EPOSDAN ROMANA DOĞRU Mədəniyyət

EPOSDAN ROMANA DOĞRU

("Qarlı aşırım"da epos ənənələri)

2-ci yazı

"Dəli Domrul boyu"nda ölüm məqamında qəhrəmanın öz atının taleyi ilə bağlı qərarı bir qədər fərqli məzmunda təzahür edir. Dəli Domrul arvadına vəsiyyətində deyir: "Tavla-tavla şahbaz atlarım sana binət olsun!" Lakin Dəli Domrulun arvadı öz taleyini əri ilə tərəddüdsüz paylaşmağa razı olsa da, onun əvəzində ölməyə heç bir tərəddüd göstərməsə də, ərinin atının (atlarının) taleyini öz taleyi ilə paylaşmaq fikrində deyil. Dəli Domrulun qadını "Tavla-tavla şahbaz atun binər olsam, mənim tabutum olsun!" – deyir. Dəli Domrulun qadınının bu andı heç də tədqiqatlarda yozulduğu kimi, "yasaq olunmuş vaxtda atı minmək günahdır" anlamına gəlmir. Qadının öz ərinin, başqa sözlə, qəhrəmanın atını minməkdən imtinası onun bilavasitə igidlik qanunlarına əməl etməsi ilə bağlıdır. Eposun bu boyu da ölümündən sonra da atının taleyini paylaşmaq hüququnu qəhrəmanın özündə saxlayır. Dəli Domrul bu hüququ könüllü olaraq öz arvadına verirsə də, bilavasitə mövcud cəmiyyət qanunlarından çıxış edərək qadın bu hüququ qəbul etmir və onu sahibinə qaytarır. Dəli Domrulun qadınının ölümlə üz-üzə olan ərinin atını minməkdən imtinası, atın taleyini paylaşmaq hüququnu ərinə qaytarması həm də türk tanrıçılığındakı ölüb-dirilmə aktının işləkliyini işarələyir. Geniş götürəndə, hər üç boyda qəhrəmanın ölüm məqamında at-qəhrəman münasibətləri ölüb-dirilmə mərasiminin izlərini özündə saxlayır, lakin epos qanunlarına tabe tutularaq qəhrəmanla atının öz talelərini paylaşması şəklində təzahür edir.
Lakin bu "paylaşma" başqa bir variantda heç də bəzi qorqudşünasların səsləndirdiyi kimi "qəhrəman yaralananda atın quyruğunu kəsirlər" şəklində təzahür etmir. Söhbət "Beyrəyin öldürüldüyü boy"da "ağ-boz atumın quyruğını kəsin!" deməsindən gedir. Epos düşüncəsində qəhrəmanın atı onun özü ilə eyni taleyi yaşayır. Qəhrəmanın bütün yaşantıları – sevinci və ağrıları atın da taleyindən keçir. Eposda "öz adları ilə tanınan canlı personaj" (F.Zeynalov, S.Əlizadə) rolunda çıxış edən at sədaqətli və fədakardır. Beyrək on altı illik dustaq həyatı yaşayanda onun atı dustaqxana ətrafında dolaşıb, onun keşiyini çəkir. Bir növ, onunla birlikdə dustaq həyatı yaşayır. Bu sədaqətinə görə Beyrək atını tərifləyəndə onu "başıma iş gələndə yoldaş deyərəm, yoldaşımdan artıq" sözləri ilə də öyür və bu məqamda artıq qəhrəman və atı öz talelərini paylaşırlar. Məhz bu anda Boz ayğır öz sahibi ilə birlikdə yaşamaq və öz sahibi ilə birlikdə ölmək statusu qazanır. Bu statusu Beyrək ona "atın köksünü qucaqlayıb", "iki gözündən öpəndə" verir. Bu status hüquqi qüvvəsini Beyrəyin vəsiyyətində alır. Bu "vəsiyyət"də iki məqam diqqəti xüsusilə cəlb edir: birincisi, Beyrəyin "ağ-boz atımın quyruğını kəsin", ikincisi "Ağca yüzlü görklümi oğluna alı versün" – deməsi. Aşkar görünür ki, Beyrək öz ölümündən sonra sevdiyi qızın Qazan xanın oğluna getməsini arzulayır və əslində, bununla ona yeni həyat – yaşamaq hüququ verir. Beyrəyin atına münasibətində isə hadisələr tamam başqa bir istiqamətdə cərəyan edir. Ata münasibət burada əski türk inancından gəlir, ancaq onun icrası cəngavərlik qanununa tabe tutulur. Eposda baş verənlər Oğuz cəmiyyətində qüvvədə olan "namus məcəlləsi"nə tabe tutulur. Əski türk inancındakı ölümün motivi ilə və hətta yuxarıda haqqında danışdığımız üç boyda qəhrəmanların ölüm motivi ilə Beyrəyin ölüm motivinin fərqliliyi haqqında düşünmək lazım gəlir. Əski inancda və haqqında danışdığımız üç boyda ayin qəhrəmanın hansı səbəbdən ölməsindən asılı olmayaraq yerinə yetirilir. Burada ölümün motivi maraqlı deyil. Fikrimizcə, Beyrəyin "ağ-boz atumın quyruğını kəsin" deməsi onun ölümünün motivini işarələməyə xidmət edir. Bu, mahiyyətcə, xəyanətə uğramış qəhrəmanın atının da onunla birlikdə ölməsi imkanını reallaşdırır. Quyruğu kəsilən və öz igidinin meyitini üstündə daşıyan at yaşaya bilməz və yaşamaz. Bu zaman atın funksiyası dəyişir. At igidin tabutu missiyasını yerinə yetirir. Beyrək and içəndə deyir:

Qaraqucda Qazlıq atına coq yılmışəm,
Bilməzsəm, mana tabut olsun!

