Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Hadisə

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

16.47

Mingəçevirdə iki kater toqquşub.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.