“Nuri-didə Ceyhun” Mədəniyyət

“Nuri-didə Ceyhun”

Mayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə nümayiş etdiriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir.
Rejissor Mehriban Ələkbərzadə yeni tamaşa haqqında fikirlərini bölüşüb: "Pyesin müəllifi Əli Əmirlinin musiqili yuxu-kollaj janrında ikihissəli "Nuri-didə Ceyhun" əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq məqsədilə Paris konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub. Doğrudur, əsər Ceyhun Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edir, amma burada Ceyhun Hacıbəyli ümumilikdə vətənsizlik yaşayan mühacirlərimizin - bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazıdır. Fransada Vətən həsrətli yuxularla təskinlik tapan Ceyhun Hacıbəyli bütün təkidlərə rəğmən, qürbətdə qalmağı seçir. Məşəqqət dolu həyatında bir-birinin ardınca aldığı itkilər onu psixoloji cəhətdən sarsıtsa da, ömrünün sonuna qədər mühacir həyatı sürür. Bütövlükdə bu ziyalı soydaşımızın ictimai-siyasi və şəxsi həyatını özündə ehtiva edən əsərdə Ceyhunun vətənsizliyi ön planda göstərilir. Keçirdiyi bütün sarsıntılara baxmayaraq Ceyhun inamla sabaha doğru addımlayır və əsər də gələcəyə doğru addımlarla yekunlaşır".
Tamaşanın ideya müəllifi Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov və başqaları ifa edəcək. Səhnə əsərində Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq. Quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayevdir. Səhnə əsərində rəsmlərin quruluşu Vüsal Rəhimova, baletmeyster işi isə Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.