Beyrəyin dilindən səslənən bu and qorqudşünaslıqda yəhər-tabut (T.Hacıyev), at=tabut (Ə.Tanrıverdi) modelləri ilə bağlı düşüncələrə əsas verir. Eposda cərəyan edən hadisələrin mahiyyətinə varsaq, düşünmək olar ki, at=tabut modeli reallığı daha dəqiq ifadə edir. "At=tabut" modeli müasir düşüncə tərzinə uyğun deyil"sə (Ə.Tanrıverdi) də türkün cəngavərlik tarixi üçün tamamilə uyğun və məntiqidir. Çünki türkün cəngavərlik tarixində at tabut funksiyası daşımamışdan öncə həyat funksiyasını yerinə yetirir. Türkün yəhər üstündə keçən həyatı onun bütün varlığını ata bağlayır. Nə qədər ki, qəhrəman yaşayır, at=həyat modeli qüvvədədir. Qəhrəmanın ölümü ilə birlikdə atının həyatının da sona varması (o mənada ki, sahibinə sədaqətli at sahibi olmadan həyatı yox, ölümü seçəcək) nəticə etibarı ilə at=tabut modelinə reallıq gücü qazandırır.
"At və qəhrəmanının vəhdətdə olduğunu arqumentləşdirən" (Ə.Tanrıverdi) bu model çağdaş roman düşüncəsində epik təfsilatı ilə öz yerini alır və eposdakı at-qəhrəman münasibətlərinin davamı kimi səslənir ("Roman eposdan gəlməlidir" məntiqi bizim qarşımıza başqa bir məntiq də çıxarır: eposa romandan gəlmək. Çünki roman təfəkkürünün daxili mahiyyətinə hopan epos düşüncəsi müəllifə eposda bizim görmədiklərimizi görmək və onu bədii təsvir arsenalına daxil etmək imkanı verir. Buradan belə bir nəticə çıxır ki, biz epos təfəkkürü ilə düşünə bilən romançının ardınca düşüb getsək, eposda təfsilatına varılmayan hadisələrin romandakı taleyini izləyə bilərik). "Qarlı aşırım" romanında Abbasqulu bəyin ölümü milli varlığın inqilab tərəfində dayanan nümayəndələrini də – Şabanzadə, Şıxəlioğlu, Alı Əliyev, Əli Tağızadə və başqalarını, eyni zamanda, Kərbəlayını və onun ətrafındakı adamları da ürəkdən yandırır və onlar "ölümsüzlüyü"nə inandıqları bu igidin ölümünə göz yaşı tökürlər.
Məhz bu məqam Abbasqulu bəyin ölümünü Beyrəyin ölümü ilə müqayisə müstəvisində dərk etməyə ciddi əsas verir. Lakin dastanda igidin hətta ölüm ayağında atına münasibəti önə çəkildiyi halda, atın öz sahibinə münasibətindən söz açılmır. Bu, birmənalı həqiqətdir ki, eposla romanı hər ikisində atın xüsusi statusda iştirakı da bir araya gətirir. Məlumdur ki, dastanda Qazan xanın Qonur atından, Beyrəyin Boz ayğırından, həmçinin ayrı-ayrı qəhrəmanlara məxsus Qazlıq at, Boz at, Al ayğır və b. atlardan söhbət gedir və onların hər birinin qəhrəmanın taleyində oynadığı rola diqqət yetirilir. Tədqiqatlarda qeyd edildiyi kimi, "atın hünəri xüsusi olaraq vurğulanır: "Yoq, at işləməsə, ər ögünməz, hünər atındır" deyilir.
Yeri gəlmişkən, qeyd edək ki, eposdakı at-qəhrəman münasibətlərinin qorqudşünaslıqda yeni yozumları da meydana çıxıb. Tədqiqatlarda "Oğuz cəmiyyətində at oğuldan, qardaşdan, yoldaşdan üstün tutulduğu kimi, qəhrəmandan da üstün tutulur" və yaxud "atın igidin uğurlarında aparıcı mövqedə olması, atın igiddən üstün tutulması "Dədə Qorqud" eposunda yeni xətt kimi ortaya çıxır" tezislərində polemika üçün kifayət qədər yer var. Hər iki tədqiqatçı tezislərinin doğruluğunu sübut etmək üçün "Bəkil oğlu Əmranın boyu"nda cərəyan edən hadisələrə daha çox istinad edirlər. Hətta prof. K.Əliyev hesab edir ki, "folklorşünaslıq tarixində at obrazına yardımçı qüvvə kimi yanaşmaq tendensiyasına təzədən baxmaq, mövcud və sabit¬ləşmiş müddəalar üzərində təshihlər aparmaq ehtiyacını da ortaya qoyur" prof. K.