevriləcək.

Ölkəmizə dəstək verən strateji partnyorumuz və strateji müttəfiqimiz Türkiyə Respublikası üçün müsbət nəticələri:

  1. Türkiyə bu dəhliz vasitəsilə həm Azərbaycana, həm də Orta Asiyadakı Türk Respublikalarına daha asan istiqamət üzrə iqtisadi əlaqələri üst səviyyəyə qaldıraraq məsələləri realizə etmiş olacaq. oldu.
  2. Zəngəzur dəhlizi reallaşandan sonra Naxçıvan-Qars dəmiryolu xəttinin inşası nəzərdə tutulur. Bu xüsusilə də Şuşa Bəyənnaməsində qeyd olunmuş cümlədir.
  3. Zəngəzur dəhlizi reallaşarsa bundan rahatsız olacaq dövlət İran İslam Respublikasıdır. Zəngəzur dəhlizinin açılması ilə İran-Ermənistan sərhəddinin aradan qalxacağını iddia edən rəsmi Tehran, həm də dəhlizin açlması ilə İranın Avropa ilə bağlantısının doğrudan kəsiləcəyi və bununla İranı Avropaya bağlayacaq ən güvənli yol olan Qafqazı itirəcəyi və Avropaya çıxması üçün Türkiyə və Rusiyadan icazə almaq məcburiyyətində qalacağı irəli sürülür. Bu dəhlizin Rusiya Federasiyasının güc strukturları tərəfindən təhlükəsizliyin qorunması və bu güclərin İran sərhədinə yerləşəcəyi də iranlı yetkililər tərəfindən qabardılan məsələlərdən biridir. Əgər Zəngəzur dəhlizi açılarsa İranın Azərbaycanı Naxçıvana bağlıyacaq tranzit ölkə olma özəlliyini itirəcəyi və bu vəziyyətin İranın önəmli coğrafi və geopolitik avantajlardan məhrum olacağı fikirlər arasındadı. Bu dəhlizin reallaşması fonunda İrana ehtiyac qalmadan Bakı ilə Naxçıvanı birbirinə bağlamaq mümkün olacağı kimi, türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasının da önü açılacaq. İranın Qafqazdan çıxarılacağı və bununla yanaşı İranın Bir Kəmər Bir Yol ilə Çindən Avropaya və Asiyaya gedən yollardan çıxarılmasına gətirib çıxarılacaq düşüncələri marginal yanaşmadan başqa bir şey deyil.
    Eyni şəkildə şimal qonşumuz tərəfindən təhlükəsizliyin təmin edilməsi bu projenin NATO projesi olaraq göstərilməsi rəsmi Tehranın arqumentlərinin gerçeklərə dayanmayan propaqandadan ibarət olduğu bir həqiqətdi.

Ötən ilin aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər edərkən Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Həmin müsahibədə toxunulan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər idi. Prezident demişdir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik... Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizi ideyasının özəl tarixi vardır. Belə ki, ötən əsrin yetmişinci illərində türk dünyasının düşmənələrindən biri olan, millətçi Z.Balayan özünün “Ocaq” adlandırdığı bədnam cızmaqarasında, Zəngəzurun alınmasını zəruru sayıb və buradan keçən yolu “Turan yolu” adlandırıb. Eyni zamanda, son zamanlar Ermənistan mediası yazır ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan və Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandırıldı. Lakin Azərbaycan məqsədinə indi çatdı”. Ermənilərin bu fikri təsadüfi söylənilən məsələ deyil, çünki Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə bərabər, həm də ata vəsiyyətini yerinə yetirir.

Beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar həcmində olacaq. Bu məbləğin çox olması daşınan yüklərin də həcminin artacağından xəbər verir. Yükdaşımalarının 10 faizi Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilərsə, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəlir əldə etmək imkanına malik olacaq. Dəhlizin genişləndirilməsi və Orta Asiya respublikalarından başqa Çinin və Asiyanın digər ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Zəngəzur dəhlizindən qurularsa, gəlirin həcmi 5 milyard dollara qədər arta bilər.

Zəngəzur dəhlizi gələcəkdə Orta Dəhlizin ən mühüm halqalarından birinə çevriləcək. Orta Dəhliz geniş anlamda Asiya və Avropa qitələrini birləşdirir. Çin, Mərkəzi Asiya ölkələri, Xəzər Dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək iki qitəni birləşdirən marşrut funksiyasını yerinə yetirir. Çin və Avropa Birliyi arasındakı illik yüz milyardlarla dollarlıq ticarət həcminin, 200 milyon tondan çox yükdaşımanın bir hissəsi də Orta Dəhliz vasitəsi ilə həyata keçirilir (Mənbə:Caspiannews.com). Hazırda Orta Dəhliz üzrə hərəkət edən qatarlar Çindən Avropaya 10-12 günə çatır (Mənbə:Azərbaycan Dəmir Yolları). Müqayisə üçün Şimal Dəhlizində yükdaşımalar üçün əlavə bir neçə gün tələb olunur. Belə ki,2020-2021-ci illərdə Orta Dəhlizlə ümumi yükdaşıma həcmi 350-530 min ton arasında dəyişmişdir. 2022-ci ildə isə bu göstərici 3.2 milyon tona qədər artmışdır (Mənbə:Foreign Policy Research İnstitute).

Alı Balayev,

tarix üzrə fəlsəfə doktoru, dosent

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı layihəsi çərçivəsində çap olunur.