Əliyev "hünərin igidə deyil, ata verilməsi"nin qəhrəmanlıq ənənəsinə zidd olduğunu qəbul etsə də, "Kitab"ın mətninə istinadla hünərin atda olmasını təsdiqləyən, sübut edən faktlar təqdim etməyə çalışır. Əks tezisin sübutu mənasında Basatın Təpəgözü öldürdüyü boydan, "Salur Qazanın evinin yağmalandığı boy"dan, "Qanlı Qoca oğlu Qanturalı boyu"ndan istənilən qədər fakta diqqət çəkmək olar ki, qəhrəmanın atsız da qəhrəman olduğunu əsaslı şəkildə arqumentləşdirsin. Bu zaman söhbət ondan gedir ki, epos qəhrəmanları heç də hər vaxt, hər situasiyada öz igidliklərini at belində sübut etmirlər. Ümumən epos qəhrəmanları öz düşmənləri ilə at üstündə döyüşməklə bərabər (bunu mübarizənin birinci mərhələsi də hesab etmək olar), atsız da qarşılaşırlar (bu mərhələ daha çox əks tərəflərin güləşməsi şəklində reallaşır) və öz qəhrəman statuslarını ya qazanırlar, ya da yenidən təsdiq edirlər. "Dirsə xan oğlu Buğacın boyu"nda Dirsə xan oğlu öz adını və qəhrəmanlıq statusunu atsız qazanır. Basat Təpəgözü üzbəüz açıq, lakin atsız döyüşdə məhv edir. Qanturalı qəhrəmanlıq statusunu aslan, buğa və buğra ilə qarşılaşmada qazanır. Eposda igidin öz qəhrəmanlıq statusunu qazanmasında atın, ümumiyyətlə, istirak etmədiyi məqamlara dair başqa faktlar da gətirmək olar ki, bu faktlar birmənalı şəkildə qəhrəmanlığın məhz igidə məxsus olduğuna heç bir şübhə yeri qoymur. Bununla belə, qorqudşünasların fikrincə, "atın qəhrəmandan üstün tutulması"nı birmənalı şəkildə işarələyən "Bəkil oğlu Əmranın boyı"nda məsələnin mahiyyətinə bir qədər təfsilatlı diqqət yetirək. Professor K.Əliyev "Bəkil oğlu Əmranın boyı"nda cərəyan edən hadisələrin Qazan xanın "Yoq at işləməsə, ər ögünməz. Hünər atındır" fikrini təsdiq etməsi qənaətinə gəlir və yazır: "Amma boyda təsvir edilən sonrakı hadisələr Bəkilin deyil, Qazan xanın lehinədir".
Tədqiqatçıya görə, hətta "nəhayət, Bəkilə də tam aydın olur ki, hünər atın imiş". Yenə də tədqiqatçıya görə, "əslində hünərin atda olmasını Oğuz elinin düşmənləri də çox yaxşı bilirdilər". Amma boyun mətninin diqqətli mütaliəsi bizi belə bir qənaətə gətirir ki, "Bəkil oğlu Əmranın boyı" heç də eposda atın qəhrəmandan üstün tutulması tezisini arqumentləşdirmir. Əksinə, boyda süjetin bütövlükdə inkişafı və məntiqi "hünər qəhrəmanındır" tezisini əsaslandırır.
Birincisi, Bəkilin atı boyda "qəhrəmanın yardımçısı" statusunda çıxış edir: "Al ayğır qaçan kim yağı qoxusunu alsa, ayağını yerə dögərdi, tozı gögə çıqardı". Atın düşmənin gəlişindən qəhrəmanı xəbərdar etməsi epos düşüncəsində birmənalı şəkildə ata verilən "qəhrəmanın yardımçısı" statusunun gerçəkləşməsidir. Lakin Al ayğır bu "rol"da da xüsusi bir fövqəladəlik nümayiş etdirmir. Hətta müəyyən məqamda qəhrəmanı pis vəziyyətə salır. Ov zamanı yorulması, bunun nəticəsi olaraq sürüşərək büdrəməsi nəticə etibarı ilə qəhrəmanı çətin bir vəziyyətə salır, qəhrəmanın ayağı sınır. Boyda cərəyan edən hadisələrin alt qatından belə bir fikir keçir ki, düşmən məhz Bəkilin igidliyindən, cəngavərliyindən qorxub Oğuz sərhəddinə yaxın düşmür. Bəkilin ayağının sındığını cidd-cəhdlə gizlətmək istəməsi xəbərin kafər elinə yetişməməsi üçündür. Bəkilin yenilməz qəhrəman olduğu, hər cür düşməni yenmək qüdrəti arvadının dili ilə xüsusi şəkildə təsdiqlənir.

Təyyar Salamoğlu
filologiya üzrə elmlər doktoru, professor